“Niyə oxuyursan, onsuz da ərə gedəcəksən” – Müəllimlərin qızlara dediyi bu fikir QALMAQAL yaratdı

“Niyə oxuyursan, onsuz da ərə gedəcəksən” – Müəllimlərin qızlara dediyi bu fikir QALMAQAL yaratdı

Hazırda oxunan: “Niyə oxuyursan, onsuz da ərə gedəcəksən” – Müəllimlərin qızlara dediyi bu fikir QALMAQAL yaratdı

639220

Milli Məclisin komitə iclasında deputat Hicran Hüseynova müəllimlərin bəzi hallarda qızları ərə getməyə sövq etdiyini bildirərək onların “Niyə oxuyursunuz, onsuz da ərə gedəcəksiniz” dediklərini qeyd edib.

Bəs müəllimin bu cür yanaşması qızların özünəinamına, təhsil seçiminə və karyera planlarına necə təsir edə bilər?

“Onsuz da ərə gedəcəksən” – Təhlükəli stereotip

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, müəllimin tələbəyə dediyi sözlər, xüsusilə də onun gələcəyi ilə bağlı fikirlər, düşündüyümüzdən daha çox təsir göstərə bilər.

Onun sözlərinə görə, müəllim yalnız müəyyən fənni tədris edən şəxs deyil, eyni zamanda tələbənin özünü necə qiymətləndirməsinə və gələcəyi ilə bağlı düşüncələrinə təsir edən insanlardan biridir:

"Əgər qıza “Niyə oxuyursan, onsuz da ərə gedəcəksən?” deyilsə, burada təkcə bir cümlədən söhbət getmir. Bu cür yanaşma qızda təhsilinin və gələcək karyerasının o qədər də vacib olmadığı fikrini yarada bilər. Xüsusilə özünəinamı hələ tam formalaşmayan gənc belə sözləri zamanla özünə qarşı bir inama çevirə bilər: “Bəlkə də həqiqətən mənim oxumağımın və karyera qurmağımın o qədər də əhəmiyyəti yoxdur”.

Bir cümlə gəncin gələcək seçimlərinə necə təsir edir?

Nizami Orucov bildirib ki, bu isə onun təhsilə olan motivasiyasına təsir edə bilər. Tələbə qarşısına qoyduğu məqsədlərə əvvəlki qədər ciddi yanaşmaya, təhsil və karyera ilə bağlı planlarını təxirə sala və seçimlərini başqalarının gözləntilərinə uyğunlaşdırmağa başlaya bilər:

"Amma bir cümlənin hər insanda mütləq ciddi psixoloji nəticə yaradacağını demək də düzgün olmaz. Tələbənin ailəsi, özünəinamı, sosial çevrəsi və müəllimlə münasibəti bu sözlərin ona necə təsir etməsində rol oynayır. Lakin belə fikirlər davamlı şəkildə təkrarlanırsa və tələbə bunun əksinə olaraq kifayət qədər dəstək görmürsə, təsir daha ciddi ola bilər".

Təhsil, yoxsa ailə? Niyə bu seçim qarşı-qarşıya qoyulur?

Psixolqun fikrincə, müəllimin vəzifəsi tələbənin şəxsi həyatı ilə bağlı qərar vermək deyil. Əlbəttə, ailə qurmaq insanın şəxsi seçimidir və evlilik haqqında müsbət fikir bildirmək özlüyündə problem deyil. Problem təhsili və karyeranı evliliyə alternativ kimi təqdim etməkdir. Bir gənc həm təhsil ala, həm karyera qura, həm də gələcəkdə ailə həyatı qura bilər. Bunlar bir-birini istisna edən seçimlər deyil.

Müəllimin sözü niyə tələbə üçün bu qədər önəmlidir?

O vurğulayıb ki, xüsusilə universitet müəlliminin sözləri tələbə tərəfindən daha ciddi qəbul oluna bilər. Çünki tələbə müəllimi müəyyən sahədə bilikli və nüfuzlu şəxs kimi görür. Buna görə müəllimin şəxsi düşüncələrini və stereotiplərini tələbəyə məsləhət kimi təqdim etməsi onun gələcəklə bağlı seçimlərinə təsir göstərə bilər:

"Məncə, təhsil mühiti gəncə “Sən öz həyatının istiqamətini seçə bilərsən” mesajını verməlidir. Müəllim tələbənin seçimlərini kiçiltmək əvəzinə onun bacarıqlarını görməsinə, öz potensialını inkişaf etdirməsinə və gələcəyi ilə bağlı daha şüurlu qərarlar verməsinə dəstək olmalıdır".

Əsas məsələ seçim deyil, seçimin necə edilməsidir

Nizami Orucov əlavə edib ki, qızın ailə qurmaq, təhsil almaq və karyera qurmaq istəyi də onun şəxsi seçimidir. Əsas məsələ bu seçimlərin təzyiq altında deyil, insanın öz istəyi və düşünülmüş qərarı əsasında formalaşmasıdır.

Qıza yalnız ailə qurmaq üçün vasitə kimi baxırdıq...

Sosioloq Mail Yaqub isə mövzu ilə bağlı açıqlamasında hər hansı bir qıza "nə üçün təhsil alırsan, təhsilin nəyinə gərəkdir, əsas məqsəd evlənməkdir, ailə qurmaqdır" deməyin müasir dövrdə yanlış olduğunu bildirib. Sosioloqun sözlərinə görə, cəmiyyət olaraq biz çalışmalıyıq ki, bütün qızlarımıza orta və ali təhsil əlçatan olsun:

"Bu cür yanaşmaq, şübhəsiz, səhvdir. Köhnədən qalan stereotiplərdir bunlar. Qıza yalnız ailə qurmaq, ana olmaq üçün bir vasitə kimi baxırdıq. Bizim qızlarımız təhsil almasa, biz mütəxəssislərimizi haradan gətirəcəyik? Əgər həkimlərimiz olmasa?

Xanımlar müasir dövrdə təhsil almaq, işləmək, cəmiyyətə, ölkə iqtisadiyyatına töhfələrini vermək, dəyər yaratmaq istəyirlər. Hamı xanımların, qızların bu istəyini mütləq nəzərə almalıdır. Ailələr də, müəllimlər də..."

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO