2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər Bakının təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının hesabatında qeyd edilib.
Məlumata görə, 2025-ci ilin əvvəllərində bazarda təklif edilən mənzillərin sayı illik müqayisədə təxminən 17% yüksəlib.
Bu artım nəticəsində dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7000-i ötüb. Hesabata görə, Bakı şəhərinin təkrar mənzil bazarında 1 kvadrat metr üçün orta qiymət həm yeni tikililər, həm də köhnə tikililər üzrə yüksəlmə trendi göstərib. 2025-ci ilin aprelinə gəldikdə, yeni tikililərdə orta qiymət təxminən 2300–2400 AZN/kv.m həddinə çatdı, köhnə tikililərdə isə təxminən 2000–2050 AZN/kv.m oldu.
Beləliklə, bir il ərzində kvadratmetr qiymət artımı yeni tikililərdə təxminən 15–17%, köhnə tikililərdə isə 10–12% təşkil edib (bu da illik inflyasiya tempini xeyli üstələyir).
Məsələn, 2025-ci ilin fevral ayı etibarilə təkrar bazarda yeni tikililərdə qiymətlər 1,5% aylıq və 10,9% illik, köhnə tikililərdə isə 1,1% aylıq və 9,8% illik artım göstərirdi. Bu rəqəmlər aprel ayı üçün də bənzər səviyyədə qalmış, mart-aprel aralığında təxminən 1%-ə yaxın aylıq bahalaşma davam edib.
Bizim.Media xəbər verir ki, “musavat.com”a danışan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızının sözlərinə görə, Bakıda təkrar mənzil bazarında son bir ildə müşahidə olunan qiymət artımı bazarın daxili qanunauyğunluqları ilə izah olunur və bunu təsadüfi proses kimi qiymətləndirmək olmaz:
“Azərbaycan Qiymətləndiricilər Palatasının hazırladığı son bazar təhlilləri göstərir ki, 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək Bakının təkrar mənzil bazarında satış üçün təklif olunan mənzillərin sayı təxminən 17 faiz artaraq 7 mini keçib. Lakin klassik bazar iqtisadiyyatında təklifin artmasının qiymətlərin azalmasına səbəb olacağı gözləntisi bu halda özünü doğrultmur.
Əsas səbəb ondan ibarətdir ki, bazarda təklif artsa da, tələbin artım tempi daha yüksəkdir. Nəticədə yeni təklif bazara daxil olan alıcı sayını qarşılamağa kifayət etmir və qiymətlər yüksəlməkdə davam edir".
Qurumun nümayəndəsi vurğulayıb ki, son illər mənzil bazarında alıcı davranışı da əhəmiyyətli dərəcədə dəyişib:
"Daşınmaz əmlak artıq yalnız yaşayış ehtiyacını ödəyən aktiv deyil, eyni zamanda kapitalın qorunması və gəlir əldə olunması baxımından ən etibarlı investisiya alətlərindən biri kimi qiymətləndirilir. İnvestorlar və vətəndaşlar inflyasiyadan qorunmaq, vəsaitlərini daha təhlükəsiz aktivdə saxlamaq məqsədilə daşınmaz əmlaka üstünlük verirlər. Bu isə bazarda tələbi davamlı şəkildə yüksək saxlayan əsas amillərdəndir.
Son bir ildə qiymət dinamikası bunu açıq şəkildə təsdiqləyir. Belə ki, 2025-ci ilin aprel ayına olan göstəricilərə əsasən, Bakıda yeni tikili mənzillərdə orta satış qiyməti hər kvadratmetr üzrə 2300-2400 manata, köhnə tikililərdə isə 2000-2050 manata yüksəlib. Bu, cəmi bir il ərzində yeni tikililərdə hər kvadratmetr üzrə orta hesabla 300 manata yaxın, köhnə tikililərdə isə təxminən 200 manat artım deməkdir. Başqa sözlə, sahəsi 100 kvadratmetr olan mənzilin dəyəri yeni tikili seqmentində orta hesabla 30-35 min manat, köhnə tikili seqmentində isə 20 min manata yaxın bahalaşıb".
O bildirib ki, mənzil bazarında qeydə alınan qiymət artımı ölkədəki ümumi inflyasiya səviyyəsini də əhəmiyyətli dərəcədə üstələyir.
"İllik inflyasiya təxminən 5-6 faiz təşkil etdiyi halda, mənzil bazarında bahalaşma müxtəlif seqmentlər üzrə 10-17 faiz arasında dəyişir. Bu göstəricilər daşınmaz əmlakın investorlar üçün hələ də ən cəlbedici və etibarlı investisiya istiqamətlərindən biri olduğunu göstərir".
Ekspertin fikrincə, qiymətlərin yüksəlməsinə təsir edən mühüm amillərdən biri də tikinti sektorunda maya dəyərinin artmasıdır.
Tikinti materiallarının bahalaşması, logistika xərclərinin yüksəlməsi və əməkhaqlarındakı artım yeni layihələrin xərc strukturunu əhəmiyyətli dərəcədə dəyişib:
"Tikinti şirkətləri əvvəlki maya dəyəri ilə yeni mənzillər təklif edə bilmirlər. Yeni tikililərdə formalaşan yüksək qiymətlər isə təbii olaraq zamanla təkrar mənzil bazarına da transfer olunur və ümumi qiymət səviyyəsini yüksəldir".
Günay İsmayılqızı hesab edir ki, paytaxtda həyata keçirilən söküntü və yenidənqurma layihələri də bazarda tələbi artıran mühüm amillər sırasındadır.
"Kompensasiya alan vətəndaşların böyük hissəsi əldə etdikləri vəsaiti yenidən mənzil alışına yönəldirlər. Bu proses bazara əlavə alıcı axını yaradır və qiymətlərə yüksələn istiqamətdə təsir göstərir. İpoteka kreditləşməsinin genişlənməsi də bazarda aktivliyi artırıb. İpoteka imkanlarının genişlənməsi daha çox ailənin mənzil bazarına daxil olmasına şərait yaradır. Tələb artdıqca qiymətlərin azalması üçün iqtisadi zəmin zəifləyir. Hazırkı bazar şəraitində tələb hələ də əsas hərəkətverici qüvvə olaraq qalır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:57 / 14.07.2026
Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...
Hazırda oxunan: Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...
Hazırda oxunan: Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...
625141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































