Neft qiymətlərində KƏSKİN DƏYİŞİKLİK – Benzin və dizel bahalaşacaq?

Neft qiymətlərində KƏSKİN DƏYİŞİKLİK – Benzin və dizel bahalaşacaq?

Hazırda oxunan: Neft qiymətlərində KƏSKİN DƏYİŞİKLİK – Benzin və dizel bahalaşacaq?

638303

Dünya birjalarında xam neftin qiymətində kəskin artım və ya azalmaların müşahidə olunur. Belə ki, bugünkü hərraclarda  “Azeri Light” markalı neft 0,78% artaraq 117,74 ABŞ dollar satılıb.

Bu cür artımlar fonunda daxili yanacaq bazarında qiymətlərin necə formalaşması məsələsi diqqət mərkəzindədir.

Görəsən, dünya bazarındakı vəziyyət ölkəmizdə benzin və dizelin qiymətinə təsir edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, qlobal bazarlarda neftin ucuzlaşması və ya bahalaşmasının Azərbaycanın daxili yanacaq bazarına hər hansı təsiri yoxdur.

Ekspertin sözlərinə görə, bunun başlıca səbəbi ölkənin daxili tələbatı yerli resurslar hesabına ödəməsidir:

"Bizim daxili bazarda istifadə etdiyimiz və idxal olunmayan neft məhsullarının qiymətinə dünya bazarındakı dalğalanmalar təsir göstərmir. Çünki Azərbaycanın öz xammal resursları var – neft birbaşa yerli mədənlərdən çıxarılaraq emala yönəldilir.

Hazırda daxili emal üçün istifadə olunan xammalın təqribən 90 faizi ölkəmizə məxsusdur. Yalnız kiçik bir həcm Xəzər sahili qonşu ölkələrdən daxil olur. Bu baxımdan, daxili bazarda qiymətlərin dəyişməsi üçün hər hansı xarici təsir mexanizmi mövcud deyil".

İlham Şaban vurğulayıb ki, daxili bazarda yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir:

"İstehsalçı olan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə qiymət müəyyənləşdirmək səlahiyyəti yoxdur. Nümunə üçün bildirim ki, bu ilin əvvəlində dünya birjalarında neft 60–65 dollar diapazonunda satıldığı halda, daxili bazarda yanacaq qiymətləri eyni qalıb. Mart ayından etibarən neftin qiyməti müəyyən müddət 80–90 dollar, daha sonra isə 100 dollar ətrafında dəyişsə də, daxili bazardakı qiymətlər sabitliyini qoruyub".

Bununla yanaşı, ekspert idxal olunan yanacaq növü ilə bağlı maraqlı bir məqama da diqqət çəkib:

"Azərbaycan daxili bazar üçün 'Premium' (Aİ-95) markalı benzini idxal edir və onun litri 1 manat 60 qəpik təşkil edir. Maraqlıdır ki, xarici bazarda neftin bir bareli istər 60 dollar, istərsə də 100 dollar həddində olsun, idxal edilən bu benzinin daxili satış qiyməti dəyişməz olaraq qalır", – deyə İlham Şaban əlavə edib.

Ayşəm Rüstəmli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO