Qarabağda bir neçə həftə əvvəl başlayan gərginlik yenə də davam edir. Separatçı rejimin qondarma "prezidenti" sayılan Arayik Arutyunyanla "dövlət naziri" Ruben Vardanyan arasında münasibətlər əvvəlki vəziyyətinə qayıtmır.
Moderator.az xəbər verir ki, Ermənistanın "Hraparak" nəşrinin Xankəndindəki durum barədəki növbəti yazısında belə deyilir.
Nəşrin əldə etdiyi məlumata görə, vəziyyət o qədər ciddiləşib ki, Arayik Arutyunyan dünən Rusiya "sülhməramlı"ları vasitəsilə təcili Moskvaya uçub. Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır. Arutyunyan Rusiyaya və Qarabağda yerləşən "sülhməramlı"lara növbədənkənar "seçki"lərin keçirilməsinə zəmanət verməyi və ya onunla Ruben Vardanyan arasında seçim etməyi təklif edəcək. Çünki o, əmindir ki, Vardanyan "dövlət naziri" postunda olarkən Laçın yolu açılmayacaq.
Xatırladır ki, hələ yanvarın 14-də həm Vardanyanın, həm də Arutyunyanın mümkün istefaları ilə bağlı gözlənilməz xəbər yayılmışdı. Xəbərə görə, azərbaycanlılar Vardanyanın istefasını tələb edib, sonuncu istefa verməkdən imtina edib, daha sonra Arutyunyan yeni "parlament" və yeni "hökumət" qurmaq üçün növbədənkənar "seçki"lərə getmək üçün istefa verdiyini bəyan edib. Lakin ruslar "seçki"lərə təminat verməkdən imtina ediblər və Qarabağdakı rejim başa düşdü ki, nəticə "konstitusiya böhranı" olacaq və ermənilər Xankəndində hakimiyyəti itirəcək və bu, Azərbaycanın işini asanlaşdıracaq. Keçmiş qondarma "prezident"lər tərəfləri barışdırmaq üçün vasitəçilik öhdəliyini götürdülər. Bako Saakyan və Arkadi Qukasyan "Artsaxı xaosa sürükləməmək üçün" Arayik Arutyunyanı bu addımı atmamağa inandırıblar...
Bu hadisələrdən bir neçə həftə keçəndən sonra ilk baxışda vəziyyətin sakitləşdiyi və keçmiş dostlar(?) Ruben Vardanyan və Arayik Arutyunyan əvvəlki münasibətlərini bərpa etdiyi görünüb. Lakin məşhur atalar sözündə deyildiyi kimi, iki qoçun başı bir qazanda qaynamaz. Münasibətlər günü-gündən pisləşir. Məsələ burasındadır ki, Arayik Arutyunyan və Ruben Vardanyan lap əvvəldən "hakimiyyətin rəvan şəkildə ötürülməsi və növbəti seçkilər öncəsi Artsaxın iqtisadi cəhətdən möhkəmlənməsi ilə birgə məşğul olmaq" haqda razılığa gəlsələr də, Ruben Vardanyanın sərt bəyanatları və addımları Arayik Arutyunyana başağrısı verib...
"Artsaxın gələcəyi ilə bağlı tərəflərin mövqeləri də fərqlidir. Arayik Arutyunyan Azərbaycanla “danışıqlara” yanaşmanın, görüşlər keçirməyin tərəfdarıdır, Vardanyan isə qəti şəkildə əleyhinədir: "müqavimət göstərməliyik, bir santimetr belə güzəştə getməməliyik".
Yeri gəlmişkən, son günlərdə Arutyunyan və Vardanyanın Artsax xalqı ilə ayrı-ayrılıqda görüşləri olub və onlar tamamilə zidd mövqelərdən çıxış ediblər.
"Artsax səbirsizliklə rus çarının cavabını gözləyir; Moskva kimə üstünlük verəcək, Arayik Arutyunyana, yoxsa Ruben Vardanyana? Azərbaycanla birbaşa dialoq, yoxsa sərt qarşıdurma?"- erməni qəzeti sonda belə yazır.
Sultan Laçın


































































































