Başqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Başqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Hazırda oxunan: Başqasının maşını ilə törədilən qəzalarda kim məsuliyyət daşıyır? - AÇIQLAMA

633537

Avtomobil sahibinin nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verməsi praktikada geniş yayılmış haldır. Lakin həmin avtomobillə qəza baş verdikdə məsuliyyətin birbaşa avtomobil sahibinin, yoxsa sükan arxasında olan şəxsin üzərinə düşməsi tez-tez sual doğurur.

Xüsusilə qəza nəticəsində maddi zərər və ya xəsarət yarandıqda tərəflərin hüquqi məsuliyyətinin necə müəyyənləşdirilməsi maraq doğurur.

Bəs görəsən bir şəxs öz adına olan avtomobili başqa adama etibarnamə ilə veribsə və həmin avtomobillə qəza törədilibsə, məsuliyyət kimin üzərində qalır?

Bizim.Media xəbər verir ki, hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az-a açıqlama verib:

"Ümumi qayda olaraq, avtomobili faktiki idarə edən şəxsin təqsiri nəticəsində qəza baş veribsə, yol-nəqliyyat hadisəsinə görə məsuliyyət ilk növbədə həmin sürücünün üzərinə düşür. Yəni avtomobilin sahibinin olması və nəqliyyat vasitəsini etibarnamə ilə başqa şəxsə verməsi onu avtomatik olaraq qəzanın təqsirkarına çevirmir.
 

Burada əsas məsələ qəzanın hansı şəraitdə baş verməsi və kimin təqsirli olmasıdır. Məsələn, sürücü yol hərəkəti qaydalarını pozaraq digər avtomobilə çırpılıbsa, dəymiş zərərin ödənilməsi ilə bağlı məsuliyyət, bir qayda olaraq, qəzanı törədən şəxsin üzərinə düşür.


Lakin avtomobil sahibinin də məsuliyyət daşıya biləcəyi hallar mövcuddur. Məsələn, sahibi avtomobili idarə etmək hüququ olmayan və ya müəyyən səbəbdən nəqliyyat vasitəsini idarə etməsi qadağan edilən şəxsə veribsə, bu hal ayrıca hüquqi qiymətləndirilə bilər.

Bundan başqa, qəza zamanı avtomobilin texniki nasazlığının səbəb olması, avtomobilin istifadəyə yararsız vəziyyətdə olması və sahibinin bu barədə məlumatlı olması kimi hallar da məsuliyyət məsələsinə təsir edə bilər.

Ona görə də "avtomobil kimin adınadırsa, qəzanın məsuliyyəti də onun üzərindədir" yanaşması düzgün deyil.

Məsuliyyət müəyyən edilərkən avtomobilin kim tərəfindən idarə edildiyi, qəzanın səbəbi, sürücünün təqsiri və digər konkret hallar araşdırılmalıdır.

Həmçinin sığorta məsələsi də ayrıca nəzərə alınmalıdır. Qəza nəticəsində zərərçəkən şəxsin zərərinin hansı hissəsinin sığorta ödənişi hesabına qarşılanması, hansı hallarda isə əlavə olaraq sürücüdən və ya digər məsul şəxsdən tələb edilə bilməsi qəzanın konkret hallarından və sığorta müqaviləsinin şərtlərindən asılıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO