
- A-
- A
- A+
Maşın bazarında durğunluq – Hansı avtomobillərə alıcı tapılmır?
Hazırda daxili avtomobil bazarında durğunluq müşahidə olunur. Bunu bəzi ekspertlər təklifin tələbi üstələməsi, o cümlədən iqtisadi aktivliyin azalması ilə izah edirlər.
Bəs hansı avtomobillərə hazırda maraq daha azdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan AQC İdarə Heyətinin sədri, Milli Qiymətləndirmə Standartlarının hazırlanması üzrə 54 saylı Texniki Komitənin rəhbəri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, alıcıların seçim meyarları dəyişir:
“Bazarda müşahidə olunan dəyişikliklər həm alıcılıq qabiliyyəti, həm də avtomobil seçimində iqtisadi amillərin ön plana keçməsi ilə bağlıdır.
Böyük mühərrikli benzin avtomobillərinin saxlanma xərcləri yüksək olduğundan, xüsusilə gündəlik şəhər istifadəsi üçün bu modellərə maraq əvvəlki səviyyədə deyil. Yanacaq sərfiyyatı, texniki xidmət və ehtiyat hissələrinin qiyməti alıcıların qərarına birbaşa təsir göstərir. Bu səbəbdən belə avtomobillərin satış müddəti uzana və qiymət danışıqlarında endirim tələbləri arta bilir.
15 ildən artıq istismar müddəti olan avtomobillərə də tələbat azalıb. Bu avtomobillərin texniki vəziyyətinin qiymətləndirilməsi, gözlənilən təmir xərcləri və gələcəkdə təkrar satış imkanları alıcılar üçün müəyyən risklər yaradır. Xüsusilə avtomobili sonradan satmağı nəzərdə tutan şəxslər onun likvidliyinə daha çox diqqət yetirirlər”.
“Güclü rəqabət avtomobilsevərlərin seçim imkanını artırıb”
AQC sədri Çin istehsalı avtomobillərin daxili bazarda mövqelərinin güclənməsinin də ənənəvi markalar arasında rəqabəti artırdığını qeyd edib:
“Münasib qiymət, zəngin komplektasiya və müasir texnologiyalarla təchiz olunmuş Çin avtomobilləri eyni qiymət seqmentindəki bəzi Avropa, Yaponiya və Koreya modelləri üçün ciddi rəqabət yaradır. Bununla belə, avtomobilin uzunmüddətli etibarlılığı, servis imkanları, ehtiyat hissələrinin əlçatanlığı və ikinci əl bazarındakı dəyəri onun real rəqabət qabiliyyətini müəyyən edən əsas amillər olaraq qalır.
Hibrid və elektrik avtomobillərinə münasibətdə də müəyyən dəyişikliklər var. Bu avtomobillərin seçilməsində batareyanın texniki vəziyyəti, təmir imkanları, servis infrastrukturu və ehtiyat hissələrinin qiyməti mühüm rol oynayır. Xüsusilə plug-in hibrid və bəzi elektrik modellərində bu amillər avtomobilin sonrakı satış dəyərinə də təsir edir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal edilən adi hibrid avtomobillərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə azalaraq 5 174 ədəd təşkil edib. Plug-in hibridlərin idxalı 63,5 faiz, tam elektrik avtomobillərinin idxalı isə 56,4 faiz azalıb.
Bununla belə, bu göstəriciləri birbaşa istehlakçı marağının azalması kimi qiymətləndirmək düzgün olmazdı. Çünki 2026-cı il yanvarın 1-dən hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin başa çatması və gömrük xərclərindəki dəyişikliklər də idxal həcminə təsir göstərib”.
Vüqar Orucun fikrincə, daxili avtomobil bazarında əsas dəyişiklik istehlakçıların daha rasional seçim etməyə başlamasıdır:
“Alıcılar üçün avtomobilin alış qiyməti ilə yanaşı, onun saxlanma xərci, texniki etibarlılığı və gələcəkdə hansı qiymətə satıla biləcəyi də mühüm göstəriciyə çevrilib. Bu baxımdan qənaətcil, servis təminatı olan və təkrar satış bazarında mövqeyini qoruyan avtomobillərin üstünlüyünü saxlaması gözlənilir”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































