Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

Hazırda oxunan: Instagram-da böyük “təmizlik”: Məşhurlar milyonlarla izləyici itirdi

611753

Instagram tarixinin ən böyük “təmizlik” kampaniyalarından birini həyata keçirib.

Bizim.Media xəbər verir ki, nəticədə yüz minlərlə hesabın izləyici sayı kəskin azalıb. Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər izləyici sayında qəfil eniş müşahidə ediblər.

Sosial şəbəkələrdə bu proses “2026-cı ilin böyük təmizliyi” kimi müzakirə olunur.
 

Meta hələlik məsələ ilə bağlı ətraflı rəsmi açıqlama verməyib. Lakin bir neçə mənbənin məlumatına görə, söhbət real istifadəçilərin kütləvi şəkildə abunəlikdən çıxmasından deyil, platformanın bot, saxta, satın alınmış və qeyri-aktiv hesabları silməsindən gedir.


Məlumata görə, Instagram gecə saatlarında yeni moderasiya strategiyası çərçivəsində hesabların silinməsi dalğasına başlayıb.

Silinən hesablar arasında botlar, avtomatlaşdırılmış profillər, üçüncü tərəf servisləri vasitəsilə alınmış izləyicilər, qeyri-aktiv hesablar və “qeyri-autentik davranış” şübhəsi yaradan profillər olub.

Threads istifadəçilərinin yazdıqlarına görə, qısa müddət ərzində milyonlarla hesab deaktiv edilib. Bu isə bir çox bloqer və məşhurun statistikasında ciddi azalma yaradıb.

Kiçik və orta kontent yaradıcılarında izləyici itkisi təxminən 2-5 faiz təşkil edib. Ən böyük zərbə isə iri ictimai səhifələrə dəyib. Çünki belə profillərdə botların payı adətən daha yüksək olur.

Məlumatlara görə, ən çox izləyici itirən şəxs futbolçu Kriştiano Ronaldo olub. Onun hesabından təxminən 18 milyon izləyicinin silindiyi bildirilir.

Argentina millisinin ulduzu Lionel Messi də ciddi itki ilə üzləşib. Onun izləyici sayının təxminən 515 milyondan 507 milyona düşdüyü, yəni 8 milyon azaldığı qeyd olunur.

Digər məşhurlar arasında da böyük itkilər qeydə alınıb. Məlumatlara görə, Kayli Cenner 15 milyona qədər, BLACKPINK təxminən 10 milyon, Selena Qomez isə 6 milyon izləyici itirib.
 

Ekspertlər bildirirlər ki, bu proses izləyici sayının azalması kimi görünsə də, əslində real auditoriyanın itirilməsi demək deyil. Bu, daha çox şişirdilmiş statistikanın təmizlənməsi kimi qiymətləndirilir.


Instagram-ın bu addımı izləyici sayının süni artırılmasına qarşı mübarizə, spam və botların filtrdən keçirilməsi, qeyri-aktiv hesabların silinməsi və tövsiyə alqoritmlərinin yenilənməsi ilə əlaqələndirilir.

Bildirilir ki, platforma həmçinin istifadəçi davranışlarını analiz edən və koordinasiyalı qeyri-autentik fəaliyyəti aşkarlayan yeni süni intellekt sistemlərini sınaqdan keçirir.

Beləliklə, “Instagram Bot Purge 2026” son illərin ən böyük platforma təmizliyi kimi qiymətləndirilir. Bu proses dünyanın ən populyar hesablarına belə təsir etsə də, real nəticə daha “təmiz” auditoriya mənzərəsinin formalaşmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO