Bakı ətrafında fərdi ev tikintisinin ən sürətlə yayıldığı istiqamətlərdən biri, hətta birincisi Qobu-Hökməli-Lökbatan ərazisidir. İstər sosial müstəvidə, istərsə də real olaraq rieltorların yönəltdiyi bu ərazi həm tikintisinə, həm də əlverişli planlamasına görə böyük tələbat görür. Diqqət çəkən məqam isə budur ki, həm evə, həm də torpağa çıxarışı olan (“paket kupça”) evlər Abşeronun digər ərazilərdən 10-15 min manat, bəzən daha ucuz təklif olunur.
Üstəlik bu evlər təmirli, bəzən isə hamam-sanitar ləvazimatları və mətbəx mebeli ilə birlikdə satılır. Bütün bunları hesaba alanda evin mayası vətəndaşa 15-20 minə düşür. Ona görə də yeni evlənənlər, ailəsini böyüdənlər, regionlardan paytaxta üz tutanlar üçün sözügedən ərazi göydəndüşmə təklifdir.
MÖVZU İLƏ BAĞLI:
10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb – RƏSMİ
Ucuzluq riskdir, yoxsa fürsət?
Lakin ərazidə evlərin ucuz olması sağlam məntiqdə ilk andaca problem ehtimalını yaradır. Öncə üstünlüklərdən bəhs edək:
Ərazinin əsas üstünlüklərindən biri relyefidir. Hündür sahələrdə yerləşən evlər üçün yarımadanın ən böyük problemi olan subasma riski daha azdır. Üstəlik, Qobu-Hökməli-Lökbatan istiqamətində əsas avtomobil yolları artıq yenidən qurulub: Qobu-Hökməli yolunun 11,5 kilometrlik hissəsi, Lökbatan-Qobu yolunun isə 7 kilometrdən çox hissəsi yenilənib. Daha əhəmiyyətlisi, 2026-2035-ci illər Dövlət Proqramında Bakı və Abşeron üçün böyük kanalizasiya layihələri nəzərdə tutulur. Lökbatan hövzəsi üzrə də yeni kollektor və təmizləyici qurğunun yaradılması planlaşdırılır.
Bəs onda niyə bu evlər demək olar ki havayı verilir?
Əmlak üzrə ekspert Rövşən Cəbiyev Bizim.Media-ya açıqlamasına görə, qiymət fərqinə səbəb ərazidə ən kiçik problemdən ən böyüyünə qədər ehtimallar ola bilər.
“Qobu və Hökməlidə torpaq hələ ki ucuz olduğundan xalq arasında “makler evləri” deyilən eyni tip fərdi evlərin kütləvi tikintisi həyata keçirilir. Rəqabət qiyməti aşağı salır. Alıcının seçimi çox olduğu üçün maklerlər 5-10 min manat qiymət endirməyə məcbur qalır. Amma o da var ki, burdan ev alan onu sonra çətinliklə satır”.
Digər əsas səbəblərdən biri kimi mütəxəssis geoloji amilləri görür. Onun sözlərinə görə, hündürlük subasma problemini azaltsa da, başqa geoloji risk ola bilər. Belə ki, Hökməli-Qobu tərəfin relyefi bəzi sahələrdə yamaclıdır. Daha maraqlısı isə budur ki, Qobu-Hökməli-Lökbatan zonasının özündə palçıq vulkan mövcuddur. Ekologiya Nazirliyinin məlumatında Abşeron yarımadasındakı aktiv palçıq vulkanlarından Bozdağ-Hökməli və Lökbatan ayrıca qeyd edilir.
Əlbəttə bu o demək deyil ki, evlərin altından palçıq vulkanı “pıqqıldayacaq”, anna istənilən halda ev alarkən ərazi, torpağın stabilliyi ciddi yoxlanılmalıdır.
Şəfiqə Şəfa, Bizim.Media


































































































