Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərinin Kiyev rayonuna endirdiyi növbəti zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binası ağır zərər çəkib.
Bizim.Media xəbər verir ki, Xarkov şəhər meri İqor Terexovun verdiyi məlumata görə, "Shahed" tipli pilotsuz uçuş aparatının (PUA) çoxmərtəbəli binaya çırpılması nəticəsində yaşayış bloklarından birinin 7-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qədər olan hissəsi tamamilə dağılıb. Hadisə yerində güclü yanğın baş verib.
Vilayət Hərbi Administrasiyasından (OVA) bildirilib ki, hücum nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb. Zərərçəkənlərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, digər 8 nəfər isə kəskin stres reaksiyası diaqnozu ilə həkim nəzarətinə götürülüb.
Şəhər meri, həmçinin Kiyev rayonu ərazisinə daha bir neçə zərbənin endirildiyini diqqətə çatdırıb.
Hazırda hadisə yerində xilasedicilər, həkimlər və fövqəladə xidmətlər çalışır. Dağıntılar altında qalanların axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Bizim.Media


































































































