
- A-
- A
- A+
Süni intellektlə şəkil təqdim edən turizm şirkətləri cərimələnə bilər
Süni intellekt turizm sektorunda ciddi problem yaradır. Belə ki, real olmayan şəkillərə inanan turistlər yerində eynisini görməyəndə məyus olur. Bu problem son dövrlərdə daha da artır.
Xüsusilə, istirahət məkanın otaqları, yerləşdiyi massiv süni intellekt vasitəsilə və ya həddindən artıq effekt verilməklə elə dəyişdirilir, daha dəqiq desək, gözəlləşdirilir ki, bu da istər yerli, istərsə xarici turistlərdə gözləntilər formalaşdırır. Böyük həvəslə məkana gələn turist gördüyü real mənzərədən heç də məmnun qalmır. Bu, məyusluqla yanaşı, vaxt itkisi, yol xərci çəkmiş insanların haqlı narazılığına səbəb olur.
Bu problemin qarşısını almaq üçün əslində tədbirlər görülüb, qanunla müəyyənləşdirilib.
21 aprel 2026-cı il tarixində qəbul edilmiş qanunvericilik dəyişikliklərinə əsasən: “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əlavə edilmiş 13-2.7-ci maddəyə görə, Sİ ilə yaradılmış foto, video və audio materiallar ictimai nümayiş etdirilərkən onların süni intellektlə hazırlandığını göstərən aydın və görünən işarə daşımalıdır. Fotoların üzərində "AI-generated" və ya "Süni intellekt vasitəsilə yaradılıb" qeydi yerləşdirilməlidir.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 388-3-cü maddəyə əsasən, belə materialları onların Sİ ilə yaradıldığını bilərək xəbərdarlıq nişanı olmadan yaymağa görə 80-150 manat cərimə nəzərdə tutulur.
Turizm sektorunda da məkan, otel, xidmətlər informasiya xarakterli olduğu üçün sözügedən qanundan yayına bilməzlər.
Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan turizm üzrə ekspert Fidan Həsənova bildirir ki, turizmdə ən vacib amillərdən biri gözlənti ilə reallıq arasındakı uyğunluqdur.
Turizmdə uzunmüddətli uğur vizuallıqdan çox, etibarlılıq üzərində qurulmalıdır.
“Süni intellekt vasitəsilə yaradılan qeyri-real fotolar turistlərin marağına səbəb olur və seçim etməsini asanlaşdırır. Düşünür ki, münasib qiyməyə çox gözəl məkan tapıb. Lakin həmin məkana gəldikdə fərqli mənzərə ilə qarşılaşır, bu, təkcə onun narazılığı ilə məhdudlaşmır, həmin obyektin reputasiyasına da mənfi təsir göstərir. Çünki informasiya dövründəyik. Vətəndaş heç evinə qayıtmadan yerindəcə narazılığını sosial media üzərindən bildirəcək, həmin məkanı da işarələyəcək, gəlmək istəyənlərə xəbərdarlıq edəcək. Bu cür narazılıqlar artdıqca da istirahət obyektinin taleyi həll olunacaq. Buna görə də turizm şirkətləri süni intellektdən reklam vasitəsi kimi istifadə edərkən şəffaflığı qorumalı, real fotoları əsas götürməli və süni yaradılmış görüntüləri mütləq işarələməlidirlər.”
Ekspert tövsiyə edir ki, turistlər gedəcəyi məkanın canlı yayımlarını öncədən izləsinlər. Mövsümlərə görə dəyişən görüntüləri məkan ənəkdaşından tələb etsinlər. Bundan başqa qabaqcadan ərazidə itirahət etmiş digər turistlərin öz çəkdikləri foto və videoların paylaşmalarına baxsınlar.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































