Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, 2023-cü il ərzində Azərbaycanın pomidor ixracı 2022-ci illə müqayisədə məbləğ baxımından 3,4% və ya 5 milyon 625 min dollar, həcm baxımından isə 0,6% azalıb.
Belə ki, ötən dövrdə xarici ölkələrə 161 milyon 984 min dollar dəyərində 140 min 588 ton pomidor ixrac edilib. İxrac edilən pomidorun hər tonunun orta qiyməti 1152 dollara bərabər olub.
MÖVZU İLƏ BAĞLI:
Pomidorun qiyməti bu tarixdən UCUZLAŞACAQ – AÇIQLAMA
Qeyd edək ki, ötən il pomidorun ümumi ixracda xüsusi çəkisi 0,48%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 4,84%-ə bərabər olub.
Bəs, azalma nə ilə bağlıdır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli ölkəmizin ixracında pomidorun mühüm yerlərdən birini tutduğunu bildirib.
İndiki azalmanın elə də ciddi və fantastik olmadığını deyən ekspert, bunun sadəcə tendensiya xarakterli olduğunu qeyd edib:
“İldən-ilə də bu artmağa doğru gedir və bunu açıq şəkildə müşahidə edirik. Bu da yaxşı hal deyil”.
Ekspert digər bir səbəbin isə xarici bazarlara çıxış imkanlarının olmaması ilə əlaqəli olduğunu diqqətə çatdırıb:
“Azərbaycanın ixracı yalnız Rusiya bazarından asılıdır. Buna görə də alternativ bazarlara da çıxış imkanı əldə edilməlidir. İkinci problem isə istixanalarla əlaqəlidir. Belə ki, onlara verilən təbii qazın qiyməti baha başa gəlir ki, bu da fermerlərə sərf etmir.
Pomidorun ixrac qiymətinin 1 dollardan bir az baha olduğunu nəzərə alsaq, bu, təqribən 1,85-1.90 manat arasında olur və qiymətlə də xərcləri ödəmək getdikcə çətinləşir. Bu baxımdan da istixanalara bəzi güzəştlər də nəzərdə tutulmalıdır ki, istehsalın həcmi artsın”.
Rövşən Ziya, Bizim.Media