Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

Hazırda oxunan: Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

641766

“Dini inanc ilk növbədə insanın öz daxilində, ikinci növbədə evində, üçüncü növbədə isə məscid, kilsə və sinaqoq kimi ibadət məkanlarında yaşanmalıdır. Digər məkanlarda dini inancın nümayişi bəzən ideoloji mahiyyət daşımağa başlayır.Azərbaycanda dindarları şərti olaraq iki qrupa ayırmaq olar. Birinci qrupa inancını səmimi şəkildə yaşayan, dövlətin qanunlarına və Konstitusiyasına hörmət edən, faydalı vətəndaş olmağa çalışan insanlar daxildir.

İkinci qrup isə dini ideoloji vasitəyə çevirərək cəmiyyətə müəyyən siyasi və xarici təsirləri daşımağa çalışanlardan ibarətdir. Onlar bəzən özlərini dinin qoruyucusu kimi təqdim edir, sanki dinin gələcəyi və taleyi yalnız onların məsuliyyətindədir, onun qorunması allah tərəfindən bunlara tapşırılıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa edib, torpaqlarını azad edib. Bununla belə, dini sahə hələ də xarici təsirlərə məruz qalan sistemdir:

“Yəni dini nüfuz və avtoritetlərin böyük əksəriyyəti xaricdə siyasi hakimiyyəti təmsil eləyən ruhani sinfidir. Belə bir vəziyyətdə səmimi dindarlar Azərbaycan dövlətinə bağlılıqlarını,qanunlara əməl etməklə hörmətlərini və ölkənin gələcəyi naminə bütün fədakarlıqlarını ortaya qoyurlar. Amma digərləri isə ancaq xarici ölkədən alınan təlimatlar vasitəsilə öz ideologiyalarını Azərbaycan cəmiyyətində təbliğ eləməyə çalışırlar. İstənilən vaxt xaricdən yönləndirilməklə öz ölkələrinə qarşı da problemlər yaratmağa hazır olduqlarını göstərirlər.
 

Ona görə də səmimi dindarları, Azərbaycan dövlətinə bağlı olan dindarları incidəcək hər hansı bir addım atılmasını mümkünsüz hesab edirik və dövlət də buna çox böyük həssaslıqla yanaşır. Diqqət edirsinizsə, bununla bağlı kliplər çəkənlər, hansısa verilişlər hazırlayanlar, bunu hansısa təbliğat materialına çevirənlərin böyük əksəriyyəti məhz xarici amillə qidalanan qüvvələrdir”.


Depuatat bildirib ki, məktəblərdə vahid geyim formasının tətbiqi dini inancın müzakirəsi deyil, təhsil mühitində ümumi qaydaların qorunması məsələsidir:

“Nazirlər Kabineti müvafiq qərar qəbul edir, məktəblərdə vahid geyim forması tətbiq olunur. Kiminsə inancı, kiminsə dini müzakirə olunmur. Qanunda buna qarşı heç bir məhdudiyyət nəzərdə tutulmur. Belə olduqda bu o deməkdir ki, bu motivlə etiraz edən müəyyən insanlar həm də digər bir kateqoriyanın etirazı ilə qarşılaşmalıdırlar. Bir qrup adam da məktəbə mini ətəklə gəlmək istəyir. Nazirlər Kabinetinin qərarı bunu da qəbuledilməz sayır. Hamını bir sinif mühitində, məktəb mühitində fərqlənməməyə çağıran bir addım atır”.

Milli Məclisin üzvü Azərbaycanda məktəbin həm də bir ev kimi qəbul olunduğunu vurğulayıb:

“Hicab əsasən qadınların hansısa kənar təhlükədən qorunması üçün verilən bir dini tələb kimi anlaşılırsa, onda küçədə olan təhlükədən söhbət gedir, insanın evində olan təhlükədən söhbət getmir. Məktəbə biz əslində ev kimi baxmalıyıq. Biz uşağımızı müəllimə əmanət edirik, müəllim də dövlətin himayəsi altındadır. Kimsə gedib məktəbdə müəllimə həqarət edə bilərmi? Bunun məsuliyyəti var. Kimsə müəllimi aşağılaya bilərmi? Belə bir epizod ola bilər, amma bunun məsuliyyət tələbi var. Demək ki, dövlət həm də müəllimi qoruyur.

Məktəbə bir ailə modeli kimi baxılırsa, onda ailədə kiminsə ailə standartlarından kənar, öz istəyi üzrə, öz seçimi üzrə hansısa inanc adı ilə addım atması dövlət tərəfindən məqbul sayılmır.

Dövlətin yanaşması təhlükəsizlik marağındandır.
 

Yəni o şey ki, müəyyən təhlükəsizlik amili ilə insanların ümumi yaşamına zərər vura bilər, ona qarşı dövlət öz tədbirlərini görməlidir. Necə olur ki, dövlət məscidlər tikir, pirləri və ziyarətgahları təmir edir, hətta bir çox hallarda cəhalət yayan elementlərə belə tolerant yanaşır, insanların, xüsusilə də kənarda formalaşan dini inanclarına hörmətlə yanaşır?!


Amma dövlətə aid sistemin daxilində kiminsə öz inancını müstəsna dəyərə çevirərək yaşamasına da dövlət fərqli bir yanaşma ortaya qoyur. Ona görə də digər cəmiyyət üzvlərinin ümumi maraqlarını nəzərə alaraq məsələyə bu kontekstdən yanaşır. Bu məsələdə hansısa ideoloji çalarlar axtarmaq, siyasi çağırışlar etmək, bunu hansısa inanca qarşı bir addım kimi qiymətləndirmək məsələnin məqsədyönlü şəkildə başqa istiqamətə yönəldilməsidir”.

Komitə sədrinin fikrincə, bəzi qərarların qəbulu zərurətdən irəli gəlir:

“Qonşu ölkələrdə hicab taxmadığına görə qadınları edam edirlər. Bizdə kimisə hicab taxdığına görə haradasa incidirlərmi? Küçədə, bayırda buna görə onları incidən varmı? Çevrəmizdə olan qohumlar, yaxınlar, ailəmizdəki insanlar da hicablı insanlardır. Amma dövlətə aid olan məkanlarda bu tələb qoyulursa, dövlətin müəyyən təhlükəsizlik baxımından, təhsildə olan ümumi davranışların fərqləndirilməməsi baxımından narahat olduğu məqamlar var və ona görə də bu cür qərarların qəbul olunması bir çox hallarda zərurətdən irəli gəlir.
 

O baxımdan hər kəs öz inancını üç mexanizm içində mütləq yaşamağa davam etməlidir, heç kimin də buna görə məhdudiyyətlə qarşılaşması nəzərdə tutulmayıb. İkinci kateqoriya dindarlar bu ölkədə başqa ölkələrin keçdiyi yolun yaratdığı sıxıntıları bu ölkəyə daşımaq istəyirlər.


Yəni biz heç də İran, Əfqanıstan kimi ölkələrdə baş verənlərə laqeyd baxa bilmərik. Yəni orada qadına qarşı olan münasibətin İslam ədaləti ilə uyğun gəlməsini iddia eləmək gülüş doğurur. Həmin ölkələrdə biz bunu görmürük.

Ölkəmizdə Azərbaycan qadınına hansısa bu formada ayrı-seçkiliyə rast gələ bilərsinizmi? Yəni bu dünyəvi dövlətin hər bir ölkədə fərqli yorumu ola bilər. Azərbaycanda yanaşma budur ki, heç kimin inancına qarışılmasın, amma dövlətə aid olan sistemin içində vətəndaşların bərabərliyinin qorunması təmin olunsun. Bu qayda, eyni zamanda, Azərbaycan məktəbində təhsil almaq istəyən hansısa yəhudiyə də, xristiana da aiddir. Sabah kimsə xaç taxıb gəlib Azərbaycan məktəbində dərsdə otura bilməz, yəhudi ənənəvi papağını qoyub gələ bilməz. Buna icazə verilmir.
 

Yəni bu, yalnız İslama aid deyil. Azərbaycanı İslam dövləti kimi tələffüz edənlər tamamilə yanlış mülahizə irəli sürürlər. Azərbaycan dünyəvi dövlətdir, sadəcə, İslam etiqadında olan insanların bu məmləkətdə mütləq çoxluğu var. Bu cür çoxluğun olması bütün hüquq üstünlüklərini əldə etmək mənasına gəlmir”.


F. Mustafa bildirib ki, hicablı da, hicabsız da bizim övladlarımızdır:

“Hicabsız müəllimlər də bizim bacılarımızdır, bizim ölkəmizin dəyərli vətəndaşlarıdır. İndi içində ideoloji xəstəliyə yoluxmuş 5-10 faiz ola bilər, amma böyük çoxluq Azərbaycan dövlətini sevən, onun üçün övlad yetişdirən analar, bacılardır. Ona görə də biz bu məsələyə ayrı-seçkilik kontekstindən yanaşmamalıyıq. Biz onların da dəyərini verməliyik, onların da kiminsə, hansısa kənar qüvvənin hüquqlarını pozmasına imkan verə bilmərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO