Tarını silaha dəyişən şəhidin doğum günü qeyd OLUNDU – FOTO  

Tarını silaha dəyişən şəhidin doğum günü qeyd OLUNDU – FOTO  

Hazırda oxunan: Tarını silaha dəyişən şəhidin doğum günü qeyd OLUNDU – FOTO  

153569

Ağdamda şəhid Elvin İsizadənin doğum günü qeyd olunub. 

Bizim.Media xəbər verir ki, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri onun məzarı önünə toplaşaraq öz ehtiramlarını bildiriblər. 

Çıxış edənlər əsgər İsizadənin keçdiyi döyüş yolundan, hələ uşaq yaşlarında onun Vətənə bağlılığından geniş söhbət açıblar.

Həmçinin bildirilib ki, Elvin Azim oğlu İsizadə 2001-ci il sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində doğulub. Elvin orta təhsillə yanaşı musiqi məktəbində tar ixtisası üzrə oxumağa başlayıb. Tar sənətinin sirlərinə dərindən sahib olmaq istəyən E.İsizade 2018-ci ildə kollecə qəbul olub.

Bir il sonra isə könüllü olaraq hərbi xidmətə yollanır. Tarını silaha, musiqi sənətini isə hərbə - Vətən torpaqlarının işğaldan azad edilməsinə qurban verən igid əsgərin döyüş yolu məhz elə Füzuli torpaqlarından başlayıb. Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Bir zamanlar bir milli musiqi əsərinin daha yaxşı ifası üçün Elvinin pərdələrdə gəzdirdiyi barmaqları tətik çəkib güllə atır.
Vətəni yağı tapdağından qurtarır. Necə deyərlər, milli musiqimizin yenidən o torpaqlarda səslənməsində haqq-pay sahibi olur. Elvin oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Evin tək oğul övladı olan şəhid Elvinin valideynləri kədərlərinin dərin olduğu qədər də, qürurlu olduğunu dilə gətirib, övladları ilə fəxr etdiklərini deyirlər. İndi muğamın beşiyi, musiqinin oylağı olan Qarabağ torpaqları azaddır.

Artıq Cıdır düzündə "Bayatı Şiraz", "Qarabağ şikəstəsi" səslənir. Təbii ki, hər səslənəcək musiqidə Elvinin də tarının səsi eşidiləcək... 

Xatırladaq ki, şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO