Uşaqlara təhlükəsiz internet mühiti yaratmaq üçün ZƏRURİ TƏLƏBLƏR

Uşaqlara təhlükəsiz internet mühiti yaratmaq üçün ZƏRURİ TƏLƏBLƏR

Hazırda oxunan: Uşaqlara təhlükəsiz internet mühiti yaratmaq üçün ZƏRURİ TƏLƏBLƏR

616511

İnternet və rəqəmsal texnologiyalar artıq həyatımızın bütün sahələrinə dərindən inteqrasiya olunub. Ünsiyyət, təhsil, əyləncə, alış-veriş və hətta dövlət xidmətləri artıq böyük ölçüdə virtual platformalar üzərindən həyata keçirilir. Xüsusilə sosial şəbəkələr müasir cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilərək davranış modellərinə, informasiya axınına və ictimai münasibətlərə birbaşa təsir göstərən əsas vasitələrdən birinə çevrilib.

Bu proses uşaqlar və yeniyetmələrin həyatında daha qabarıq hiss edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlar zəka genini kimdən alır? - Araşdırma


Rəqəmsal texnologiyalarla çox erkən yaşlarda tanış olan yeni nəsil günün əhəmiyyətli hissəsini virtual mühitdə keçirir. Lakin texnologiyanın yaratdığı imkanlarla yanaşı, onun doğurduğu risklər də sürətlə artır. Son illərdə dünyanın müxtəlif ölkələrində məktəblərdə zorakılıq halları, yeniyetmələr arasında aqressiyanın artması, rəqəmsal asılılıq və psixoloji problemlər sosial medianın təsirlərini qlobal gündəmdə müzakirə mövzusuna çevirib.

Bir sözlə, sosial şəbəkələr artıq yalnız kommunikasiya vasitəsi deyil. Bu platformalar insanların psixoloji davranışına təsir göstərən, ictimai rəyə yön verən və bəzi hallarda təhlükəli meyllərin yayılmasını sürətləndirən geniş təsir mexanizminə çevrilib. Xüsusilə uşaqların və yeniyetmələrin psixoloji inkişaf mərhələsində olması onları rəqəmsal təsirlərə qarşı daha həssas edir.

Rəqəmsal inkişaf və yeni sosial reallıq

Azərbaycan da son illərdə rəqəmsal transformasiya sahəsində regionun ən fəal ölkələrindən biri kimi çıxış edir. Dövlət xidmətlərinin elektronlaşdırılması, internet infrastrukturunun genişləndirilməsi, optik şəbəkələrin ən ucqar yaşayış məntəqələrinə qədər çatdırılması və e-hökumət həllərinin geniş tətbiqi ölkədə rəqəmsal inkişafın prioritet istiqamətə çevrildiyini göstərir.

Hazırda ölkə əhalisinin demək olar ki, hamısı internet istifadəçisidir. Smartfonlardan istifadə səviyyəsi də olduqca yüksəkdir. Rəqəmsal İnkişaf Konsepsiyasının, “2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı”nın təsdiqlənməsi, Rəqəmsal İnkişaf Şurasının yaradılması və süni intellektlə bağlı milli strategiyaların hazırlanması Azərbaycanın gələcək inkişaf modelində rəqəmsal iqtisadiyyatın mühüm yer tutduğunu göstərir.
 

Lakin rəqəmsallaşmanın sürətlənməsi ilə paralel olaraq yeni çağırışlar da meydana çıxır. Ən mühüm məsələlərdən biri uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasıdır. Çünki internet və sosial media uşaqların həyatına nə qədər erkən daxil olursa, risklər də bir o qədər böyüyür.


Sosial medianın görünməyən təsir mexanizmi

Müasir sosial media platformalarının iş prinsipi istifadəçini mümkün qədər uzun müddət sistemdə saxlamaq üzərində qurulub. Platformaların alqoritmləri istifadəçinin maraqlarını, baxdığı videoları, izlədiyi mövzuları analiz edir və ona oxşar məzmunları fasiləsiz şəkildə təqdim edir.

Problem ondadır ki, emosional, qalmaqallı və aqressiv məzmun daha çox diqqət topladığı üçün alqoritmlər məhz bu tip kontenti ön plana çıxarır. Nəticədə zorakılıq, aqressiya və radikal davranış elementləri daşıyan videolar xüsusilə yeniyetmələr arasında sürətlə yayılır.

Psixoloqlar bildirirlər ki, yeniyetməlik dövründə davranışların formalaşmasında müşahidə və təqlid mühüm rol oynayır. Sosial media isə bu prosesi daha da sürətləndirir. ABŞ-da aparılmış araşdırmalara görə, məktəb hücumları törədən şəxslərin böyük hissəsi əvvəlcədən internetdə zorakı və radikal məzmunların mütəmadi izləyicisi olub.

Bu proses artıq beynəlxalq səviyyədə “rəqəmsal radikallaşma” anlayışı ilə xarakterizə olunur. Ən təhlükəli məqam isə bu təsirin çox vaxt uzun müddət gizli şəkildə davam etməsidir.

“Bəyənmə psixologiyası” və uşaqlar üçün səssiz təhlükə
 

Sosial şəbəkələrin yaratdığı risklər yalnız zorakı məzmunla məhdudlaşmır. Virtual platformalarda formalaşan “bəyənmə”, “izləyici sayı”, “trend olmaq” kimi anlayışlar uşaqlarda ciddi psixoloji asılılıq yaradır.


Yeniyetmələr sosial mediada gördükləri filtrdən keçirilmiş həyatlarla öz gündəlik həyatlarını müqayisə etməyə başlayırlar. Bahalı həyat tərzi, süni gözəllik standartları və “ideal həyat” görüntüləri onlarda narazılıq hissi formalaşdırır. Nəticədə özgüvən azalması, sosial təzyiq, narahatlıq və depressiv əlamətlər ortaya çıxır.

Araşdırmalar göstərir ki, 11-15 yaşlı uşaqlar arasında sosial media istifadəsi ilə bağlı problemlər getdikcə artır. Bu problemlər arasında internetdən istifadəyə nəzarətin itirilməsi, gündəlik fəaliyyətlərin pozulması, valideynlərlə konfliktlər və öz görünüşündən narazılıq kimi hallar üstünlük təşkil edir.

Davamlı qısa videolar izləmək diqqəti də zəiflədir. Müəllimlər və valideynlər artıq uşaqlarda kitab oxumağa marağın azalması, məlumatı dərin qavrama qabiliyyətinin zəifləməsi və diqqətin tez dağılması kimi problemlərin geniş yayıldığını müşahidə edirlər.

Fiziki və psixoloji sağlamlığa təsirlər

Uzun müddət ekran qarşısında qalmaq uşaqların fiziki sağlamlığı üçün də ciddi risklər yaradır. Görmə zəifliyi, boyun və onurğa ağrıları, yuxu pozuntuları və fiziki hərəkətsizlik son illərdə ən çox rast gəlinən problemlər sırasındadır.
 

Bundan əlavə, onlayn oyunlar və virtual ünsiyyət uşaqları kibertəhlükələr, manipulyasiya və istismar riskləri ilə qarşı-qarşıya qoyur. Bir çox hallarda azyaşlılar şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşır və təhlükəli təsirlərə məruz qalırlar.


Mütəxəssislər qeyd edirlər ki, erkən yaşlarda həddindən artıq ekran istifadəsi uşaqların nitq inkişafına, sosial ünsiyyət bacarıqlarına və emosional davranışına da mənfi təsir göstərə bilər.

Dünya təcrübəsi: dövlətlər nəzarəti necə gücləndirir?

Son illərdə uşaqların sosial şəbəkələrdə qorunması bir çox ölkədə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dövlətlər artıq bu məsələni yalnız ailədaxili problem deyil, ictimai təhlükəsizlik məsələsi kimi qiymətləndirirlər.

Avstraliya uşaqların sosial şəbəkələrdə qorunması sahəsində ən sərt və diqqətçəkən addımlardan birini atan ölkələrdən hesab olunur. 2024-cü ilin noyabrında ölkə parlamenti 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edib.

Qanuna əsasən, “TikTok”, “Instagram”, “Facebook”, “X” və digər platformalar istifadəçilərin yaşını təsdiqləyən mexanizmlər tətbiq etməli, azyaşlıların yeni hesab yaratmasının qarşısını almalıdır. Qaydalara əməl etməyən platformalar milyonlarla dollar məbləğində maliyyə sanksiyaları ilə üzləşə bilər.

Fransa uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı Avropada ən sərt mövqe nümayiş etdirən ölkələrdən biridir. Ölkədə qəbul edilən qanuna əsasən, 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab yaratması üçün valideyn razılığı məcburi xarakter daşıyır. Platformalar bu razılığın real və etibarlı olduğunu təsdiqləyən texniki mexanizmlər tətbiq etməlidirlər.

Avropa İttifaqında qəbul edilən Digital Services Act (DSA) platformalara ciddi öhdəliklər qoyur. Bu qanuna əsasən, böyük sosial media şirkətləri zərərli və qeyri-qanuni kontenti operativ şəkildə silməli, alqoritmlərin işləmə prinsipləri barədə şəffaflıq təmin etməlidir. Uşaqların qorunması isə prioritet istiqamətlərdən biridir.

Böyük Britaniyada qüvvəyə minən Online Safety Act isə xüsusilə yetkinlik yaşına çatmayanların müdafiəsinə yönəlib. Bu qanun platformaları uşaqlar üçün zərərli kontenti məhdudlaşdırmağa və risk qiymətləndirmələri aparmağa məcbur edir. Qanuna əməl etməyən şirkətlər böyük maliyyə sanksiyaları ilə üzləşə bilər.

ABŞ-da isə yanaşma daha çox platformaların daxili siyasətlərinə əsaslanır. Bununla belə, son illərdə xüsusilə COPPA (Children’s Online Privacy Protection Act) çərçivəsində uşaqların məlumatlarının qorunması və yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı nəzarət gücləndirilib. Eyni zamanda, sosial media şirkətlərinə qarşı ictimai və siyasi təzyiq artmaqdadır.

Çin isə bu sahədə ən sərt modellərdən birini tətbiq edir. Burada yetkinlik yaşına çatmayanların sosial media və oyun platformalarından istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb, real kimliklə qeydiyyat sistemi tətbiq olunur və gündəlik istifadə vaxtına limit qoyulur.

Azərbaycan rəqəmsal təhlükəsizlik siyasətini gücləndirir

Azərbaycanda rəqəmsal texnologiyaların sürətli inkişafı və internet istifadəsinin geniş yayılması uşaqların rəqəmsal mühitdə qorunması məsələsini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Son illərdə ölkədə rəqəmsal transformasiya ilə paralel olaraq kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və uşaqların zərərli məzmunlardan qorunması istiqamətində institusional və hüquqi addımların intensivləşdiyi müşahidə olunur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən fevralın 27-də imzalanan Sərəncamda uşaqların rəqəmsal mühitdə zərərli informasiya və təhlükəli təsirlərdən qorunması ilə bağlı mühüm müddəalar əksini tapıb. Sərəncam çərçivəsində aidiyyəti dövlət qurumlarına sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, uşaqlar üçün təhlükəli məzmunların qarşısının alınması, rəqəmsal platformalarda təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı tapşırıqlar verilib.

Bununla yanaşı, Azərbaycanda “Rəqəmsal İnkişaf Konsepsiyası”nın və “2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planının təsdiqlənməsi dövlətin rəqəmsal təhlükəsizlik məsələlərinə strateji yanaşdığını göstərir. Rəqəmsal İnkişaf Şurasının yaradılması və bu quruma Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi də rəqəmsal transformasiyanın dövlət səviyyəsində xüsusi prioritet hesab olunduğunu nümayiş etdirir.
 

Eyni zamanda, dövlət qurumları tərəfindən rəqəmsal savadlılığın artırılması, kibertəhlükələrə qarşı maarifləndirmə və təhlükəsiz internet istifadəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir.


Rəqəmsal gələcəyin əsas şərti: təhlükəsiz mühit və məsuliyyətli yanaşma

Nəticə etibarilə, Azərbaycan rəqəmsal inkişaf sahəsində yeni mərhələyə daxil olur və bu proses artıq ölkənin ümumi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. İnternetin universal əlçatanlığı, elektron dövlət xidmətlərinin genişlənməsi, süni intellekt və kibertəhlükəsizlik strategiyalarının hazırlanması rəqəmsal transformasiyanın sürətlə davam etdiyini göstərir. Lakin texnoloji inkişafın davamlı və təhlükəsiz olması üçün rəqəmsal imkanlarla sosial məsuliyyət arasında düzgün balansın qorunması vacibdir.

Bu baxımdan uşaqların rəqəmsal təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, zərərli məzmunun filtrasiya olunması, valideyn nəzarəti mexanizmlərinin gücləndirilməsi və məktəblərdə rəqəmsal savadlılığın artırılması artıq zərurətə çevrilib.
 

Son dövrlərdə bu istiqamətdə dövlət səviyyəsində müəyyən addımlar atılsa da, müasir texnoloji çağırışlara uyğun daha effektiv hüquqi və texniki mexanizmlərin formalaşdırılmasına ehtiyac var.


Eyni zamanda, məsələ yalnız qadağa və məhdudiyyətlərlə həll olunmur. Dövlətin tənzimləyici rolu, platformaların məsuliyyəti, valideyn nəzarəti və cəmiyyətin maarifləndirilməsi paralel şəkildə həyata keçirilməlidir. Əsas məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil, onları təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal vətəndaş kimi formalaşdırmaqdır. Məhz bu yanaşma rəqəmsal gələcəyin davamlı və təhlükəsiz inkişafını təmin edə bilər.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO