ABŞ-də bir kişi adi diş müayinəsindən sonra bütün əzalarını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “LADBible” yazı dərc edib.
Xəbərdə qeyd olunub ki, onun vəziyyəti sürətlə pisləşərək septik şoka çevrilib. Deyvon Vanterpul adi müayinə üçün diş həkiminə gedib. Müayinə zamanı ona şiddətli iltihablı və qanayan diş ətləri diaqnozu qoyulub. Partnyoru Alisiya Uaylderin sözlərinə görə, kişidə həmin gün qripəbənzər simptomlar yaranıb və vəziyyəti sürətlə pisləşib.
Amerikalı daha sonra xəstəxanaya yerləşdirilib və ona septik şok (infeksiyanın həyati orqan çatışmazlığına səbəb olduğu ağır bir vəziyyət) diaqnozu qoyulub. O, komaya düşüb və həkimlər onun vəziyyətini kritik olaraq qiymətləndiriblər.
Belə ki, müalicə zamanı həkimlər onun həyatını xilas etmək üçün kəskin tədbirlərə əl atmalı olublar. Vanterpulun sağ ayağı, dizin altındakı sol ayağı, sol qolunu və sağ əli geniş yayılmış infeksiya və toxuma nekrozu səbəbindən amputasiya edilib.
Ailənin sözlərinə görə, xəstədə qan laxtalanmasına və toxuma ölümünə səbəb olan nadir və təhlükəli bir ağırlaşma “purpura fulminans” inkişaf edib.
Alisiya inanır ki, infeksiya diş müayinəsi zamanı zədələnmiş diş ətləri vasitəsilə qan dövranına daxil ola bilər. O bildirir ki, həkimin gəlişindən əvvəl partnyoru özünü yaxşı hiss edib və aktiv həyat tərzi sürüb.
Xəstəxanada olarkən Vanterpulun ürəyi iki dəfə dayanıb və o, süni tənəffüs aparatına qoşulub. Həkimlər onun həyatını xilas etmək üçün bir neçə həftə mübarizə aparıblar.
Vəziyyətinin ağır olmasına baxmayaraq, ailəsi onun tədricən müalicəyə cavab verdiyini bildirib.

Bizim.Media









































































































