
- A-
- A
- A+
Romanovların əfsanəvi sapfir qolbağı fantastik qiymətə satıldı - Foto
Romanovlar sülaləsinə məxsus 197,8 karatlıq nadir sapfir qolbaq İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 4,9 milyon dollara satılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, XIX əsrə aid qiymətli daş məşhur “Cartier” zərgərlik evi tərəfindən hazırlanmış həndəsi formalı, brilyantlarla bəzədilmiş qolbağın mərkəzində yerləşdirilib.
“Sotheby's” hərrac evi tarixi zinət əşyasını ilkin olaraq təxminən 3 milyon 515 min manat dəyərində qiymətləndirmişdi. Lakin hərrac zamanı qolbaq 4,9 milyon dollara alıcı tapıb.
Hərrac evinin məlumatına görə, sapfirin Romanovlar xəzinəsinə necə daxil olduğu və imperator ailəsinin hansı üzvünə məxsus olduğu dəqiq məlum deyil. Bununla belə, 1903-cü ildə Qış Sarayında keçirilən bal zamanı bu qiymətli daşla bəzədilmiş zinət əşyasının İmperatriça Mariya Fyodorovnanın üzərində olub.
Sovet hakimiyyəti dövründə imperator ailəsinə məxsus zinət əşyalarının bir hissəsi xaricdə satışa çıxarılıb. Həmin satışlar dövlətin ilk çətin və qıtlıq illərində maliyyə vəsaiti əldə etməsi baxımından əhəmiyyət daşıyıb. Sapfir qolbaq da sovet hakimiyyəti tərəfindən satıldıqdan sonra bir neçə dəfə sahibini dəyişib. Onun ilk yeni sahibi polşalı opera müğənnisi Hanna Valska olub.
Qeyd edək ki, Romanovlar sülaləsinin sonuncu imperatoru II Nikolay, həyat yoldaşı və beş övladı 1918-ci il iyulun 17-də Yekaterinburqdakı İpatyev evində güllələniblər.
İmperator ailəsinin ölümündən sonra onlara məxsus bir sıra qiymətli zinət əşyaları xarici hərraclarda satışa çıxarılıb. Bunların arasında “Rus gözəli” tiarası və Faberge tərəfindən hazırlanmış Pasxa yumurtaları da xüsusi yer tutur. Ailəyə məxsus bəzi zinət əşyaları isə imperatorlara yaxın şəxslər tərəfindən ölkədən çıxarılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































