Məlum olduğu kimi, sentyabrın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dağ-mədən sənayesinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Sentyabrın 22-də isə Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Proqrama əsasən, dağ-mədən sənayesinin əsas hədəfi yalnız yeni yataqların istismara verilməsi deyil, mövcud resursların müasir üsullarla yenidən qiymətləndirilməsi, yeni yataqların aşkarlanması və hasilatdan emala qədər bütöv sənaye zəncirinin yaradılmasıdır.
Bu prosesdə xüsusilə işğaldan azad edilmiş ərazilərin mineral resurs potensialı ön plana çıxır. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının istismara hazırlanması, Ağdərədə başlanmış işlərin digər ərazilərdə də davam etdirilməsi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında yeni istiqamət formalaşdırır.
Qarabağdan Naxçıvana uzanan yeni geoloji kəşfiyyat xətti
Mövcud yataqların yenidən araşdırılması bu prosesin mühüm hissəsidir. Sovet dövründə aparılmış geoloji tədqiqatlardan təxminən 40 il keçib və həmin dövrdə əldə edilmiş məlumatların müasir texnologiyalarla yenilənməsinə ehtiyac yaranıb. Yeni geoloji üsullar həm mövcud ehtiyatların daha dəqiq müəyyənləşdirilməsinə, həm də indiyədək aşkarlanmamış resursların üzə çıxarılmasına imkan verəcək.
Bu baxımdan kəşfiyyat işlərinin yalnız mövcud yataqların yerləşdiyi ərazilərlə məhdudlaşdırılmaması diqqət çəkir.
Naxçıvan Muxtar Respublikasında isə geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılması nəzərdə tutulur. İşlərin həm dövlət xətti ilə “AzerGold” tərəfindən, həm də özəl sektorun, o cümlədən xarici investorların iştirakı ilə aparılması planlaşdırılır.
Burada əsas prinsip yalnız filiz hasil etmək deyil. Yeni və əhəmiyyətli yataqlar aşkarlandığı halda onların zənginləşdirilməsi və emalını əhatə edən tam istehsal zəncirinin qurulması nəzərdə tutulur.
Azərbaycanın strateji yataqlarından biri - “Filizçay”
Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı da xüsusi əhəmiyyət daşıyır. Müşavirədə yatağın Avropa qitəsinin ən perspektivli yataqlarından biri olduğu vurğulanıb. “AzerGold” artıq bir neçə ildir yatağın istismara hazırlanması istiqamətində iş aparır və qarşıdakı mərhələdə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və yekun investisiya qərarının qəbul edilməsi gözlənilir.
“Filizçay” üzrə yanaşmanın əsas xüsusiyyətlərindən biri yatağın ilkin mərhələdə dövlət nəzarətində saxlanılmasıdır. “AzerGold”un yatağın 100 faizlik səhmdarı olması, sonrakı mərhələdə isə müəyyən pay üzrə xarici investorların cəlb edilməsi imkanının nəzərdən keçirilməsi planlaşdırılır.
Qərb Sənaye Parkı: filizdən metallurgiyaya
Yeni sənaye strategiyasının digər mühüm istiqaməti Qərb Sənaye Parkıdır. Parkın yaradılması ilə bağlı Fərmanın imzalanması “Daşkəsən” filiz yatağı və ətraf layihələr əsasında yeni sənaye klasterinin formalaşdırılmasına zəmin yaradır. Burada məqsəd yalnız filiz hasilatı ilə kifayətlənmək deyil, hasilatdan zənginləşdirməyə, pelet və briketlənmiş dəmir istehsalına qədər uzanan sənaye zəncirinin qurulmasıdır.
Bu istiqamətdə infrastrukturun sürətlə yaradılması, filizin daşınması üçün tarif güzəştlərinin tətbiqi və layihələrin iqtisadi səmərəliliyinin təmin olunması nəzərdə tutulur.
Bəs dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı iqtisadiyyatımız üçün nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramına həsr olunmuş müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olundu:

“Bu sahə qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi nəzərdə tutulub. Qeyri-neft sektoru, eyni zamanda, aparıcı sahələrdən biridir. Xüsusən də 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul istehsal olunub.
Neft-qaz sahəsində azalma qeydə alınıb. Belə ki, neft hasilatının azalması nəticəsində 2025-ci ildə istehsalın həcmi 2024-cü illə müqayisədə 38,2 milyard manatdan 33,3 milyarda düşüb. Lakin qeyri-neft sektorunda əsas istehsal olunan metal filizlərinin hasilatı 2025-ci ildə iki dəfə artıb və ötən il bu göstərici 730 milyon manatadək yüksəlib.
Eyni zamanda, dağ-mədən, metallurgiya və mədənçıxarma sahəsində göstərilən xidmətlərin həcmində də artımlar qeydə alınıb. Nəticə etibarilə, bu, mədənçıxarma sahəsində xidmətlərə tələbi artırıb və 2025-ci ildə göstərici 2,7 milyard manata çatıb.
“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində 5 mindən çox yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğunu və eyni illik əlavə 1 milyard manatlıq yeni dəyər formalaşacağını nəzərə alsaq, Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatına və xüsusən də neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcək”.
“İllik ixrac potensialı 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılacaq”
Millət vəkili Aydın Hüseynov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, proqram üzrə müəyyən edilmiş makroiqtisadi hədəflər kifayət qədər diqqətçəkicidir:

"2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bunun üçün 2027–2030-cu illərdə 5,3 milyard manat həcmində investisiya planlaşdırılır. Xüsusilə mühüm məqam ondan ibarətdir ki, bu investisiyanın təxminən 80 faizinin dövlət büdcəsindən kənar mənbələr, o cümlədən dövlət müəssisələrinin və özəl sektorun vəsaitləri və borc kapitalı hesabına formalaşdırılması nəzərdə tutulur.
Bu, dövlətin özəl kapitalın səfərbər olunmasına əsaslanan daha dayanıqlı investisiya modelinə üstünlük verdiyini göstərir. Proqramın strateji üstünlüklərindən biri də “xammal–emal–son məhsul” dəyər zəncirinin ölkə daxilində genişləndirilməsidir. “Filizçay”da mis, sink və qurğuşun ehtiyatlarının, “Daşkəsən” layihəsində yüksək keyfiyyətli isti briketləşdirilmiş dəmir istehsalının, “Söyüdlü”də qızıl emalının inkişafı, həmçinin alüminium sənayesində yeni istehsal güclərinin yaradılması bu yanaşmanın konkret istiqamətləridir.
Gələcək imkanlar isə yalnız mövcud yataqlarla məhdudlaşmır.
Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi, “Dəmirli”, “Zəylik” və digər yataqların əlavə potensialının qiymətləndirilməsi mineral resurs bazasının daha da böyüməsinə imkan yarada bilər. Bu isə regionlarda yeni sənaye mərkəzlərinin, xidmət və logistika zəncirlərinin, ixtisaslaşmış əmək bazarının formalaşması deməkdir".
Aydın Hüseynov əlavə edib ki, Dövlət Proqramına yalnız sahəvi inkişaf sənədi kimi deyil, Azərbaycanın post-neft iqtisadiyyatına keçidinin mühüm alətlərindən biri kimi baxmaq lazımdır. Əsas strateji məqsəd təbii sərvətləri sadəcə hasil edib ixrac etmək deyil, onları ölkə daxilində daha yüksək iqtisadi dəyərə, qeyri-neft ixracına, texnoloji kompetensiyalara və uzunmüddətli məşğulluğa çevirməkdir. Məhz bu yanaşma proqramın gələcək iqtisadi əhəmiyyətini müəyyən edir.
Bizim.Media-nın analitik qrupu






































































































