Hindistan son aylarda sülhə dair ümumi çağırışlardan Rusiya və Ukrayna ilə müharibənin dayandırılması məsələsində birbaşa məsləhətləşmələrə keçib. Bunu bazar günü Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.
“Biz uzun illərdir bunun tərəfdarı olmuşuq, son aylarda isə çağırışlardan bir qədər kənara çıxmışıq. Həm Rusiya, həm də Ukrayna ilə danışırıq”, – o, Dehlidə keçirilən Munich Leaders Meeting tədbirində deyib.
Jaishankarın sözlərinə görə, Hindistanın ilkin təşəbbüsü Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Dehli həmçinin hər iki tərəflə taxıl və enerji daşıyıcılarının ixracı, eləcə də hücumların qarşısının alınmasına dair mümkün razılaşmaları müzakirə edir.
“Bu danışıqlar hazırda davam edir”, – nazir vurğulayıb.
Hindistan ardıcıl olaraq bildirir ki, münaqişə döyüş meydanında deyil, dialoq və diplomatiya yolu ilə başa çatdırılmalıdır. Bununla yanaşı, Dehli Moskva ilə sıx münasibətlərini qoruyur və eyni zamanda Kiyevlə əlaqələrini inkişaf etdirir. Sentyabrın əvvəlində Jaishankar Ukraynaya səfər edib və Hindistanın müharibənin dayandırılması səylərinə kömək etməyə hazır olduğunu bildirib.
Hindistanın aparılan məsləhətləşmələrlə bağlı açıq açıqlaması Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın bəyanatından qısa müddət sonra səslənib.
O, Kiyevin dörd ölkədən – Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəs təklifləri aldığını bildirib. Sıbiqanın sözlərinə görə, Hindistanın təklifi ən əhatəlidir, enerji və liman infrastrukturuna hücumların dayandırılmasını, eləcə də Qara dənizdə vəziyyətlə bağlı razılaşmaları nəzərdə tutur.
Rusiya prezidenti Vladimir Putin də daha əvvəl Hindistanın baş naziri Narendra Modinin münaqişənin nizamlanması ilə bağlı təkliflərindən danışıb və onları qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş təşəbbüslər adlandırıb.
Bununla belə, Jaishankar Moskva ilə Kiyev arasında hər hansı razılaşmanın əldə olunduğunu açıqlamayıb. Hindistanın məsləhətləşmələri hələ də davam edir.
Bizim.Media































































































