İsrail Müdafiə Ordusu (SAXAL) ötən həftə Qəzza zolağına endirilən hava zərbələri nəticəsində "HƏMAS" hərəkatının hərbi qanadının iki yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Ordunun rəsmi bəyanatına görə, Qəzza şəhərinin Şati qaçqın düşərgəsi rayonunda keçirilən hərbi əməliyyat zamanı "HƏMAS"ın xüsusi təyinatlı "Nuhba" qüvvələrinin bölmə komandiri Abd əl-Rahman Maher Abd əl-Kərim Ziyad məhv edilib. İsrail kəşfiyyatının məlumatında onun 7 oktyabr 2023-cü ildə İsrailə qarşı törədilən hücumlarda birbaşa iştirak etdiyi və İsrail ordusuna məxsus hərbi texnikanı qənimət kimi Qəzza zolağına qaçırdığı bildirilir.
Tünel şəbəkəsinin rəhbəri də zərərsizləşdirilib
Digər bir uğurlu əməliyyat isə Qəzzanın cənubunda yerləşən Xan Yunis rayonunda qeydə alınıb.
İsrail hərbi aviasiyasının dəqiq zərbəsi nəticəsində "HƏMAS"ın yeraltı tunel infrastrukturuna cavabdeh olan bölməsinin rəhbəri Kamal Məhəmməd Həmdan Naqar öldürülüb. Onun rəhbərlik etdiyi bölmə İsrail hərbçilərinə qarşı qəfil hücumların təşkilində və silah-sursat daşınmasında istifadə olunan strateji tunellərin inşasına nəzarət edirdi.
Hərbi ekspertlər qeyd edirlər ki, sahə komandirlərinin ardıcıl şəkildə sıradan çıxarılması "HƏMAS"ın müqavimət və loqistika potensialına ciddi zərbə vurur. Qəzza zolağında müxtəlif istiqamətlərdə hərbi əməliyyatlar intensiv şəkildə davam etdirilir.
Bizim.Media


































































































