
- A-
- A
- A+
Yüksək SPF-li kremlərdən istifadə edənlər, diqqətli olun! - D vitamini azalır
Avstraliyalı alimlər yüksək qoruyuculuğa malik SPF 50+ günəş kremlərinin müntəzəm istifadəsinin qanda D vitamini səviyyəsini azalda və onun çatışmazlığı riskini artıra biləcəyini müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “British Journal of Dermatology” jurnalında dərc olunub.
Tədqiqatda 40-64 yaş aralığında olan 639 nəfər iştirak edib. Onlar əvvəllər günəşdən qoruyucu kremlərdən istifadə etməyib və D vitamini qəbul etməyiblər.
İştirakçılar iki qrupa bölünüb. Birinci qrup ultrabənövşəyi şüalanma indeksinin yüksək olduğu günlərdə müntəzəm olaraq SPF 50+ kremdən istifadə edib. İkinci qrup isə günəşdən qoruyucu vasitələri öz istəklərinə uyğun tətbiq edib.
Bir il sonra aparılan qan analizləri nəticəsində birinci qrupun 46 faizində D vitamini çatışmazlığı aşkarlanıb. Nəzarət qrupunda isə bu göstərici 37 faiz təşkil edib.
Tədqiqatçılar bildiriblər ki, yüksək SPF-li kremlərin davamlı istifadəsi orqanizmdə sağlamlıq üçün vacib olan 25(OH)D maddəsinin konsentrasiyasını azalda bilər.
Bununla belə, alimlər günəşdən qoruyucu vasitələrdən imtina etməyi tövsiyə etmirlər. Onların sözlərinə görə, bu kremlər dəri xərçənginin qarşısının alınmasında mühüm rol oynayır. Yüksək SPF-li vasitələrdən müntəzəm istifadə edən bəzi insanlara D vitamininin normal səviyyəsini qorumaq üçün əlavə preparat qəbulu lazım gələ bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































