
- A-
- A
- A+
Tibbdə yenilik: Yaddaşı bərpa edən burun damcısı hazırlandı
Avstraliyanın Sidney Universitetinin alimləri yaşlanma ilə bağlı yaddaş itkisini bərpa edən və Altsheymer xəstəliyinin inkişafını ləngidə bilən eksperimental burun damcıları hazırlayıblar.
Bizim.Media “Advanced Science” elmi jurnalında dərc olunmuş tədqiqatın nəticələrinə istinadən xəbər verir ki, yeni terapiya beyində neyronların sağlamlığını və sağ qalmasını təmin edən BDNF zülalının sintezini stimullaşdıran mRNT texnologiyasına əsaslanır.
Tədqiqatçıların sözlərinə görə, preparatın burun vasitəsilə yeridilməsi dərman maddələrinin beyinə keçməsinə mane olan qan-beyin baryerini cərrahi müdaxilə olmadan aşmağa imkan verir. Yaşlı və Altsheymer modeli tətbiq edilmiş laboratoriya siçanları üzərində aparılan sınaqlar göstərib ki, burun damcıları heyvanlarda öyrənmə qabiliyyətini, məkan yaddaşını və obyektləri tanıma funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq onların koqnitiv göstəricilərini gənc fərdlərin səviyyəsinə çatdırıb.
Alimlər qeyd edirlər ki, bu yanaşma beyindəki zərərli zülal yığıntılarını təmizləmək əvəzinə, birbaşa neyronların özünü gücləndirməyə və onlar arasındakı əlaqələri bərpa etməyə yönəlib. Gələcəkdə bu texnologiya insanlarda Altsheymer xəstəliyinin və digər neyrodegenerativ pozuntuların müalicəsində yeni istiqamət aça bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































