
- A-
- A
- A+
Yeməkdən dərhal sonra etməməli olduğunuz üç şey
Qida qəbulundan dərhal sonra edilən bəzi gündəlik vərdişlər həzm prosesini pisləşdirə, yuxu keyfiyyətinə və diş minasının vəziyyətinə mənfi təsir göstərə bilər.
Bizim.Media "Santé" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər yeməkdən sonra bir müddət təxirə salınması tövsiyə olunan üç əsas vərdişi açıqlayıblar.
1. Dişləri dərhal fırçalamaq
Yeməkdən dərhal sonra dişləri fırçalamaq heç də həmişə faydalı deyil. Bu, xüsusilə turşuluğu yüksək olan məhsullara, məsələn, sitrus meyvələrinə aiddir. Turşular diş minasını müvəqqəti olaraq zəiflədir, buna görə də diş fırçasının təsiri onun zədələnməsini sürətləndirə bilər. Stomatoloqlar turş qida və içkilərdən sonra təxminən 30 dəqiqə gözləməyi məsləhət görürlər. Alternativ olaraq ağzı adi su ilə yaxalamaq mümkündür.
2. Üfüqi vəziyyətdə uzanmaq
Qida qəbulundan dərhal sonra uzanaraq dincəlmək də tövsiyə edilmir. Bu vəziyyətdə mədə turşusunun qida borusuna keçməsi asanlaşır ki, bu da qıcqırmaya səbəb ola bilər. Xüsusilə ağır yeməkdən, yağlı və qızardılmış qidalardan, eləcə də spirtli içkilərdən sonra dərhal uzanmaq məqsədəuyğun deyil. Mütəxəssislər yemək və yuxu arasında təxminən üç saat fasilə saxlamağı tövsiyə edirlər.
3. İntensiv fiziki yüklənmələr
Yeməkdən dərhal sonra intensiv fiziki aktivlik mədədə narahatlıq və əzələ spazmları yarada bilər. Bu, üzgüçülük və digər məşq növlərinə də şamil edilir. Doyumlu yeməkdən sonra idmanla məşğul olmaq üçün üç-dörd saat gözləmək məsləhət görülür. Əgər qida qəbulu yüngül olubsa, fiziki aktivliyə artıq bir-iki saatdan sonra qayıtmaq olar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































