ABŞ-ni məhv etmək üçün hazırlanmışdı – 74 ildir göylərdə xidmətdədir - Foto

ABŞ-ni məhv etmək üçün hazırlanmışdı – 74 ildir göylərdə xidmətdədir - Foto

Hazırda oxunan: ABŞ-ni məhv etmək üçün hazırlanmışdı – 74 ildir göylərdə xidmətdədir - Foto
647540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SSRİ-nin ABŞ-yə nüvə zərbələri endirmək məqsədilə hazırladığı əfsanəvi Tu-95 strateji bombardmançı təyyarəsinin ilk uçuşundan 74 il ötür.

Bizim.Media xəbər verir ki, 1952-ci il noyabrın 12-də ilk dəfə havaya qalxan bu nəhəng təyyarə Soyuq müharibənin ən güclü hərbi simvollarından birinə çevrilib.

NATO-nun “Bear” (Ayı) kod adı verdiyi Tu-95 Sovet İttifaqının nüvə arsenalında xüsusi yer tutub.

ABŞ-ni məhv etmək üçün hazırlanmışdı – 74 ildir göylərdə xidmətdədir - Foto - foto 1

İkinci Dünya müharibəsindən sonra SSRİ ilə ABŞ arasında münasibətlərin kəskinləşməsi Moskvanı yeni strateji silahlar hazırlamağa məcbur edib. Sovet rəhbərliyi Amerika ərazisinə qədər uça bilən, nüvə bombası daşıyan, zərbə endirdikdən sonra isə geri qayıtmaq imkanına malik bombardmançı təyyarə yaratmağı qarşıya məqsəd qoyub.

Tupolev konstruktor bürosunda hazırlanan Tu-95 məhz bu məqsədlə meydana çıxıb. Təyyarənin ilk uçuşu 1952-ci il noyabrın 12-də baş tutub, 1957-ci ildə isə rəsmi olaraq hərbi xidmətə qəbul edilib.

Dünyanın ən güclü nüvə bombasını daşıyıb

Tu-95-in tarixində ən diqqətçəkən hadisələrdən biri 1961-ci il oktyabrın 30-da baş verib. Həmin gün xüsusi modifikasiya edilmiş Tu-95V təyyarəsi bəşəriyyət tarixində sınaqdan keçirilmiş ən güclü nüvə silahını – təxminən 50 meqaton gücündə olan “Çar bombası”nı havaya qaldırıb.
 

Bomba SSRİ-nin Novaya Zemlya arxipelaqındakı nüvə poliqonu üzərində atılıb. Partlayış nəticəsində yaranan göbələkşəkilli bulud təxminən 60-65 kilometr yüksəkliyə qalxıb. Zərbə dalğası Yer kürəsini bir neçə dəfə dövr edib. Partlayışın gücü 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən minlərlə dəfə artıq olub.


Bu sınaq Soyuq müharibənin ən qorxulu hadisələrindən biri kimi tarixə düşüb.

74 ildən sonra da hərbi əməliyyatlarda istifadə olunur

Tu-95 bombardmançılarının seriyalı istehsalı 1950-ci illərdə başlayıb. Təyyarənin müxtəlif modifikasiyaları sonrakı onilliklər ərzində hazırlanıb və təkmilləşdirilib.

ABŞ-ni məhv etmək üçün hazırlanmışdı – 74 ildir göylərdə xidmətdədir - Foto - foto 2

Əvvəlcə nüvə bombalarının daşınması üçün nəzərdə tutulan Tu-95 sonradan uzaqmənzilli qanadlı raketlərin daşıyıcısına çevrilib.
 

2015-ci ildə Rusiya Tu-95MS bombardmançılarından Suriyadakı hədəflərə qanadlı raket zərbələri endirmək üçün istifadə edib. Bu, həmin təyyarələrin real döyüş əməliyyatlarında ilk dəfə silah tətbiq etməsi kimi tarixə düşüb.


Rusiya Ukraynaya qarşı müharibədə də Tu-95MS təyyarələrindən istifadə edir. Bu bombardmançılar 5 min kilometrdən artıq uçuş məsafəsinə malik X-101 qanadlı raketlərini buraxa bilir.

Nüvə silahından kəşfiyyata qədər

Tu-95 platforması əsasında onlarla müxtəlif təyinatlı təyyarə hazırlanıb. Bunların arasında strateji bombardmançılar, raketdaşıyıcılar, dəniz kəşfiyyat təyyarələri və sualtı qayıqlara qarşı mübarizə üçün nəzərdə tutulan variantlar olub.

Hətta SSRİ-də nüvə enerji qurğusu ilə işləyən təyyarə yaratmaq məqsədilə Tu-95LAL adlı eksperimental uçan laboratoriya da hazırlanıb. Lakin nüvə enerjisi ilə hərəkət edən belə bir təyyarə seriyalı istehsala buraxılmayıb.

ABŞ-ni məhv etmək üçün hazırlanmışdı – 74 ildir göylərdə xidmətdədir - Foto - foto 3

Tu-95-in ən qeyri-adi xüsusiyyətlərindən biri onun dörd güclü turbovintli mühərriklə təchiz edilməsidir. Reaktiv bombardmançıların geniş yayıldığı dövrdə belə, bu mühərrik sistemi böyük uçuş məsafəsi və yüksək səmərəliliyi ilə fərqlənib.

2040-cı ilə qədər xidmətdə qala bilər

Rusiyanın strateji aviasiya qüvvələrində Tu-95MS və modernləşdirilmiş Tu-95MSM təyyarələri hələ də mühüm yer tutur.
 

Modernləşdirmə proqramları çərçivəsində bu təyyarələrin radioelektron avadanlıqları, naviqasiya sistemləri və silah imkanları yenilənir. Mövcud planlara əsasən, Tu-95 ailəsinin bəzi təyyarələrinin 2040-cı ilə qədər xidmətdə saxlanılması nəzərdə tutulur.


Bu plan həyata keçirilərsə, ilk uçuşunu 1952-ci ildə həyata keçirmiş Tu-95 platforması təxminən 90 il ərzində dünya hərbi aviasiyasının tarixində öz yerini qoruyacaq. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO