Misir prezidentinin təmirini xahiş etdiyi Azərbaycan PİRİ– Yenidən AÇILIŞA hazırdır - FOTOLAR

Hazırda oxunan: Misir prezidentinin təmirini xahiş etdiyi Azərbaycan PİRİ– Yenidən AÇILIŞA hazırdır - FOTOLAR

76833

Diri Baba Piri haqqında bir neçə dəfə yazmışıq. Onun Azərbaycan turizm marşurutuna daxil edilməsinə baxmayaraq, çox bərbad durumda olduğunu şəxsən keçmiş nazir Əbülfəz Qarayevin də diqqətinə çatdırmışdıq. 

Amma uzun çək-çevirdən sonra nəhayət yeni Mədəniyyət naziri Anar Kərimov bu abidənin abadlaşdırılmasına xüsusi göstəriş verib.

Bizim.Media-nın əməkdaşları tətil günlərində ölkənin vacib tarixi abidələrinə və turizim obyektlərinə baş çəkərçən yeni mənzərənin şahidi olublar. 

Qobustan rayonun mərkəzindən bir neçə kilometr aralıda yerləşən Diri Baba Pirində sürətli abadlıq işləri gedir. 
Təmirin yüksək keyfiyyət və xüsusi nəzarət altında olmasının isə Diri Baba Pirində olarkən, əməkdaşlarımız öz gözləri ilə şahidi olublar. Çünki pirin meydança hissəsində tökülmüş beton örtük yoxlanışdan keçmədiyi üçün yenidən sökülürdü. Digər hissələr isə ciddi keyfiyyətlə abadlaşdırılmaqda davam edirdi.

Abidənin giriş hissəsində xüsusi mühafizə otağı, pirə gələn insanların rahatlığını alması üçün məxsusi otaqlar inşa edilib.

Hətta qarşıda abidə üçün ayrılmış Mühafizə polisinin avtomobili də dayanmışdı.

Abidə kompleksinin həyətində ziyarətçilər üçün yeni inşa edilmiş söhbətgah və yemək üçün masalar da quraşdırılıb. Pirin özü isə sağ və sol ətrafı boyunca mağaralara gediş üçün pilləkənlərlə əhatələnib və mağaraların özündə də abadlıq işləri aparılıb. Qeyd edək ki, əvvəllər bu mağaralara gediş mümkün deyildi.

Pirə qalxan pilləkənlər də genişləndirilərək yenidən təmir edilib. Hzırda abadlıq işlərinin yekun mərhələsi aparılır.

Pirdə olduğumuz zaman yüzlərlə turistin ziyarətinin də şahidi olduq. Fransız, rus və gürcü turistlər piri xüsusi maraqla ziyarət edirdilər. 
Yəhudi turist İssak Murman əvvəllər Qazaxstanda yaşadığını, artıq 20 ildən çoxdur ki, İsrail vətəndaşı olduğunu deyir. Azərbaycan haqqında hələ sovet dövründən məlumatlı olduğu üçün Diri Baba Pirinə gəlişinin də təsadüfü olmadığını bildirdi. Murman xəlvətilik, tərki dünyalıq edən adamlar haqqında çox bilmək həvəsinin onu bura gətirdiyini söylədi.

Pakistanlı turist Mohammad isə Diri Babanın adı müsəlman deyil, dövrünün övliyası, elm adamı olması haqqında məlumatlı olduğunu bildirir. Qeyd edir ki, onun ölkəsində Azərbaycan haqqında yaxşı fikirdədirlər:

“Ölkənizin tarixi keçmişi, dövlətçiliyi, əlaqələrimiz haqqında xoş niyyətlə danışılır. Pakistanlılar bilir ki, azərbaycanlılar xeyirxah, mehriban adamlardılar. Biz Hacı zeynalabdin Tağıyevin pakistanlılar üçün etdiyini unutmamışıq. İndiki münasibətlərimiz də bizi sevindirir”.

Diri Baba türbəsini ziyarət edən zaman doğurdan da artıq burada xeyli işlərin görüldüyünün şahidi oluruq. Pirin öz qapısında dayanmış bələdçi və mühafizəçi turist sıxlığıa görə maksimum mədəni rəftarla gələnlərə öz tövsiyyəsini verirdi.

Olduğumuz müddətcə gördüklərimiz bizi sevindirdi. Artıq Diri Baba Türbəsi Azərbaycanın ən çox ziyarət olunan abidələri səviyyəsinə qalxdığını görürdük.

Qeyd edək ki, Diri Baba Türbəsi Şirvanşah Şeyx İbrahimin əmri ilə Ustad Hacı oğlu tərəfindən 1402-ci ildə tikilib. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda inşa edilib.

Sovet illərində dağılmaq təhlükəsi ilə üz-üzə qaldığından 1965-ci ildə Misir prezidenti Camal Əbdül Nasir Azərbaycanda olarkən türbənin bərpasını sovet rəhbərlərindən xahiş edib. Məhz həmin illərdə Diri Baba Türbəsi yenidən bərpa edilib.
İndi isə bu abidə kompleksi müstəqil Azərbaycanın varlığı ilə daha da geniş təmir edilərək tezliklə tam gücü ilə ziyarətçilərin ixtiyarına veriləcək.

Bizim.Media

Fotoların müəllifi: Mətanət Əkbərli

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO