Xəbər verdiyimiz kimi, Qara dənizdə Palau bayrağı altında üzən və Moldovaya doğru hərəkət edən “Svetoslava” quru yük gəmisi Türkiyənin Kastamonu vilayətinin sahillərində batıb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, gəmidəki 13 ekipaj üzvünün hamısı xilasedici qayığa keçərək təxliyə olunub və sahilə çatdırılıb.
Hadisə avqustun 28-nə keçən gecə, saat 3 radələrində sahildən 26 mil məsafədə baş verib.
Hələlik müəyyən edilməyən səbəbdən gəminin mühərrik bölməsinə su dolmağa başlayıb. Kapitan Türkiyə Sahil Mühafizəsinə xəbər verib və hadisə yerinə üç kater göndərilib.
Dənizçilər İnebolu limanına, daha sonra isə xəstəxanaya aparılıblar. Tibbi müayinədən sonra onların hamısı buraxılıb. Türkiyənin Daxili İşlər Nazirliyi hadisəni təsdiqləsə də, gəminin adını açıqlamayıb.
Açıq mənbələrin məlumatına görə, dedveyti 4 903 ton olan quru yük gəmisi Türkiyədən Moldovanın Curculesti limanına təxminən 3 min ton gübrə aparırmış. Gəminin avqustun 29-da limana çatması planlaşdırılırmış.
Uzunluğu 138 metr olan gəmi 1971-ci ildə inşa edilib və əvvəl “Volqo-Don 5036” adlanıb. Gəminin qeydiyyatda olan sahibi İstanbulda yerləşən “Salutta Shipping” şirkətidir.
Bizim.Media





































































































