Ankaranın dostluğuna Tehranın “çox sağ ol”u – Husilərin Türkiyəyə təhdid mesajının arxasındakı İRAN İZİ

Ankaranın dostluğuna Tehranın “çox sağ ol”u – Husilərin Türkiyəyə təhdid mesajının arxasındakı İRAN İZİ

Hazırda oxunan: Ankaranın dostluğuna Tehranın “çox sağ ol”u – Husilərin Türkiyəyə təhdid mesajının arxasındakı İRAN İZİ

638516

Türkiyə İranla münasibətlərində daim qonşuluq prinsiplərini ön planda tutub. Ankara müxtəlif böhranlarda Tehranla dialoqu davam etdirib, İranın regional təcridinin dərinləşməməsinə çalışıb.

Xüsusilə İranın ABŞ və İsraillə qarşıdurmasının kəskinləşdiyi dövrlərdə Türkiyə dəfələrlə hərbi eskalasiyanın genişlənməməsi üçün diplomatik mövqe ortaya qoyub. Üstəlik, İrana siyasi və mənəvi dəstəyini də əsirgəməyib.

Amma bütün bunların fonunda İranın Türkiyəyə münasibətində başqa bir mənzərə ortaya çıxır.

Husi məsələsinin arxasındakı İran izi

Bu gün Türkiyə ilə İran arasındakı yeni gərginliyin əsas cəbhəsi Yəməndədir. Husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarının intensivləşməsi fonunda Ankara Riyadla həmrəyliyini açıq şəkildə nümayiş etdirdi. Türkiyə Xarici İşlər Nazirliyi 2026-cı ilin iyulunda Husilərin Səudiyyə Ərəbistanının cənubuna raket hücumunu pisləyərək Riyadla tam həmrəylik ifadə etdi.

Sentyabrda isə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi imzalandı. Sazişdən sonra Ankara Səudiyyə Ərəbistanının müdafiə ehtiyaclarına texniki hərbi dəstək verməyə hazır olduğunu bildirdi. Nə təsadüfdürsə, sazişin imzalanmasından bir gün sonra Husilər Səudiyyə Ərəbistanına kütləvi raket hücumlarına başladı.
 

Bu azmış kimi, Husilərin sözçüsü Əl-Buheyti Türkiyə və Pakistanı təhdid edərək, “addımlarınıza diqqət edin” mesajını verdi. Pakistan buna cavab olaraq İrandan öz proksi qüvvəsinə nəzarət etməyi tələb etdi. Tehran isə “Husilərə biz nəzarət etmirik” cavabını verməklə guya yaxasını kənara çəkdi.



Təbii ki, bu cavaba heç kim inanmaz. Çünki İran hər zaman Husiləri öz “müqavimət oxu”nun bir parçası kimi fəxrlə təqdim edib. Üstəlik, qruplaşmaya silah-sursatın və təlimatların da Tehrandan getdiyi heç kimə sirr deyil. Türkiyəyə təhdidin də İranın təlimatı ilə olduğu gün kimi aydındır.

İranın Türkiyəyə qarşı aqressiyası

Əslində bu, İranın Türkiyəyə qarşı ilk addımı deyil. Bir neçə ay əvvəl ABŞ-İran müharibəsi dövründə SEPAH-ın mütəmadi hədəf alıb, təhdidlər ünvanladığı ölkələrdən biri Türkiyə idi.

Martın 4-də Türkiyə Müdafiə Nazirliyi İrandan atıldığını müəyyən etdiyi ballistik sursatın Türkiyə hava məkanına doğru hərəkət etdiyini və Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqladı. Hadisədən sonra Türkiyə İran tərəfinə etirazını çatdırdı.

Bununla məsələ bitmədi. Martın 9-da daha bir İran mənşəli ballistik sursatın Türkiyə hava məkanına daxil olduğu və NATO müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirildi.

Martın 30-da isə Türkiyə Müdafiə Nazirliyi İran ərazisindən atıldığı müəyyən edilən başqa bir ballistik sursatın Türkiyə hava məkanına daxil olduğunu və NATO sistemləri tərəfindən məhv edildiyini açıqladı.

Bütün bunların fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçıya hava məkanının pozulmasının qəbuledilməz olduğunu çatdırdı və Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bildirdi.

Savaş dövründə İranın bu cür ardıcıl təxribatlarına baxmayaraq, yenə də Türkiyə böyüklük göstərərək İranla diplomatiya qapılarını bağlamadı. Əksinə Ankara bu gün də İran-ABŞ qarşıdurmasının genişlənməməsi üçün vasitəçilik və diplomatik kanalları qorumağa çalışır.

Üzdə sionizm, əslində isə müsəlman düşmənçiliyi

İran uzun illərdir özünü ABŞ və İsrail qarşısında müqavimətin əsas mərkəzlərindən biri kimi təqdim edir. Husilər də sözügedən məsələdə təbii olaraq İranın yolunu gedirlər. Təəssüflər olsun ki, Türkiyə cəmiyyətinin bir hissəsində bu ritorikanın yaratdığı emosional təsir xüsusilə Qəzza məsələsindən sonra daha da güclənib. Onlar İranın, Husilərin Qəzza məsələsində səmimi davrandığını, İsrailə qarşı radikal mövqe tutduğunu düşünürlər. Bəzi media resursları da bu cür kampaniya aparmaqla sözügedən İranı “müqəddəsləşdirən” yalançı tezisləri tirajlayır.
 

Faktlar isə tam əksini göstərir. Məlum olduğu kimi, Qəzzada savaş 2023-cü ilin oktyabrında başladı. Həmin dövrdə də Husilərin Bab əl-Məndəb boğazına nəzarət, ən azından müdaxilə imkanları var idi. Ancaq onlar bir dəfə də olsun İsrail üçün həyati əhəmiyyətə malik olan boğazı bağlamağı nədənsə ağıllarından belə keçirmədilər. Ancaq iş Səudiyyə Ərəbistanına gələn kimi əllərindəki “kozır” birdən yadlarına düşdü və Bab əl-Məndəbdən keçidə nəzarət etməyə başladılar.



Eləcə də İran. HƏMAS-ı qızışdırıb, savaşı alovlandırıb, çəkilib bir kənarda dayandı. İslam həmrəyliyindən, İsrail düşmənliyindən bəhs etməkdən başqa ciddi bir tədbir də görmədilər. İranın həmin vaxt İsrailə ən azı raket zərbələri endirməyə gücü yox idimi? Təbii ki vardı. Bunu ötənilki və builki savaşlarda göstərdilər. Ancaq Tehran yalnız müharibə öz qapılarını döyəndə hərəkətə keçdilər.

Bir sözlə, İran üçün “sionizmlə mübarizə” yalnız pərdədir, onun arxasında isə başqa oyun oynanılır. Bu oyunun qurbanı isə hər zaman müsəlman ölkələri olur.

ABŞ və İranın pərdəarxası dostluğu

İranın regional siyasətdəki ritorikası ilə real davranış arasında dağlar qədər böyük fərq var. Belə ki, İranın müxtəlif dövrlərdə ABŞ-la əməkdaşlıq etdiyi faktları da kifayət qədərdir. Əfqanıstan və İraq məsələlərində Tehranın sərgilədiyi mövqe bunun əyani sübutudur.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın illər əvvəl etdiyi etirafı xatırlayaq. O Əfqanıstan və İraqın işğalında İranın ABŞ-a yardım etdiyini açıq şəkildə etiraf etmişdi.

Başqa bir fakt: İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif 2021-ci ildə yayılmış müsahibəsində ABŞ-ın Əfqanıstan və İraq əməliyyatları ilə bağlı danışıqlarda Qasım Süleymaninin rolunu xatırlatmışdı. Zərifin sözlərinə görə, 2001-ci ildə Əfqanıstan, 2003-cü ildə isə İraqla bağlı amerikalılarla aparılan danışıqlarda Süleymaninin təqdim etdiyi məlumatların əhəmiyyətli rolu olmuşdu.

Bu da Tehranın “çox sağ olu”

Bütün bunlar bir həqiqəti ortaya qoyur: Türkiyə illərdir İrana qonşuluq və dostluq əlini uzatsa da, Tehran bu münasibətin qarşılığında Ankaranın təhlükəsizlik maraqlarını gözardı edir və fürsət düşdükcə Türkiyəni hədəf almaqdan çəkinmir. Digər tərəfdən, İranın dəstəklədiyi Husilər Türkiyənin müttəfiqi Səudiyyə Ərəbistanını hədəfə alır, hətta Türkiyənin özünə təhdidlər səsləndirir. İran isə bütün bunların ardınca “Husilərə nəzarət etmirik” deyərək məsuliyyətdən yayınmağa çalışır.

Ankara hələ də diplomatiya qapılarını İranın üzünə bağlamır. Lakin bu, Tehranın hər addımına göz yummaq anlamına gəlmir. Türkiyə artıq İranın sözlərinə deyil, əməllərinə baxır. Beləcə, Türkiyə cəmiyyəti də gün keçdikcə Tehranın əsl simasını daha aydın görür. Nəticədə İranın illərdir apardığı propaqanda yavaş-yavaş iflasa uğrayır...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO