27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

Hazırda oxunan: 27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

638899

2020-ci il 27 sentyabr. 44 günlük Zəfər dastanının başladığı, uzun illər ərzində formalaşmış status-kvonun dəyişdirildiyi tarixi mərhələnin başlanğıcı... 

Həmin gün Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı 44 gün 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığına qovuşması ilə yekunlaşdı.

Təbii ki, 27 sentyabrın tarixi önəmini yalnız 44 günlük müharibənin xronologiyası ilə izah etmək mümkün deyil. Bu tarixə aparan yol təxminən otuz il davam edən işğal, diplomatik proses, beynəlxalq vasitəçilik mexanizmlərinin fəaliyyətsizliyi, hərbi təxribatlar müşayiət olunmuşdu.

Beləliklə, 27 sentyabra aparan proses uzun illər ərzində yığılan siyasi, hərbi və diplomatik ziddiyyətlərin son həddə çatması ilə formalaşmışdı.

Otuz illik status-kvonun kölgəsində

1980-ci illərin sonlarından başlayan proses 1990-cı illərin əvvəlində Ermənistan-Azərbaycan müharibəsinə çevrildi. Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsi işğal olundu, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz məhv edildi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr kağız üzərində qaldı, icrası təmin olunmadı. 

Azərbaycan uzun müddət münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. Lakin prosesin nəticəsiz qalması zaman keçdikcə danışıqların mahiyyəti ətrafında suallar doğururdu. Bakı üçün əsas məsələ işğal faktının aradan qaldırılması olduğu halda, status-kvonun qorunması problemin həllini getdikcə daha da çətinləşdirirdi.

ATƏT-in Minsk Qrupu isə münaqişənin həlli üçün bir addım belə atmadı, yalnız prosesi uzatmaqla məşğul oldu. Beləliklə, diplomatiyanın uzanan yolu zamanla özü ayrıca problemə çevrildi: münaqişə həll olunmur, işğal isə faktiki olaraq davam edirdi.

Danışıqlar masasından sərtləşən ritorikaya

2018-ci ildə Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsindən sonra danışıqlar prosesində yeni yanaşmalar ortaya çıxdı. Ermənistan rəhbərliyinin əvvəlki danışıqlar çərçivəsinə münasibəti dəyişdi. 2019-cu ilin avqustunda Paşinyanın Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır – nöqtə” ifadəsi isə danışıqların faktiki olaraq bitməsi demək idi.
Azərbaycan Prezidenti İlham Əliyev bu bəyanata tarixə yazılmış “Qarabağ Azərbaycandır – nida işarəsi!” fikri ilə cavab verdi.


Bu iki ifadə sonrakı dövrün siyasi mənzərəsinin simvolik ifadəsinə çevrildi. Bir tərəfdən ərazi iddiasını ifadə edən yanaşma, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən mövqe qarşı-qarşıya gəlirdi.

Bundan əvvəl, 2019-cu ilin fevralında Ermənistanın müdafiə naziri David Tonoyanın səsləndirdiyi “yeni müharibə, yeni ərazilər” yanaşması da vəziyyətin yalnız siyasi ritorika səviyyəsində qalmadığını göstərirdi. Bu bəyanat Ermənistanın hərbi strategiyasının dəyişməsinin, yeni təxribat hazırlıqlarının siqnalı idi.

Tovuz döyüşləri – 44 günlük savaşa gedən yol

2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər vəziyyəti daha da gərginləşdirdi. Bu hadisə mühüm strateji kommunikasiya xətlərinin və Azərbaycanın dövlət sərhədinin təhlükəsizliyi məsələsini ön plana çıxardı.

Tovuz hadisələri göstərdi ki, qarşıdurmanın mümkün nəticələri yalnız Qarabağla məhdudlaşmır. Azərbaycan-Gürcüstan sərhədinə, enerji və nəqliyyat infrastrukturlarına yaxın ərazidə yaranan gərginlik regionun ümumi təhlükəsizlik sisteminə təsir edə biləcək xarakter daşıyırdı.

Həmin dövrdə Azərbaycan Ermənistanın yeni hərbi eskalasiyaya hazırlaşdığı barədə beynəlxalq ictimaiyyəti xəbərdar edirdi.

2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında Ermənistanın hərbi hazırlıqları ilə bağlı faktları bütün dünyaya çatdırdı:

“Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu xəbərdarlıqdan cəmi üç gün sonra cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatlar başladı.

27 sentyabr – qırılma nöqtəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə zərbələr endirməsindən sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başladı. Sonradan “Dəmir Yumruq” adı ilə yadda qalacaq bu əməliyyat 44 günlük Vətən müharibəsinə çevrildi.


Müharibənin ilk günündən etibarən hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatik mübarizə də paralel şəkildə aparıldı. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətləri cəmiyyətin müharibə haqqında məlumatlandırılmasında mühüm rol oynadı.

Sentyabrın 27-də, müharibənin ilk saatlarında İlham Əliyev xalqa müraciət etdi və tarixə yazılan bu fikirləri səsləndirdi:

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Sonrakı günlərdə döyüşlərin coğrafiyası genişləndi. Azərbaycan Ordusu bir-birinin ardınca yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü. Prezidentin xalqa müraciətləri isə hərbi əməliyyatların gedişi ilə paralel olaraq davam etdi.

“Status-kvo”nun dağıldığı günlər

Oktyabrın 9-da Prezident İlham Əliyev xalqa müraciətində 30 il ərzində formalaşmış hərbi-siyasi vəziyyətin dəyişdiyini bəyan etdi:

“Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

Bu sözlər eyni zamanda illərlə dəyişməz qalan ədalətiz hərbi-siyasi düzənin dağıldığını göstərirdi.

Müharibənin gedişində Azərbaycan Ordusu hərbi istehkamlar, müdafiə xətləri və mürəkkəb relyef şəraitində irəliləyirdi. Prezident oktyabrın 20-də xalqa müraciətində hər bir yaşayış məntəqəsinin azad edilməsinin hansı çətinliklərlə müşayiət olunduğunu belə izah edirdi:
“Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir”.

Bu mərhələdə müharibənin taleyini müəyyən edən əsas hadisələrdən biri isə Şuşanın azad edilməsi oldu.

Şuşa – Zəfərin zirvəsi

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılan günlərdən birinə çevrildi. Sonradan hərbi dərsliklərə düşən Şuşanın azad edilməsi əməliyyatı müharibənin hərbi-siyasi gedişində həlledici an idi.

Həmin vaxt Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa növbəti dəfə müraciət edərək, qürurla, sevinc göz yaşları ilə xatırladığımız tarixi Zəfəri elan etdi:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Biz səni dirçəldəcəyik!”


Şuşanın azad edilməsindən sonra hərbi vəziyyətin inkişafı artıq son mərhələyə daxil oldu. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bununla hərbi əməliyyatların aktiv mərhələsi dayandırıldı.

Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları da hərbi əməliyyat aparılmadan azadlığına qovuşdu.

44 gündən dərs çıxarmayan Paşinyan

2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayandırılması münaqişə ətrafında bütün problemlərin avtomatik həll olunması demək deyildi. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının qalması, qanunsuz silahlı birləşmələrin mövcudluğu və Azərbaycanın suverenliyinə dair məsələlər sonrakı mərhələnin əsas problemlərinə çevrildi.

2022-ci ildə Fərrux istiqamətində, həmin ilin avqustunda isə “Qisas” əməliyyatı çərçivəsində baş verən hadisələr Azərbaycanın öz ərazisində təhlükəsizlik məsələsinə verdiyi əhəmiyyəti göstərdi.

2022-ci il Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sonrakı proseslərdə Qarabağdakı separatçı strukturlara dəstəyini davam etdirdi. Yenə də Qarabağa silahlar daşınır, separatçılara hər cür maddi-texniki dəstək verilirdi. 2023-cü il sentyabrın 2-də Paşinyanın separatçı qurumun “müstəqillik bəyannaməsinin qəbul günü” ilə bağlı təbrik müraciəti isə Ermənistan Baş nazirinin sülhlə bağlı fikirlərinin sadəcə sözdə olduğunu sübuta yetirdi. 

19 sentyabr – son mərhələnin başlanğıcı

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın məqsədi Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulması və konstitusiya quruluşunun bərpası idi. Əməliyyat 24 saatdan bir qədər artıq müddətdə əsas hərbi nəticəyə gətirib çıxardı. Qarabağdakı qanunsuz silahlı birləşmələr silahı yerə qoydu.


Əgər 27 sentyabr 2020-ci il Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsinin azad edilməsinə aparan yolu açmışdısa, 19–20 sentyabr 2023-cü il ölkənin bütün ərazisi üzərində dövlət suverenliyinin bərpası ilə nəticələndi.

Sentyabrın 28-də separatçı qurumun fəaliyyətini dayandıracağını elan etməsi ilə Azərbaycanın ərazisində uzun illər mövcud olmuş qondarma rejimin fəaliyyəti də faktiki olaraq başa çatdı.

Müharibədən sülhə gedən yeni mərhələ

2023-cü ilin sentyabr əməliyyatlarından sonra Ermənistan-Azərbaycan münasibətlərinin əsas gündəmi artıq iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına keçdi.

Azərbaycanın mövqeyində əsas xətt dəyişmirdi: dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı tanıması sülh prosesinin əsas prinsiplərindən biri kimi irəli sürüldü.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı. Bununla hərbi qarşıdurmadan sonrakı dövrdə münasibətlərin hüquqi-siyasi çərçivəyə salınması istiqamətində yeni mərhələ başlandı.

Beləliklə, 2020-ci ilin sentyabrından başlayan proses təkcə hərbi nəticələrlə yekunlaşmadı. Qarabağda suverenliyin tam bərpasından sonra Azərbaycanın təşəbbüsü ilə sülh prosesi də aktiv mərhələyə qədəm qoydu.

27 sentyabrın tarixi yaddaşımızdakı yeri

27 sentyabr Azərbaycan üçün bir tarixdən daha artıq məna daşıyır. Bu gün otuz ilə yaxın davam edən işğal reallığının dəyişdirilməsinə aparan hərbi mərhələnin başlanğıcını ifadə edir.

Bu tarixdən 42 gün sonra Şuşa azad edildi, 10 noyabr bəyanatı ilə hərbi əməliyyatların aktiv mərhələsi dayandırıldı, sonrakı aylarda Ağdam, Kəlbəcər və Laçın Azərbaycana qaytarıldı. Üç il sonra – 2023-cü ilin sentyabrında isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi.

Beləliklə, 27 sentyabr yalnız bir müharibənin başlanğıcı kimi deyil, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ardıcıl zəfərlərinin başladığı gün kimi tarixə qızıl hərflərlə yazıldı. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən hər il 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Artıq 6-cı ildir ki, 27 sentyabrda Azərbaycan xalqı Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini dərin hüzn, eyni zamanda böyük qürurla yad edir. 

Vətən uğrunda canını, qanını fəda edən qəhrəmanlarımızın adları Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillər onların əmanəti olan Vətənimizi göz bəbəyi kimi qoruyacaqlar.

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO