Almaniya siyasətində tarixi transformasiya yaşanır. 2025-ci il federal seçkilərində ölkənin ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının 20,8 faiz səs toplayaraq ikinci siyasi qüvvəyə çevrilməsi artıq ciddi xəbərdarlıq siqnalı idi. İndi isə bu tendensiya daha da güclənib: 6 sentyabr 2026-cı ildə Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə AfD təxminən 44 faiz səs toplayaraq tarixi qələbə qazanıb.
Bu nəticə ilə AfD ilk dəfə Almaniyanın federal əyalətlərindən birində hökumətə rəhbərlik etmək üçün real siyasi imkan əldə edib. Partiya mütləq çoxluq qazana bilməsə də, 83 mandatlı Landtaqda 39 yer əldə etməsi onu digər partiyalardan böyük fərqlə önə çıxarıb. Mütləq çoxluq üçün isə 42 mandat tələb olunur.
AfD-nin yüksəlişində yeni mərhələ
Xatırladaq ki, 2025-ci ilin fevralında keçirilən Bundestaq seçkiləri AfD üçün tarixi nəticə ilə yadda qalmışdı. Partiya 20,8 faiz səslə ikinci olmuş, 152 mandat qazanmışdı. Halbuki 2021-ci ildə AfD-nin səs faizi 10,4, mandatlarının sayı isə 83 idi. Yəni cəmi bir seçki dövründə partiyanın parlamentdəki təmsilçiliyi 69 mandat artıb.
Saksoniya-Anhaltdakı nəticə isə bu yüksəlişin təsadüfi olmadığını göstərən daha ciddi siqnaldır. Burada AfD 43,8 faiz ətrafında səs toplayaraq ikinci yerdə qərarlaşan Xristian Demokrat İttifaqını (CDU) iki dəfədən çox fərqlə qabaqlayıb. CDU-nun nəticəsi təxminən 17,2 faiz olub. SPD 9,3, Yaşıllar 8,9, Sol Partiya 8,6, Sahra Vaqenknext İttifaqı isə 5,3 faiz səs əldə edib. FDP isə 5 faizlik baryeri keçə bilməyib.
Beləliklə, AfD-nin 2021-ci ildəki nəticəsi ilə müqayisədə səsini iki dəfədən də çox artırması artıq partiyanın Şərqi Almaniyada dominant siyasi qüvvəyə çevrildiyini göstərir.
“Unudulmuş Şərq” faktoru və Rusiya ilə əlaqələr
Saksoniya-Anhaltdakı nəticəni yalnız miqrasiya və təhlükəsizlik məsələləri ilə izah etmək mümkün deyil. Bu əyalət keçmiş Almaniya Demokratik Respublikasının ərazisində yerləşir və Berlin divarının yıxılmasından 36 il sonra belə Şərqi və Qərbi Almaniya arasında iqtisadi, sosial və siyasi fərqlər tam aradan qalxmayıb.
Şərqdə iqtisadi imkanların daha məhdud olması, əhalinin azalması, bəzi regionlardan gənclərin köçü və “Berlin tərəfindən unudulmuşuq” düşüncəsi populist və radikal siyasi qüvvələr üçün münbit zəmin yaradır. Təsadüfi deyil ki, “Reuters” agentliyinin seçkiöncəsi təhlilində də Şərqi Almaniyada Qərblə iqtisadi fərqlərin, keçmiş işsizlik probleminin və mərkəzi hakimiyyətə narazılığın AfD-nin yüksəlişinə təsir edən amillər sırasında olduğu vurğulanırdı.
Məsələ bununla da bitmir. Şərqi Almaniyanın Rusiya ilə tarixi əlaqəsi və keçmiş SSRİ ilə bağlı sosial yaddaş da regionun siyasi davranışına təsir edir. Belə ki, AfD-nin Rusiya ilə münasibətlərin normallaşdırılmasını və Ukraynaya dəstəyin dayandırılmasını müdafiə etməsi müəyyən seçici qruplarında əlavə rəğbət yaradır.
AfD-nin əsas silahı nədir?
AfD-nin seçki kampaniyasının əsas dayaqlarından biri miqrasiya məsələsidir. Partiya qeyri-qanuni miqrasiyanın sərt şəkildə məhdudlaşdırılmasını, deportasiyaların artırılmasını və “remiqrasiya” siyasətini müdafiə edir. Bu yanaşma xüsusilə təhlükəsizlik, sosial təminat və mənzil problemi ilə bağlı narahatlıqları olan seçicilər arasında dəstək qazanır.
Saksoniya-Anhalt bölgəsinin ən maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, əyalət Almaniyanın miqrant əhalisinin nisbətən aşağı olduğu regionlardan biridir. Buna baxmayaraq, miqrasiya məsələsi seçkinin əsas siyasi mövzularından birinə çevrilib.
İqtisadi vəziyyət də mühüm amildir. Almaniya iqtisadiyyatının son illərdə zəifləməsi, sənaye sektorundakı problemlər, enerji xərcləri və yüksək inflyasiyanın yaratdığı narahatlıq ənənəvi partiyalara etimadı azaldıb. Nəticədə seçicilərin bir hissəsi “sistem partiyaları”na alternativ axtarır. AfD isə özünü məhz belə partiya kimi təqdim edir.
Almaniyanın siyasi “firewall”ı sınaqda
AfD-nin 44 faizə yaxın səs toplaması ilə əsas məsələ artıq partiyanın seçkidə qalib gəlməsi deyil. Çünki partiyanın təkbaşına hökumət qurmaq üçün mandatı çatmır. Lakin digər partiyalar indiyədək AfD ilə koalisiyanı rədd ediblər. Alman siyasətində bu yanaşma “firewall” – siyasi “təhlükəsizlik divarı” kimi tanınır. İndiyədək bu divar AfD-nin federal və əyalət səviyyəsində hakimiyyətə gəlməsinin qarşısında əsas maneə olub.
Lakin Saksoniya-Anhaltdakı nəticə bu strategiyanı daha böyük təzyiq altında qoyur. Çünki seçicilərin təxminən yarısına yaxın hissəsinin səsini alan siyasi qüvvəni hökumətdən kənarda saxlamaq getdikcə daha mürəkkəb siyasi məsələyə çevrilir. Sahra Vaqenknext İttifaqının namizədi Klaudiya Vittiqin AfD ilə konkret məsələlər üzrə əməkdaşlığa açıq olduğunu bildirməsi də vəziyyəti daha da mürəkkəbləşdirir. Əgər AfD hansısa formada hökumətin qurulmasında iştirak edə bilsə, bu, II Dünya Müharibəsindən sonrakı Almaniyanın siyasi tarixində ciddi tabu qırılması olacaq.
Merts üçün ağır zərbə və 1933-cü il ssenarisi
Saksoniya-Anhalt seçkisinin digər mühüm tərəfi nəticənin kansler Fridrix Mertsin rəhbərlik etdiyi CDU üçün ağır məğlubiyyət olmasıdır.
CDU 2021-ci ildə bu əyalətdə 37,1 faiz səs toplamışdı. İndi isə partiyanın göstəricisi 17 faizə düşüb. Bu, sadəcə regional məğlubiyyət deyil. Federal səviyyədə də CDU-nun AfD ilə rəqabətdə çətinlik çəkdiyi bir vaxtda Şərqi Almaniyadakı bu nəticə Mertsin siyasi kursuna dair sualları və narahatlıqları artırır.
Almaniyada AfD-nin yüksəlişi qaçılmaz olaraq ölkənin tarixi təcrübəsini də gündəmə gətirir. 1933-cü ildə Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyası seçkilərdə qələbə qazanaraq iqtidara gəlmişdi.
Bu tarix Almaniya üçün xüsusilə həssas məsələdir. Ən tragikomik məqam isə ondan ibarətdir ki, Saksoniya-Anhalt üzrə AfD regional kəşfiyyat orqanı tərəfindən təsdiqlənmiş sağ ekstremist təşkilat kimi təsnif edilir. AfD isə bu qiymətləndirməni rədd edir.
AfD-nin qələbəsi Avropaya necə təsir edə bilər?
Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatıdır və burada siyasi kursun dəyişməsi yalnız ölkədaxili proses deyil.
AfD-nin miqrasiya siyasəti Aİ-nin ümumi miqrasiya və sığınacaq siyasətinə təzyiqi artıra bilər. Partiyanın Ukraynaya dəstəyə skeptik yanaşması və Rusiya ilə münasibətlərin normallaşdırılmasını müdafiə etməsi isə Avropanın təhlükəsizlik arxitekturasına təsir edə biləcək potensiala malikdir.
Bu səbəbdən Saksoniya-Anhalt seçkisi Fransa, Polşa və digər Avropa ölkələrində də diqqətlə izlənilir. “Reuters”in məlumatına görə, nəticə artıq Avropanın bir sıra siyasi dairələrində narahatlıq yaradıb.
Çünki Avropada son illərdə ifrat sağçı və populist partiyaların güclənməsi fonunda Almaniyadakı proses domino effekti yarada bilər. Əgər AfD 2029-cu il federal seçkilərinə qədər indiki yüksəliş dinamikasını qoruyarsa, növbəti Bundestag seçkisi Almaniya siyasətində tamamilə yeni balans yarada bilər.
2029-cu il seçkilərinə gedən yol
Saksoniya-Anhalt seçkisinin ən mühüm nəticəsi AfD-nin artıq yalnız etiraz partiyası olmamasıdır. 2025-ci ildə partiya federal parlamentdə 152 mandat əldə etməklə Almaniyanın ikinci böyük siyasi qüvvəsinə, 2026-cı ildə isə bir əyalətdə 44 faizə yaxın nəticə göstərərək iqtidara real namizədə çevrildi.
İndi əsas məsələ digər partiyaların AfD-ni hökumətdən kənarda saxlamaq qabiliyyətinin nə qədər güclü olacağına bağlıdır. Əgər siyasi əməkdaşlıq üçün ilk qapı açılarsa, bu, Almaniyanın onilliklərdir formalaşmış siyasi konsensusunda tarixi dəyişiklik olacaq.
Görünən odur ki, AfD Almaniyanın siyasi sisteminin kənarında dayanan etiraz qüvvəsindən hakimiyyət uğrunda mübarizənin əsas iştirakçısına çevrilir. Partiya bu templə yüksəlməyə davam etsə, rəqibləri isə ciddi siyasi nəticə qazana bilməsə, 2029-cu il seçkilərində AfD-nin qələbə qazanaraq iqtidara gəlmək ehtimalı kifayət qədər böyükdür.
Bizim.Media-nın analitik qrupu

































































































