
- A-
- A
- A+
Yüzlərlə tabut və qızıl əsərlərlə dolu qədim qəbiristanlıq tapıldı - Fotolar
Misirin şimalındakı Menufiyə vilayətində aparılan arxeoloji qazıntılar zamanı yüzlərlə tabutun və qızıl əşyaların olduğu antik məzarlıq aşkar edilib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qədim Əsərlər Ali Şurasının nəzdində fəaliyyət göstərən arxeoloji qrup Əbu Bellu arxeoloji ərazisində apardığı tədqiqatlar nəticəsində çoxsaylı məzar və tabutların yerləşdiyi geniş nekropol sahəsini üzə çıxarıb.
Ərazinin memarlıq quruluşu ilə bağlı təfərrüatların yer aldığı açıqlamada daş və saxsı tabutlarla yanaşı, taxta tabut qalıqları, çiy kərpicdən tikilmiş günbəzli məzarlar və daxili hissəsi əhəngdaşından hazırlanmış qəbir tikililərinin müəyyən edildiyi bildirilib.
Misir Qədim Əsərlər Ali Şurasının baş katibi Hişam əl-Leysi kəşfin özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, ilkin araşdırmalar buranın orta gəlir təbəqəsinə mənsub insanların dəfn olunduğu məzarlıq ola biləcəyinə işarə edir.
Qazıntı işlərinə rəhbərlik edən Məhəmməd Əbdülbədii isə məzarlığın Ptolemeylər krallığı dövrünün erkən mərhələlərinə və daha qədim tarixi dövrlərə aid qəbirləri özündə birləşdirdiyinə diqqət çəkib.
Tədqiqatlar zamanı yüzlərlə daş tabut, insan formasında hazırlanmış saxsı tabutlar və insan qalıqları ilə yanaşı, qızıldan hazırlanmış dil fiqurları, sırğalar, boyunbağılar, dualar (muskalar), böcək formalı tilsimlər və məzar heykəlcikləri də aşkarlanıb.
Nazirliyin açıqlamasında ərazidə mumiyalama prosesində istifadə olunan materiallara və qətran qalıqlarına da rast gəlindiyi, həmçinin nəzir mehrabları, əhəngdaşından heykəl başları və saxsı fiqurların tapıldığı vurğulanıb.
Misirin turizm və qədim əsərlər naziri Şərif Fəthi bu kəşfin qədim Misir sivilizasiyasına və həmin dövrün dəfn ənənələrinə işıq salacağını bildirərək, bölgədə qazıntı və sənədləşdirmə işlərinin fasiləsiz davam etdirildiyini qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































