Göyçayda gün ərzində müşahidə olunan güclü külək şəhərin müxtəlif ərazilərində bir sıra fəsadlara səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, küləyin təsiri nəticəsində şəhərin ayrı-ayrı küçə və ərazilərində iri və xırda gövdəli ağaclar aşıb. Xoşbəxtlikdən hadisələr zamanı xəsarət alan olmayıb və hər hansı əmlaka ciddi ziyan dəyməyib.
Ağacların aşması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Göyçay Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Şəhər Təsərrüfat Birliyinin Yaşıllaşdırma sahəsinin əməkdaşları ərazilərə cəlb olunublar.
Əməkdaşlar tərəfindən aşmış ağacların doğranaraq ərazidən götürülməsi, həmçinin küçə və keçidlərdə yaranan maneələrin aradan qaldırılması istiqamətində operativ işlər görülüb.
Güclü küləyin təsiri şəhərin elektrik təsərrüfatında da özünü göstərib. Belə ki, müxtəlif ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda şəhərin müxtəlif ərazilərində vəziyyətə nəzarət olunur və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir.



Bizim.Media, Aran bürosu

































































































