İslam dinində istər qadın, istərsə də kişilərə tünd, cəlb etməyən rənglərə üstünlük verilməsi tövsiyə olunur. Bəzi qatı inanclılar isə tövsiyədən çox bunu hökm kimi qəbul edir və qırmızının ümumiyyətlə haram olduğunu iddia edirlər. Qırmızı rənglə bağlı müzakirələr bu dəfə geyimdən qidaya keçib. Belə deyilir ki, qırmızı qidalar, xüsusən də pomidor və çiyələk haramdır.
Bu cür fikirlər haradan qaynaqlanır, bunun dini, tibbi əsası varmı?
İlahiyyatçılar ilk növbədə bir məqamı vurğulayırlar: İslamda qırmızı rəngin ümumi şəkildə haram elan edilməsi barədə yekdil hökm yoxdur. Qırmızı geyimlə bağlı üləmalar arasında müxtəlif yanaşmalar mövcuddur. Bəziləri qırmızı geyimi haram hesab edir, digər alimlər isə bunu caiz sayır. Qırmızı ilə bağlı mübahisəli fikri qidaya da tətbiq etmək üçün ayrıca dini dəlil lazımdır. Bununla bağlı isə heç bir səhih fiqhə rast gəlinmir.
Qırmızı rənglə bağlı xəbərdarlıq
Digər tərəfdən, bəzi qırmızı qidaların ayrı-ayrı insanlarda allergik reaksiyalar yaratmasının mümkünlüyünü nəzərə alsaq, istər-istəməz bu iddia özünü diqqətçəkən edir. Məlumdur ki, dində insan orqanizminə zərərli olan qida və içkilər haram buyrulur və bunun izahı da konkret olaraq verilmir, savadlı dini təfsirçilər bunu əsaslı şəkildə əlaqələndirə bilirlər.
Məsələn, yüz illərlə “içki haramdır, şərab içənlər cəhənnəmlikdir” yasağına qeyd-şərtsiz əməl edənlər də oldu, qarşı çıxanlar da. Ta ki XIX-XX əsrdə elm öz təşəkkülünü tapdıqda alkoqolun insan orqanizminə verdiyi ziyan müfəssəl öyrənildikdən sonra spirtin niyə yasaqlandığı anlaşıldı.
Eyni misalı donuz ətinə, uyuşdurucu tərkibli bitkilərə və s. aid etmək olar. Buradan belə nəticəyə gəlmək olar ki, qırmızı rəngli qidaların histamin qıcıqlandırıcı olduğunu nəzərə alsaq, o zaman bu “haram”ı hökm kimi yox, tövsiyə kimi qəbul etmək olar.
İstənilən insan istər uşaq, istərsə də yetkin yaşında ömründə bir dəfə də olsa allergiya keçirib və allerqoloqunun bu tövsiyəsini də qulağına sırğa edib: “Qırmızı rəngli qida və içkilərdən, xüsusilə pomidor və çiyələkdən uzaq dur”. O zaman yuxarıdakı iddianın tam olaraq əsassız olduğunu söyləyə bilmərik. Sadəcə dini hökmlər günümüzdə bəzən təxribat xarakterli olduğu üçün, qulağa xoş gəlmir, eyni zamanda haqlı olaraq ehtiyatla yanaşılır.
Ümumilikdə götürəndə bütün səmavi dinlərdə qırmızı rəng iblis rəngi hesab olunur. Cazibəsi ilə çağırış edən bu üsyankar rəng müharibənin qan rəmzi, üsyanlarn al bayrağının rəngi olduğu üçün istər dini, istərsə də siyasi mühafizəkarların qəbul etməməsinin səbəbi aydın olur.
Maraqlıdır ki, müasir məişət, nəqliyyat və digər sahələrdə də qırmızı rəng təhlükə xəbərdarlığı kimi qəbul edilib. Cihazın, avtomobilin xarab olma xəbərdarlığı, yol nişanları, svetofor qadağası qırmızı ilə göstərilir.
Qırmızı rəng insanları niyə bu qədər qorxuda bilib?
Ümumiyyətlə süni qırmızı boyanın tərkibində qurğuşun və ya civə əsaslı zəhərli piqmentlər olur. Boyaçılıq sahəsində də ən təhlükəli rənglərdən hesab olunur. Saç boyalarında da qırmızı rəngin çox istifadəsi həm piqment pozuqluğuna, həm də allergiyaya səbəb olur. Qırmızı rəng tez gözə çarpır, yeri gəlmişkən, bu rəngə uzun zaman baxdıqda göz də qızarır. Ümumiyyətlə qırmızı rəng qan, od və təhlükə kimi anlayışlarla bəşəriyyətin tarixində güclü assosiasiya yaradıb. Bir sözlə, qırmızı rəng həyatımızın çox hissəsində “olmaz” xəbərdarlığıdır!
Şəfiqə Şəfa, Bizim.Media




































































































