Deputatlar niyə qanunvericilik təşəbbüsü ilə çıxış etmir?

Deputatlar niyə qanunvericilik təşəbbüsü ilə çıxış etmir?

Hazırda oxunan: Deputatlar niyə qanunvericilik təşəbbüsü ilə çıxış etmir?
647579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Milli Məclisin panel iclaslarında 2027-ci ilin Dövlət Büdcəsi haqqında qanun layihəsi müzakirə edilir. Növbəti həftə isə, qanun layihəsi plenar iclasa çıxarılacaq.

Maraqlıdır ki, qanun layihəsinin müzakirəsində deputatların çoxu xüsusi fəallıq göstərir, müxtəlif sosial təkliflərlə çıxış edirlər.

Amma deputatların əksər təklifləri havadan asılı qalır.

Səbəb nədir?

Səbəb çox sadədir. Çünki büdcə layihəsinin müzakirəsində deputatlar onlara təqdim edilən sənəddən daha çox onları narahat edən məsələlərdən danışırlar. Belə olan vəziyyətdə deputatların layihədənkənar səsləndirdiyi məsələ nə qədər aktual olsa da müzakirə edilən qanunda öz əksini tapmır.

Maraqlıdır ki, bunu deputatların özləri də bilir. Amma yenə danışırlar. Bu isə səmərəli təklifdən daha çox danışmaq xatirinə danışmaq mənzərəsi yaradır.

Hətta müzakirələr zamanı müvafiq dövlət qurumlarının nümayəndələri dəfələrlə deputatlara “bu məsələnin qanun layihəsinə aidiyyatı yoxdur” desələr də, vəziyyət dəyişmir.

Məsələn ötən panel iclasların birində Maliyyə naziri Sahil Babayev deputatlardan birininin təkilifən belə cavab verib:

“Qaz çəkilişi məsələsi bir neçə dəfə qeyd edildi. Mən bunu xüsusi olaraq vurğulayım ki, bu gün təqdim olunan büdcənin ümumi və bölüşdürülmüş parametrləri qaz çəkilişini əhatə etmir”.

Nazir əlavə edib ki, qaz çəkilişi ya bir təyinat olaraq hökumət tərəfindən məqsədəuyğun hesab edildiyi təqdirdə dövlət investisiya proqramının tərkib hissəsi olacaqdır:

“Dövlət büdcəsində dövlət investisiya proqramının ümumi rəqəmi müəyyən edilib (5,3 milyard). Artıq onun bölüşdürülməsi prioritetlərdən asılı olaraq hökumət tərəfindən həyata keçiriləcək və ya Dövlət Neft Şirkətinin sərbəst vəsaitləri və ya investisiya vəsaitləri hesabına təmin ediləcək”.

Bu fikirlərdən də aydın görünür ki, deputatların bəziləri lazımlı məsələni lüzumsuz yerdə səsləndirirlər. Nəticədə həmin təkliflər nə qədər aktual olsa da, nəzərə alınmır.

Bəs, nə etməli?

Bu sualın çox sadə cavabı var. Hörmətli deputatlar onlara edilən müraciətlər və onları narahat edən məsələlərlə bağlu qanun çərçivəsində addımlar ata bilərlər.

Bunun üçün qanun deputatlara kifayət qədər hüquq tanıyıb.

Məsələn Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanunun 9-cu maddəsində qeyd edilir ki, deputatın qanunvericilik təşəbbüsü hüququ var:

Deputat qanunvericilik təşəbbüsü hüququnu  aşağıdakı formalarda həyata keçirir:

- yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

- qüvvədə olan qanuna və ya qərara dəyişikliklər  edilməsi haqqında layihə təklif edə bilər;

- qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;

Bu da o deməkdir deputat onu narahat edən məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Yaxud konkret məsələ ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı öz təkliflərini səsləndirə və onun fikirlərinin nəzərə alınmasını deyə bilər.

Bundan əlavə, hər bir deputatın sorğu vermək hüququ var.

Əgər hansısa rayonda yol problemi varsa, o ərazidən deputat seçilmiş şəxs problemlə bağlı ilk növbədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməlidir. Qurumdan xahiş etməlidir ki, növbəti ilin yol tikintisi xərclərinə bu rayonun da yol təmiri salınsın. Eyni zamanda, bununla bağlı deputat Nazirlər Kabinetinə də müraciət edə bilər.

Belə olan təqdirdə problem daha rahatlıqla həllini tapa bilər.

Yoxsa bir panel və yaxud plenar iclasında təklif verməklə problem həll olunmur.

Ən pisi də odur ki, qanuni prodseduru keçməyən deputatların bəziləri gileylənir ki, “heç bir səlahiyyətimiz yoxdur”.

Sonda onu da qeyd edək ki, deputatlarımızın qanunvericilik təşəbbüsü ilə çıxışları son illərdə sürətlə azalır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO