
- A-
- A
- A+
Ayda 187 ton tullantı toplanıb – Alimlər onları tikintidə istifadə edəcək
Alimlər Ayın səthində toplanmış kosmik tullantıların miqyasını qiymətləndirib və köhnə kosmik aparatların hissələrinin yeni obyektlərin tikintisi üçün təkrar emalı üsulunu müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, “Popular Science” nəşrinin məlumatına görə, 65 ildən artıqdır davam edən Ay tədqiqatları nəticəsində onun səthində təxminən 187 ton avadanlıq və müxtəlif material qalıqları toplanıb. Bu tullantıların ümumi çəkisi böyük sərnişin təyyarəsi olan “Boeing 747”nin çəkisi ilə müqayisə edilir.
Alimlər hesab edirlər ki, bu texnogen qalıqlar sadəcə tullantı deyil, gələcək Ay bazalarının inşası üçün potensial xammal mənbəyidir. Ay səthindəki tullantıların tarixi 1959-cu ildən başlayır.
Həmin il Sovet İttifaqının “Luna-2” aparatı ilk dəfə Ayın səthinə çatıb.
Sonrakı onilliklər ərzində Yer kürəsindən Aya 140-dan çox missiya həyata keçirilib. Nəticədə orada eniş modulları, Ay gəzən aparatlar və elmi cihazlar qalıb. Eniş platformalarından başqa, Ayın səthində qəzaya uğramış zondlar, müxtəlif alətlər və hətta bayraqlar da mövcuddur. Günəş radiasiyası və kosmik mühitin təsiri nəticəsində bu materiallar tədricən aşınır.
Mikrometeoritlər və kəskin temperatur dəyişiklikləri də materiallara zərər vurur. Bununla belə, alimlər hesab edirlər ki, bu zədələnmələrin öyrənilməsi gələcəkdə günəş panelləri və Ayda salınacaq yaşayış məntəqələri üçün daha etibarlı qoruyucu sistemlərin hazırlanmasına kömək edə bilər.
Eyni zamanda, kosmik agentliklər toplanmış metal qalıqlarının təkrar emalı imkanlarını araşdırırlar. Xüsusilə kosmik aparatların korpuslarında istifadə olunan alüminiuma diqqət yetirilir. Bu metalın günəş enerjisi vasitəsilə əridilərək 3D çap texnologiyası ilə yeni konstruksiyaların hazırlanmasında istifadə olunması nəzərdə tutulur.
Beləliklə, Ay tullantılarının faydalı tikinti materialına çevrilməsi gələcək layihələrdə Yer kürəsindən material daşınmasından asılılığı azalda bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































