Şərq insanı olaraq dəbdəbəni sevdiyimizdən varlı-kasıb hamı bəhsəbəhslə şadlıq məclislərinə dəyişiklik etmək, bununla da fərqlənmək istəyir. İndiyədək toylarımızda müxtəlif şou formatlı rəqslərimiz vardı, indi də daha biri əlavə olundu: toya bəyin “robot dostu” dəvət olunur. Sosial şəbəkələrdə yayılan videolarda humanoidin toyda qol götürüb oynaması gündəm olub. Belə görünür ki, dünya humanoidlərdən işçi qüvvəsi kimi səmərəli istifadə edir, biz isə ortaya salıb oynadırıq.
Toyunuzu sadələşdirin dedik, robotlaşdırdılar
İşin digər tərəfi də odur ki, insanlarımızı maarifləndirməyə çalışdıqca ki, israfdan qaçın, sadə mərasimlə pulunuz da cibinizə qalsın, “bir günlük xoşbəxtlik” yarışına milyonlar tökməyin, daha sadə, daha səmimi edin, tam tərsini görürük.
Dünənə qədər hansısa məşhur müğənnini borc-xərc övladının toyuna gətizdirən ata indi də “gözümün ağı-qarası bircə oğlum var, onun toyunda robot qol götürmədi ha, gözüm açıq gedər” deyib əhd edəcək. İşbazlar da marıta dayanıb, dərhal robotlu şou ideyaları təklif edəcəklər: mahnı oxuyar, şeir deyər, gəlinin belinə qırmızı bağlayar, millət olaraq kreativ fikirlərlə zənginik.
Maraqlıdır ki, bu yeni adət köhnə bazara necə təsir edəcək?
Onsuz da son dövrlərdə toy biznesində 10 faiz bahalaşma var. Lakin belə görünür ki, daim yenilənən toylarımız yeni ideyalar sayəsində daha da bahalaşacaq. Toylarımızda israfı azaltmaq əvəzinə, sadəcə israfın formasını dəyişirik.
Şadlıq evlərinin administratorları deyirlər ki, hələki trend olaraq robot geniş vüsət almayıb. Restoran administratoru Elşən Qəhrəmanov Bizim.Media-ya bildirdi ki, hələlik çalışdığı və tanıdığı şadlıq evlərinə zəng edib maraqlananlar var:
“Əsasən qiymətini soruşurlar. Amma biz, robot şousu ilə məşğul olmuruq deyə, onları qane edəcək cavab verə bilmirəm. Ümumiyyətlə, ölkəyə necə gətirilir, hara müraciət olunur onunla da maraqlanmamışıq. Amma yaxın gələcəkdə böyük maraq yaranarsa, təbii ki, müştərilərimizi itirməmək və onları məmnun etmək üçün biz də trendə qoşulmalı olacağıq”.
Toy adətlərimiz dəyişir
Toy mütəxəssisinin sözlərinə görə, robot trendinin qiymətləri qaldırması qaçılmazdır. Çünki robotu gətirməklə iş bitmir: onun idarəçiliyi, bizim milli rəqslərə, dilimizə proqramlaşdırması, digər texniki xidmətlər əlavə xərc tələb edir.
Hələlik isə bizə yalnız təəssüflə yeni tendensiyanı oturub müşahidə etmək qalır. Bu gün robot, sabah dron şousu və s. və daha neçə yeni texniki atraksionları izləyəcəyik, işıq sürəti ilə dəyişən “toy standartı”larına isə qələmin gücü çatmır.
Şəfiqə Şəfa, Bizim.Medi



































































































