Övladını tək böyüdən ata və analara hansı güzəştlər verilir? – HÜQUQİ İZAH

Övladını tək böyüdən ata və analara hansı güzəştlər verilir? – HÜQUQİ İZAH

Hazırda oxunan: Övladını tək böyüdən ata və analara hansı güzəştlər verilir? – HÜQUQİ İZAH

637016

Azərbaycanda övladını tək böyüdən valideynlər az deyil. Həm analar, həm atalar müxtəlif səbəbdən övladının qayğısına tək qalır, onu bağçaya, məktəbə, oyun oynamağa tək aparır, gecələr başı üstündə tək dayanır. Bu kateqoriyaya nikahı rəsmi və ya qeyri-rəsmi şəkildə bitirərək uşaqla tək qalanlar, həyat yoldaşını itirənlər, nikahdankənar övlad dünyaya gətirənlər, subay olduğu halda qanuni şəkildə uşaq övladlığa götürənlər daxildir.
 

Bundan başqa, yoldaşı həbsdə olanlar, ağır xəstəliyi və ya birinin ailəni tərk etməsi ilə yükü tək çəkən valideynlər də var. Yəni uşağı təkbaşına böyüdən valideyn statusu konkret olaraq boşanma və ya digər hadisələrlə yox, uşağı böyütmə məsuliyyətinin təkbaşına daşıması ilə müəyyən olunur.


Belə valideynlər uşağın başında gecə növbələşə, onun məsuliyyətini ikiyə bölə bilmədikləri üçün onlar üçün işləmək, karyera qurmaq da çətin olur. Əslində  işləməyə ən çox ehtiyac duyulan da onlardır.

Bəs övladını tək böyüdən valideynlərin, qadın və kişilərin hansı hüquqları var?

Bizim.Media
xəbər verir ki, Əmək Məcəlləsində bununla bağlı bəzi güşətlər nəzərdə tutulub.

Belə ki, Məcəllənin 51-ci maddəsinə görə, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Iakin bir sıra istisna hallar var ki, o istisnalara üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər aiddir. Yəni üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilə bilməz.
 

Digər bir güzəşt işçilərin attestasiyası ilə bağlıdır. Sözügedən Məcəllənin 65-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə, bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Burada da uşağını təkbaşına böyüdən kişilərin attestasiyaya cəlb olunmadığı qeyd olunub.


Həmçinin, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər və yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğvi qadağan edilir. Bu da Əmək Məcəlləsinin 79-cu maddəsində əks olunub.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, müəyyən şərtlərlə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Həmçinin, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, istehsal və əmək prosesinin normal şəkildə təşkil olunması, eləcə də məzuniyyətlərin uçotunun düzgün aparılmasının təmin edilməsi üçün hər il yanvar ayının sonunadək işçilərin əmək məzuniyyətinə göndərilməsi üzrə növbəlilik cədvəlləri hazırlana bilər.
 

Bununla yanaşı, 16 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə və ya qəyyumlara onların istəyinə uyğun olaraq əmək məzuniyyətindən istifadə etmək üçün münasib vaxt seçmək imkanı verilir.


Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, üç və daha çox uşağı olan, eləcə də əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir. Qeyd olunan əlavə məzuniyyət hüququ yalnız qadınlarla məhdudlaşmır. Uşaqlarını təkbaşına böyüdən atalar, habelə uşaqları övladlığa götürmüş şəxslər də qanunvericilikdə nəzərdə tutulan bu əlavə məzuniyyətdən istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd edilən güzəştlərin çoxu hamilə və üç yaşınadək uşağı olan qadınlara şamil olunur. Lakin uşağını təkbaşına böyüdən qadınlara xüsusi imtiyazlar tanınmır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO