Antibiotiklərlə bağlı HƏYƏCAN TƏBİLİ – Bu hallarda istifadə ETMƏYİN!

Antibiotiklərlə bağlı HƏYƏCAN TƏBİLİ – Bu hallarda istifadə ETMƏYİN!

Hazırda oxunan: Antibiotiklərlə bağlı HƏYƏCAN TƏBİLİ – Bu hallarda istifadə ETMƏYİN!

617209

Boğaz ağrısı, yüngül qızdırma və ya soyuqdəymə əlamətləri hiss edən kimi antibiotik qəbul edənlərin sayı az deyil. Lakin bu dərmanların düzgün istifadə edilməməsi yeni problemlərin ortaya çıxmasına səbəb ola bilər. Antibiotiklərə davamlı bakteriyaların yaranması ilə bağlı narahatlıqlar da məhz bu məqamdan qaynaqlanır.

Bəs antibiotiklərə davamlılıq nədir və bu təhlükə nə dərəcədə realdır?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə ekspert Rasif Bağırov bildirir ki, bəzən orqanizmdə bu preparatlara qarşı uyğunlaşma yaranır və dözümlülük arta bilir:

“Antibiotiklərə davamlılıq həmişə mövcud olub və bu problem antibiotiklərin yarandığı ilk gündən bəri davam edir. Ona görə də alimlər antibiotiklərə qarşı yaranan davamlılığı aradan qaldıra biləcək yeni növ preparatlar hazırlamağa çalışırlar ki, xəstələrdə antibakterial müalicənin effektini yüksəltsinlər.

Əslində, davamlılıq məsələsi bir neçə faktordan asılıdır. Məsələn, antibiotiklər vaxtında qəbul edilmədikdə və ya vurulmadıqda, həmin preparata qarşı müəyyən dözümlülük meydana çıxa bilər. Bu səbəbdən də antibiotiklərin həmişə eyni vaxtda qəbul olunması və ya vurulması tələb olunur; onlar nə vaxtından tez, nə də gec istifadə edilməlidir. Dərman vaxtından gec qəbul olunduqda orqanizmlərdə uyğunlaşma yaranır, nəticədə davamlılıq artır və preparatın effekti zəifləyir.
 

Bundan əlavə, alimlər daim mikrobların fəaliyyətini öyrənirlər. Mikroblarda davamlılıq müxtəlif mexanizmlərlə formalaşır. Onlar özlərini müdafiə etmək üçün beta-laktamaz adlanan xüsusi bir maddə ifraz edirlər. Bu maddə antibiotikləri zərərsizləşdirir.


Alimlər müəyyən ediblər ki, bəzi antibiotiklərə qarşı davamlılıq məhz bununla əlaqədardır. Ona görə də həmin antibiotiklərə mikrobların ifraz etdiyi beta-laktamazı zərərsizləşdirən və onların məhv olunmasını təmin edən xüsusi maddələr əlavə edilir.

Bundan başqa fərdi həssaslıq məsələsi də var.

Bəzi insanlarda antibiotiklərlə bağlı fərdi həssaslıq müşahidə olunduğu halda, digərlərində zamanla davamlılıq inkişaf edir.

Lakin ən böyük problemlərdən biri antibiotiklərin apteklərdən sərbəst şəkildə alınaraq həkim nəzarəti olmadan istifadə edilməsidir. Məsələ ondadır ki, bunun qarşısını almaq bəzən çətin olur, çünki bir çox hallarda antibiotiklər həkim təyinatı olmadan da əldə edilir. İnsan dərmanı aptekdən alıb özbaşına istifadə edir, düzgün tətbiq edilmədikdə isə nəticədə davamlılıq meydana çıxır. Yəni antibiotiklərə davamlılığı artıran bir çox səbəblər var və sadaladığım amillər də onlardan əsaslarıdır.

Bu, təkcə antibiotiklərə aid deyil; bəzi başqa dərmanlar da var ki, onlara qarşı da davamlılıq yaranır. Belə hallarda effektivliyini itirmiş preparatlar tədricən istifadədən çıxarılır, onların yerinə daha təsirli, yeni maddələr və dərmanlar tətbiq olunur. Həkimlər də sonradan müalicə prosesində məhz həmin yeni preparatlardan istifadə etməyə başlayırlar”.

Bəs bu halların profilaktikası mümkündürmü? 

R. Bağırov qeyd edib ki, hazırda antibiotiklərə davamlılığın qarşısını almaq və ya onu aradan qaldırmaq üçün alimlər yeni üsullar üzərində çalışırlar.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO