“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsinin növbəti mərhələsi çərçivəsində Saatlı və Mingəçevir şəhərlərində vətəndaşlar üçün maarifləndirici seminarlar təşkil olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından verilən məlumata görə seminarlarda iştirakçılara gündəlik həyatda qarşılaşa biləcəkləri əsas kibertəhdidlər, sosial mühəndislik, fişinq hücumları, şəxsi məlumatların və hesabların qorunması, eləcə də kibertəhlükəsiz davranış qaydaları barədə məlumat verilib.
Seminarlar interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və real həyatda rast gəlinən kibertəhlükəsizlik riskləri ilə bağlı praktiki nümunələr təqdim olunub.
Tədbirlər vasitəsilə region sakinlərinin kibertəhlükələr barədə məlumatlılığının artırılması və onların rəqəmsal mühitdə daha təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması hədəflənib.
Maarifləndirici seminarlarla yanaşı, layihə çərçivəsində kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığı istiqamətində təlimlər də davam etdirilir.
Saatlı rayonunda təşkil olunan təlimlərdə regionun müxtəlif rayonlarından 30-a yaxın iştirakçı nəzəri və praktiki biliklər əldə edir.
Layihənin əsas məqsədi təlim və seminarlarda iştirak edən şəxslərin sayəsində regionlarda kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsi, vətəndaşların müasir kibertəhdidlərə qarşı məlumatlılığının artırılması və regionda kibertəhlükəsizlik sahəsində yerli kadr potensialının inkişaf etdirilməsidir.
“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində AKTA-nın təşkilatçılığı ilə həyata keçirilir.









Bizim.Media






































































































