Yeni avro əskinasları 2030-cu illərin əvvəllərində dövriyyəyə buraxılmağa başlayacaq. Mövcud əskinaslar qüvvədə qalacaq və yeni seriya ilə yanaşı istifadə olunmağa davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Avropa Mərkəzi Bankının (AMB) veb-saytında yer alıb.
Nəşr yazır ki, həm Avropa daxilində, həm də ondan kənarda yaşayan 9,96 milyon insan bankın ictimai sorğusunda iştirak edərək avro əskinaslarının gələcək dizaynı ilə bağlı fikirlərini bölüşüb.
Sorğu 23 iyul – 21 sentyabr 2026-cı il tarixləri arasında keçirilib. İştirakçılardan "Avropa mədəniyyəti" və "Çaylar və quşlar" mövzularına əsaslanan on dizayn variantı arasından seçim etmələri istənilib.
Sorğunun nəticələri və müstəqil dizayn müsabiqəsi AMB-nin İdarə Heyəti tərəfindən nəzərdən keçiriləcək. Bu qərarın 2026-cı ilin sonlarında qəbul edilməsi gözlənilir.
AMB hazırda ayrı-ayrı dizayn variantları üzrə nəticələri açıqlamır. Qərar qəbul edildikdən sonra sorğu nəticələri haqqında ətraflı hesabat dərc olunacaq; bu hesabatda hər bir varianta dair rəy və nəticələrin ölkələr üzrə bölgüsü öz əksini tapacaq.
İdarə Heyəti konsepsiyanı təsdiqlədikdən sonra, seçilmiş dizayn uyğunlaşdırılacaq və real əskinaslar üçün yekun dizaynın yaradılması məqsədilə təkmilləşdiriləcək. Yeni əskinaslar təkmilləşdirilmiş təhlükəsizlik elementlərinə malik olacaq, müxtəlif ehtiyacları olan insanlar üçün daha rahat istifadə imkanı yaradacaq və istehsal prosesində ətraf mühitə daha az zərər verəcək.
Hələ 2025-ci ilin yanvarında elan edilmişdi ki, Avropa Mərkəzi Bankı avro əskinaslarının dizaynını yeniləməyi planlaşdırır.
Bu, əskinasların nağd dövriyyəyə buraxıldığı 23 il ərzində həyata keçirilən ilk belə dəyişiklikdir. Dizaynın yenilənməsi əskinasları daha cəlbedici və tanınan etmək məqsədi daşıyır. Hazırkı əskinaslarda ümumi xarakterli körpü və pəncərə təsvirləri yer alır.
Bizim.Media

































































































