
- A-
- A
- A+
Şah İsmayılı iki dəfə atdan endirən rayonumuz – Birində qəlbinə, digərində ruhuna yenildi
Azərbaycan torpağının qatlarında elə maraqlı rəvayətlər, elə izlər gizlənib ki, bəzən onları bir-birinə bağlayanda bütöv bir tarixi mənzərə yaratmaq olar. Bu mənzərənin ən “baxımlı”lılardan biri də Cəlilabad rayonu ilə bağlıdır. Azərbaycanın cənubunda, Muğan düzünün cənub-şərqində yerləşən bu rayon torpağı qədim tarixin, zəngin folklorun və maraqlı toponimlərin yaşadığı məkanlardan biridir. Bu yerlərin tarixi minilliklərin dərinliyinə gedib çıxır. Əliköməktəpə və Mişarçay kimi qədim yaşayış məskənləri Cəlilabadın hələ minilliklər əvvəl insan məskəni olduğunu təsdiqləyir.
Rayonun adı niyə hər dəfə dəyişib?
Bir vaxtlar Həştərxanbazar (Astraxanbazar) adı ilə tanınan, 1967-ci ildən böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyan bu rayonun hər kəndində, hər rəvayətində ayrıca bir tarix yatır. Həştərxanbazardan öncə isə Hacılı adı ilə tanınıb. Üzümçülük diyarı olan Cəlilabadın özünəməxsus Həməşərə üzüm növü olduğu üçün, rəsmi olmasa da, xalq arasında bu adla da tanındığı faktları var. Həştərxanbazar adı maraqlı tarixi köç hadisəsi ilə bağlıdır. Bu adın yaranması XIX əsrdə Rusiyanın Həştərxan vilayətindən həmin əraziyə köçürülmüş rus ailələrinin məskunlaşması ilə əlaqələndirilir.
Hacılı adı isə bəzən Hasıllı kimi də qəbul edilib. Toponimika üzrə tədqiqatçı N.G. Məmmədovun araşdırmasında Cəlilabad şəhərinin əvvəlki adının Hasıllı (Asıllı) olduğu göstərilir. Müəllif bu adın mənşəyini Əfşar tayfasının İsallu qolu ilə əlaqələndirir. Bu arada, Cəlilabadda Hasıllı kənd adı var.
“Bir gecədə tacirlikdən yazıçılığa keçdilər”
Həştərxanbazar adlanan vaxtlarda yerli camaat rayona sadəcə Bazar deyirdi. Cəlilabadın hərtərəfli, bacarıqlı, zirək camaatı (tarixin bütün çətin dönəmlərində maddi olaraq özünü, hətta digər bölgələri təmin etməyi bacarıb, ölkənin adla tanınan igidləri, idmançıları, ədəbiyyat və mədəniyyət sahəsində nüfuzlu şəxslərinin çoxu bu rayonun yetirmələridir) qaragüruh adamların gözünə batdığı üçün bu “bazar” sözünü əsas götürüb “bəzən bir gecədə tacirlikdən yazıçılığa keçdilər” deyirlər. Bununla da Həştərxanbazarın adının böyük yazarın adını daşıdığı Cəlilabada dəyişilməsinə işarə edirlər.
Cəlilabad həm də böyük fərqi tarixi hadisələrin qovuşduğu bir coğrafiyada yerləşməsindədir. Bu torpaqların qədim Muğanla, gəlmə mosullu tayfaları ilə bağlılığı var. Cəlilabadın tarixindən çox yazılıb. Amma bu rayonun keçmişinə yalnız tarix kitablarının səhifələrindən deyil, xalqın yaddaşından da baxmaq lazımdır. Cəlilabadla bağlı nəsildən-nəslə ötürülən bir rəvayət var, yeri gəlmişkən AMEA-nın tarixi mənbələrində bu, qeyd olunub. XVI əsrdə Şah İsmayıl Xətainin yolu bu torpaqlardan keçib. Amma buradakı iki maraqlı məqam onu sadəcə ötüb keçməyə deyil, atdan düşməyə məcbur edib.
Şahın sünbüllükdə gördüyü qız kim idi?
Görkəmli yazıçı Fərman Kərimzadənin “Çaldıran döyüşü” tarixi romanında Şah İsmayılın səfərlərindən biri zamanı indiki Cəlilabaddan keçərkən bir qızla qarşılaşması barədə maraqlı epizod təsvir olunur. Şah qızın kimliyi, hansı ailədən olması ilə maraqlanır. Bəlkə də yazıçı gələcək ailənin görüşünü daha romantik və rəmzi təsvir etmək üçün özündən əlavə çalarlar qatıb. Amma bu faktdır ki, Şah İsmayılın xanımı, gələcək şah Təhmasibin anası Taclı Bəyim (Bəhruzə xatun) Mosullu tayfasına mənsub olması barədə məlumatlar mövcuddur.
Onun Mosullu türkmənləri ilə əlaqəsini göstərən tarixi mənbələrdən biri Budaq Münşi Qəzvininin «Cəvahirül-Əxbar» əsəridir. Mosullu isə indiki Masallı rayonunu formalaşdıran tayfadır, yəni gəlmədirlər. Yəni əsas ehtimallardan biri budur. Həmin dövrlərdə isə rayonlar arasında sərhəd, inzibati bölgü konkret deyildi, Təbriz bəylərbəyinin Talış-Muğan mahalı sayılırdı, mərkəzi də Astara şəhəri hesab olunurdu. Bölgənin Muğan mahalına Masallının bir hissəsi və indiki Cəlilabadın Göytəpə, Qarazəncir, Privolnoye əraziləri daxil idi.
Səfəvi şahının ayağına getdiyi dərviş
Şah İsmayılın Cəlilabadla bağlı digər maraqlı hekayəti Aşağı Təhlə kəndi ilə əlaqələndirilir. AMEA Folklor İnstitutunun nəşrində qeydə alınmış xalq rəvayətinə görə, Şah İsmayıl Şirvana yürüşü zamanı yolüstü Hacı Qaraman baba ilə görüşür. Rəvayətə əsasən, bu müdrik kişi bölgənin nüfuzlu şəxslərindən olan bir sufi dərvişi idi. Deyilənə görə, dərvişlə görüşə at üstündə gələn şah ona çatmağa xeyli qalmış atdan düşüb piyada gedir. Səbəbini soruşanda isə belə müdrik üləmanın qarşısında at üstündə dayanmağı ayıb bildiyini deyir. Burada diqqətçəkən məqam hökmdarın müdrik, ağsaqqal adama dərin ehtiramıdır.
Bütün bunlar onu göstərir ki, Cəlilabad sadəcə bu günün inzibati rayonu deyil, Səfəvi tarixinin, xalq yaddaşının və qədim toponimlərin kəsişdiyi bir məkandır.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































