ABŞ-ın 56 yaşlı birinci xanımı Melaniya Tramp "Fox & Friends" verilişinin qonağı olub. Müsahibə zamanı ondan soruşulub ki, görəsən, 80 yaşlı prezident Nyu-Yorkda BMT Baş Assambleyasında etdiyi çıxışla bağlı onun fikrini soruşubmu?
Bizim.Media xəbər verir ki, Melaniya həyat yoldaşının çıxışını yüksək qiymətləndirib.
"Mən ona dedim ki, çıxışı əla təqdim edib. Həmçinin nitqi də möhtəşəm idi", - deyə o bildirib.
Eyni zamanda, birinci xanım etiraf edib ki, həyat yoldaşı eşitmək istəməsə belə, ona həmişə həqiqəti deyir.
"Bəzən o, dediklərimi eşitmək istəmir, amma bu, problem deyil. Mən həmişə həqiqəti deyirəm", - deyə Melaniya qeyd edib.
Müsahibədə o, həmçinin Donald Trampın ikinci prezidentlik dövrünü necə keçirdiyindən və bunu onun Ağ Evdəki ilk dövrü ilə müqayisəsindən də danışıb. Melaniyanın sözlərinə görə, prezident demək olar ki, fasiləsiz işləyir.
"O, dayanmadan işləyir. Ondakı enerji heç kimdə yoxdur. Səhərdən axşama qədər, heç dayanmadan çalışır", - deyə o əlavə edib.
Donald Tramp daha əvvəl Melaniyanın ona rəy və fikirlərini bildirdiyini qeyd edib. Maraqlıdır ki, bu ilin əvvəlində o, həyat yoldaşının səhnədə, tamaşaçılar qarşısında rəqs etməsindən elə də məmnun qalmadığını bölüşmüşdü.
Bizim.Media


































































































