Ötən həftə Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərdə baş verən silahlı hücumlar təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırdı. Lakin məsələ təkcə fiziki təhlükəsizliklə məhdudlaşmır. Bu hadisələr daha dərin bir problemin – rəqəmsal mühitdə formalaşan zorakılıq və aqressiya tendensiyasının real həyatda təzahürünün göstəricisi kimi qiymətləndirilir.
Məhz bu fonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media ilə bağlı verdiyi açıqlamalar xüsusilə diqqət çəkir.
Sosial media artıq təhlükəsizlik məsələsidir
Ərdoğan çıxışında sosial şəbəkələrdə yayılan yalan, manipulyativ və zorakılığı təşviq edən kontentin qarşısının alınmasının zəruriliyini vurğulayaraq bu sahənin artıq milli təhlükəsizlik komponentinə çevrildiyini açıq şəkildə bəyan edib.
Onun fikrincə, bu cür məzmun yalnız fərdlərə deyil, cəmiyyətin psixoloji sabitliyinə təsir edir, qorxu və təşviş yaradır, hətta bəzi hallarda terror metodologiyası ilə üst-üstə düşür. “Bu cür canilər yalnız qan tökməyi deyil, cəmiyyətdə çaxnaşma yaratmağı hədəfləyir” mesajı problemin mahiyyətini aydın şəkildə ortaya qoyur.
Prezident sosial mediada yaş məhdudiyyətlərinin tətbiqi, platformalar üçün şəxsiyyət doğrulama öhdəliyi və VPN istifadəsinə qarşı texniki tədbirlərin gücləndirilməsi kimi konkret addımların vacibliyini qeyd edib. Xüsusilə 15 yaşdan aşağı istifadəçilərin sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması təşəbbüsü diqqət çəkir.
Dünya təcrübəsi: dövlətlər necə reaksiya verir?
Sosial mediaya nəzarətin gücləndirilməsi yalnız Türkiyənin gündəmində deyil. Bir çox ölkələr artıq bu sahədə konkret addımlar atmağa başlayıb.
Avropa İttifaqında qəbul edilən Digital Services Act (DSA) platformalara ciddi öhdəliklər qoyur. Bu qanuna əsasən, böyük sosial media şirkətləri zərərli və qeyri-qanuni kontenti operativ şəkildə silməli, alqoritmlərin işləmə prinsipləri barədə şəffaflıq təmin etməlidir. Uşaqların qorunması isə prioritet istiqamətlərdən biridir.
Böyük Britaniyada qüvvəyə minən Online Safety Act isə xüsusilə yetkinlik yaşına çatmayanların müdafiəsinə yönəlib. Bu qanun platformaları uşaqlar üçün zərərli kontenti məhdudlaşdırmağa və risk qiymətləndirmələri aparmağa məcbur edir. Qanuna əməl etməyən şirkətlər böyük maliyyə sanksiyaları ilə üzləşə bilər.
ABŞ-da isə yanaşma daha çox platformaların daxili siyasətlərinə əsaslanır. Bununla belə, son illərdə xüsusilə COPPA (Children’s Online Privacy Protection Act) çərçivəsində uşaqların məlumatlarının qorunması və yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı nəzarət gücləndirilib. Eyni zamanda, sosial media şirkətlərinə qarşı ictimai və siyasi təzyiq artmaqdadır.
Çin isə bu sahədə ən sərt modellərdən birini tətbiq edir. Burada yetkinlik yaşına çatmayanların sosial media və oyun platformalarından istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb, real kimliklə qeydiyyat sistemi tətbiq olunur və gündəlik istifadə vaxtına limit qoyulur.
Bu nümunələr göstərir ki, sosial mediaya nəzarət artıq qlobal trendə çevrilib və hər ölkə öz siyasi və sosial modelinə uyğun yanaşma formalaşdırır.
Türkiyə modeli: kompleks yanaşma
Rəcəb Tayyib Ərdoğanın çıxışında diqqət çəkən əsas məqam problemin çoxşaxəli xarakterinin xüsusi vurğulanmasıdır. O, şiddət mədəniyyətinə qarşı mübarizənin yalnız hüquqi tədbirlərlə mümkün olmadığını vurğulayaraq ailə, məktəb, sosial mühit və medianın birlikdə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Türkiyə liderinin “Biz evin bir otağında olarkən digər otaqdakı uşaqlarımızın rəqəmsal dünyada nə ilə məşğul olduğunu bilmirik” fikri müasir valideynlik modelinin qarşılaşdığı çətinliyi açıq şəkildə ifadə edir. Bu fikir günümüzdə bəzi uşaqların valideynlərindən daha çox, sosial şəbəkələrdən “tərbiyə” aldığı reallığını da ortaya qoyur.
Alqoritmlər və zorakılığın “görünməyən yayılması”
Müasir sosial media platformalarının əsas problemi onların alqoritmik strukturu ilə bağlıdır. İstifadəçi hansı kontenti izləyirsə, sistem ona daha çoxunu təqdim edir. Lakin bu model emosional və aqressiv məzmunu daha çox önə çıxarır.
Nəticədə zorakılıq elementləri daşıyan videolar geniş auditoriyaya yayılır və xüsusilə yeniyetmələr bu kontentin təsiri altına düşür. Araşdırmalar göstərir ki, sosial mediada yayılan zorakı məzmunun böyük hissəsi kontekstsiz təqdim olunur. Bu isə zorakılığın normallaşmasına gətirib çıxarır.
Psixologiyada sosial öyrənmə nəzəriyyəsinə əsasən, yeniyetmələr davranışlarını müşahidə və təqlid yolu ilə formalaşdırır. Sosial media isə bu prosesi sürətləndirən əsas vasitəyə çevrilib.
Məktəbə hücumların tez-tez yaşandığı ABŞ-da aparılan araşdırmalara görə, məktəb hücumları törədən şəxslərin təxminən 80%-i hücumdan əvvəl internetdə radikal və ya zorakı kontentlərlə təmasda olub.
Bəzi hallarda isə bu hücumlar “model davranış” kimi qəbul edilir. Rəqəmsal mühitdə isə bu təsir daha təhlükəli formaya keçir – zorakılıq edən şəxslər mediada geniş tanınır və bu, qeyri-ixtiyari şəkildə “məşhurluq effekti” yaradır.
Bu proses - “rəqəmsal radikallaşma” tədricən baş verən və çox vaxt gec aşkar olunan bir təhlükədir.
Azərbaycan təcrübəsi
Məlum olduğu kimi, Türkiyədə baş verən hadisələr Azərbaycanın informasiya məkanında da geniş rezonans doğurdu. Ölkədə internet istifadəçilərinin sayının yüksək olması və gənclər arasında sosial medianın geniş yayılması bu risklərin lokal mühitdə də mövcud olduğunu göstərir.
Bu baxımdan Azərbaycanda uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı atılan addımlar, o cümlədən yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı təşəbbüslər mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən fevralın 27-də Sərəncam imzalanıb. Sərəncamda sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi məsələsi də daxil olmaqla bir sıra mühüm məqamlar öz əksini tapıb.
Sosial mediaya nəzarət zərurəti
Yuxarıda sadalanan faktlar və tendensiyalar göstərir ki, rəqəmsal mühit artıq yalnız kommunikasiya platforması deyil, davranış formalaşdıran, psixoloji təsir yaradan və bəzi hallarda real təhlükələrə zəmin hazırlayan bir sistemə çevrilib. Bu səbəbdən sosial mediaya yanaşma da dəyişməlidir: burada söhbət təkcə azadlıqdan deyil, məsuliyyət və nəzarət balansından gedir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi mesajlar məhz bu reallığın siyasi ifadəsidir. Yaş məhdudiyyətləri, kimlik doğrulama mexanizmləri, zərərli kontentin qarşısının alınması və platformaların məsuliyyətinin artırılması kimi tədbirlər artıq seçim deyil, zərurət kimi önə çıxır. Dünya təcrübəsi də təsdiqləyir ki, bu sahədə boşluq qaldıqca, alqoritmlər və nəzarətsiz məzmun həmin boşluğu təhlükəli şəkildə doldurur.
Eyni zamanda, nəzarət yalnız inzibati və texniki tədbirlərlə məhdudlaşmamalıdır. Bu, paralel şəkildə maarifləndirmə, valideyn iştirakının artırılması və təhsil sistemində rəqəmsal savadlılığın gücləndirilməsi ilə tamamlanmalıdır.
Bugünkü çağırış aydındır: sosial medianı öz axarına buraxmaq cəmiyyət üçün ciddi təhdidlər yaradır. Onun üzərində sistemli, davamlı və texnoloji cəhətdən adekvat nəzarət mexanizmləri qurulmadan rəqəmsal mühitdə formalaşan risklərin real həyatda ağır nəticələr doğurmasının qarşısını almaq mümkün olmayacaq.
Bizim.Media-nın analitik qrupu
































































































