Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib - FOTO

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib - FOTO

Hazırda oxunan: Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib - FOTO

616123

“Azerbaijan International Mining Company Limited (AIMC)" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.

Bu barədə Bizim.Media-ya AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, “Dəmirli” Filiz Emalı Kompleks ərazisində arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib:

"Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınıb".

AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb.
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayonun Göytəpə kəndi ərazisində “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda 2 arxeoloji abidə qeydə alınıb:


"Monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə qeydə alınmışdı. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulubdur, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır".
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO