Xəyyam Məmmədov: “Azərbaycanda daşqın hadisələrinin sayı artıb”

Xəyyam Məmmədov: “Azərbaycanda daşqın hadisələrinin sayı artıb”

Hazırda oxunan: Xəyyam Məmmədov: “Azərbaycanda daşqın hadisələrinin sayı artıb”

614089

"İqlim dəyişikliklərinə uyğunlaşma bizim əsas prioritetlərimizdən biridir".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə qeyd edib.

“Son illərdə bu istiqamətdə bir çox tədbirlər görülüb və bu gün iqlim dayanıqlılığının artırılması üçün müxtəlif göstəricilər açıqlanır. Bu, əsasən dövlətin su resurslarının idarə olunması ilə bağlıdır. Biz hazırda Azərbaycanın Milli Su Strategiyası və digər dövlət inkişaf proqramları üzərində işləyirik.

Bizim işimiz Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə iqlim fəaliyyəti və ətraf mühitin qorunmasına dəstək verməkdir. Eyni zamanda, beynəlxalq təşkilatlar, dövlət qurumları və özəl sektorla birlikdə yeni adaptasiya layihələri hazırlayırıq".

Xəyyam Məmmədov qeyd edib ki, Azərbaycanda daşqın hadisələrinin sayı artıb.

Onun sözlərinə görə, quraqlıq, daşqınlar və güclü yağışlar kimi ekstremal hava hadisələri artıq gələcəyin problemi deyil:

"Onlar daha tez-tez baş verir və hər il daha da ciddi xarakter alır. Bu hadisələr infrastruktura ziyan vurur, iqtisadiyyata təsir edir və insanların həyat keyfiyyətini aşağı salır. Su sektoru iqlim dəyişikliklərindən ən çox təsirlənən sahələrdən biridir. Bir çox ölkələr kimi, Azərbaycan da bu sahədə ciddi risklərlə qarşılaşır və buna görə uyğunlaşma əsas prioritetlərimizdən biridir.

Əvvəllər Azərbaycanda hər il təxminən 10-20 daşqın hadisəsi baş verirdisə, bu gün həmin rəqəm dəfələrlə artıb. Daşqınları, selləri daha yaxşı proqnozlaşdırmaq məqsədilə avtomatlaşdırılmış monitorinq sistemləri, GIS texnologiyaları və real vaxt məlumatlandırma sistemləri tətbiq olunur.

Biz həm də elektron su məlumat bazaları yaradırıq. Həmçinin infrastruktur layihələrinə, xüsusilə su anbarlarının tikintisinə investisiya yatırılmağa davam edilir. Bəzi regionlarda yeni su anbarları inşa olunur və bu, su ehtiyatlarının toplanmasına xidmət edir. Şəhərlərin qorunması üçün ən vacib məsələlərdən biri effektiv erkən xəbərdarlıq sistemləridir.

Növbəti 4–5 il ərzində biz bu sahədə genişmiqyaslı layihələr həyata keçirməyi planlaşdırırıq. Bu layihələr BMT, ətraf mühit proqramları və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə icra olunacaq və daşqın risklərinin azaldılmasına kömək edəcək”.

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO