Lənkəran və Lerik rayonlarında baş verən yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin Bizim.Media-nın Cənub bürosuna verdiyi məlumata görə, 30 noyabr 2024-cü il tarixində saat 18:20 radələrində Lənkəran şəhərində baş vermiş yol qəzasında bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çatdırılıb.
Yaralıya ilkin tibbi xidmət göstərilib və vəziyyətinin ağırlığı səbəbindən müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Həmin gün saat 18:45-də Lerik rayonunun Günəşli kəndində baş vermiş yol qəzasında xəsarət alan iki kişi isə xəstəxanaya çatdırılıb. Onlara da zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu