Ermənilərin Qafqaz Albaniyasını “elmi” işğalı necə dayandırıldı?
Ermənistanın Azərbaycana qarşı müharibəsi sovetlər dövründə ideoloji planda başlamışdı. Tariximizin saxtalaşdırılması, Azərbaycan ərazilərinə iddia, xüsusən də Azərbaycanın tarixi xristian irsinə sahiblənmək istiqamətində sistemli kampaniya hələ ötən əsrin 70-80-ci illərində ermənilər tərəfindən aparılırdı. 1980-ci illərdə Azərbaycan elmi dairələri erməni yalanlarına qarşı cavab xarakterli tədqiqat materialları ortaya qoydu.
Bu ideoloji təxribata qarşı Azərbaycan elmi “cəbhəsinin” önündə o zaman mərhum akademik Ziya Bünyadov dayanırdı. Ermənilərin Qafqaz Albaniyası irsinə iddialarına qarşı o dövrün ən tutarlı elmi əsəri isə 1986-cı ildə “Elm” nəşriyyatında rus dilində işıq üzü görmüş Tarixçi-alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” adlı monoqrafiyası idi. Erməni kilsə dili olan Qrabarın Azərbaycanda tək bilicisi olan F.Məmmədova tarixi mənbələrə, o cümlədən, orta əsr erməni müəlliflərinə istinad edərək, Albaniya torpaqlarının Atropatena ilə birlikdə tarixi Azərbaycan coğrafiyasını təşkil etdiyini sübut edirdi. Əsər SSRİ elmi dairələrində o qədər geniş rezonans doğurdu ki, ermənilər F.Məmmədova və onun əsərinə qarşı kampaniya başlatmış, bir sıra ermənipərəst müəlliflər, o cümlədən, SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini A. N. Saxarov əsəri və müəllifini millətçilikdə ittiham etmişdi.
İşğalın tarixi-dini cəhətdən legitimləşdirmə strategiyası
Bu elmi mübahisədən az keçmədi ki, Ermənistanın Azərbaycana qarşı hücumları ideoloji təbliğat müstəvisindən çıxaraq silahlı münaqişəyə çevrildi. 1980-ci illərin sonunda Ermənistandan azərbaycanlıların deportasiyası və ardınca Qarabağda müharibə başladı. Paralel olaraq Azərbaycanda milli-azadlıq hərəkatı və ölkə daxilindəki siyasi gərginlik ideoloji cəbhədəki erməni hücumlarını arxa plana keçirsə də, bu mövzu növbəti dəfə 1994-cü il atəşkəsindən sonra aktuallaşdı.
1990-cı illərin ortaları, Qarabağda atəşkəs yeni imzalanıb. Azərbaycan dövləti daxili siyasi çalxalanmalar, 1 milyon qaçqın və məcburi köçkün, dağılmış iqtisadiyyatla çarpışdığı bir vaxtda erməni lobbisi ideoloji planda Azərbaycana qarşı yeni hücum dalğası başlatdı. Ermənilərin iki əsas məqsədi artıq dəyişmişdi:
Birincisi - işğala haqq qazandırmaq üçün Qarabağın nəinki bölgənin, bütün “erməni sivilizasiyasının” “xristian qəlbi” kimi təqdim etmək; bu müqəddəs xristian torpağının “vəhşi müsəlmanlara verilməsinin” mümkünsüzlüyünü beynəlxalq xristian dairələrinə, Qərb ölkələrinin şüuruna dini-psixoloji səviyyədə həkk etdirmək. Beləliklə, beynəlxalq hüquqa zidd olan Qarabağın işğalını mənəvi-normativ müstəvidə “legitimləşdirmək”.
Bu ideoloji təxribata elmi don geyindirmək üçün beynəlxalq erməni lobbisi xətti ilə Matenadaranda xüsusi tədqiqatlar sahəsi maliyyələşdirilir, “TITUS Project”, Frankfurtun Goethe University kimi mötəbər elmi mərkəzlər cəlb edilir, İrəvanda keçirilən beynəlxalq konfranslara xarici alimlər dəvət edilirdi.
Beynəlxalq erməni mərkəzlərinin “Qafqaz Albaniyası layihəsi”nin bir başqa məqsədi də Azərbaycanın Şimal bölgələrində yaşayan azsaylı xalqları tarixini saxtalaşdırmaq, onların Azərbaycan türkləri ilə deyil məhz ermənilərlə ortaq tarixi və dini dəyərlərə malik olmasını aşılamaqla, Azərbaycanda yeni separatizm dalğalarını tarixi müstəvidə təşviq etmək idi. Bu fəaliyyətlərdə isə artıq lobbi “operativnikləri” ilə yanaşı, erməni xüsusi xidmətlərinin izi sezilirdi.
Görünməyən qəhrəmanlar işə qarışır
Məhz bu səbəbdən bu təhlükəli prosesi yaxından izləyən və necə deyərlər, ilk “görən” Azərbaycanın yeni qurulmuş xarici kəşfiyyatı oldu. Prosesi həm Azərbaycan daxilində, həm də danışıqlar prosesində milli maraqlarımız üçün ciddi milli təhlükəsizlik məsələsi kimi dəyərləndirən və ölkə rəhbərliyi qarşısında həyəcan təbili çalan Baş Kəşfiyyat idarəsi az keçmədi həm də praktik olaraq işə qarışır.
Kəşfiyyatın o illərdə gördüyü bütün işləri üzərində “məxfilik” qrifi hələ götürülməyib, lakin bu nəcib işin Azərbaycan milli elminə, həmçinin ideoloji immunitetinin yaranmasına verdiyi töhfələrin bir qisminə artıq qiymət verilə bilər.
O illərdə bu işlərə rəhbərlik etmiş, hətta təqaüdə çıxandan sonra, ömrünün sonunadək bu sahədə tədqiqatlar aparmış dəyərli ziyalımız mərhum Elxan Ələsgərovla illər sonra etdiyimi söhbətlərdən anladım ki, kəşfiyyatımız o illərdə milli alimlərimizin Qafqaz Albaniyası mövzusunda əsərlərinin beynəlxalq müstəviyə çıxarılması, xarici ölkələrdəki obyektiv Albanşünas alimlərlə ölkə tarixçiləri arasında əlaqələrin yaradılması, bu prosesin nəticəsində obyektiv araşdırmaların xarici dini-siyasi mərkəzlərinin diqqətinə çatdırılması üçün mühüm işlər görmüşdir.
Mərhum Elxan müəllim xatırlayırdı ki, məhz kəşfiyyatçıların 90-cı illərin sonunda dövlət başçısı Heydər Əliyevə məruzələri son nəticədə dövlət xətti ilə Albanşünaslıq tədqiqatlarının yenidən canlanmasına, həmçinin Alban xristian irsinə onun həqiqi varislərinin yiyə çıxmasına ciddi təkan vermiş oldu. 2000-ci ilin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Fəridə Məmmədovanın rəhbərliyi altında “Alban İrsini Araşdırma Mərkəzi” təsis olundu və həmin ilin 21-22 may tarixlərində “Qafqaz Albaniyasının etnomədəni irsi” mövzusunda I Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Azərbaycanla yanaşı Avstriya, Belçika, Türkiyə, Fransa, İngiltərə, Gürcüstan, Ukrayna və Rusiyadan tanınmış alimlərlə yanaşı, xarici dövlətlərin səfirliklərinin nümayəndələri, ictimai və mədəniyyət xadimləri, udin icmasının nümayəndələri, müxtəlif dini qurumlar iştirak edir. Növbəti 2001-ci ilin 6–7 noyabr tarixlərində isə “Qafqaz Albaniyasının Tədqiqi Mərkəzi” tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti və həmçinin Norveç Humanitar Təşkilatı ilə birgə Bakıda “Qafqaz Albaniyası Kilsəsi” mövzusunda Beynəlxalq elmi simpozium təşkil edildi.

Elxan müəllim deyirdi ki onun həmkarları bu işə bir peşə zərurəti kimi deyil vətənpərvərlik borcu məsələsi kimi baxırdılar, işlərin gedişatına şəxsən mütəmadi əsasda baş kəşfiyyat idarəsinin rəisi Eldar Məmmədəliyev nəzarət edir, çətin anlarda inzibati resursunu işə salırdı.
Bütün bu proseslər hələ 1997-ci ildə Udinlərin qurduğu “Orayin” (“Bulaq”) milli mədəni-maarif cəmiyyəti əsasında Alban-Udin Xristian icmasının qurulması və dövlət qeydiyyatına alınmasına təkan verir. Elmi fəaliyyətlər nəticəsində dünya ictimaiyyətinə tanıdılan Alban-Udin kilsəsinin bərpası yolunda isə onun Qüds Pravoslav Kilsəsi tərəfindən rəsmi olaraq təsdiqlənməsi Alban xristianlığının keşməkeşli salnaməsində tarixi addım olur.
Bu addım nəinki Alban kilsəsinin ermənilər tərəfindən Çar Rusiyası vasitəsilə hələ 19-cu əsrdə zəbt edilmiş kimliyinin bərpası, həmçinin Pravoslav kilsələri arasında gedən nüfuz rəqabətindən qorunması demək idi. Məhz bu səbəbdən Alban-Udin Kilsəsi dünyada tanınmağa başladı, 2002-ci ildə isə Roma Papası II İohann Pavelin Bakıya səfəri zamanı ölkənin udin icmasının nümayəndəsi papaya alban xaçı təqdim etdi. Bu hadisə alban etnomədəni irsinin dövlətin mühafizəsi altında olduğunu bütün dünyaya nümayiş etdirdi.

“Alban irsi” üzərində qara buludlar
Ancaq sovet dövründə olduğu kimi, Azərbaycan müstəqilliyi dövründə Alban-Udin irsinin bərpası ciddi müqavimətlə qarşılaşır. Xaricdə erməni diasporu, daxildə isə Rusiyanın təsirində olan qüvvələr müxtəlif bəhanələrlə bu təşəbbüsü gözdən salmağa çalışırdılar. Bu prosesə ən böyük zərbə isə MTN-də yuvalanmağa başlamış Eldar Mahmudovun “OBXS” dəstəsi tərəfindən oldu. Həmsöhbətlərimin xatirələrinə görə E.Məmmədəliyev kəşfiyyat rəisi postunda olduğu müddətdə bu işin vacibliyini müdafiə etsə də, onun vəzifədən uzaqlaşdırlması ilə bu prosesə rəsmi qadağa qoyuldu.
Hətta MTN-nin yeni şefinin “tarixçi başbilənlərinin” fitvasi ilə Fəridə Məmmədovaya qarşı hücumlar, təqiblər başlayır, haqqında qaralama kampaniyası aparılır. Yalnız 2006-cı ildə Aviasiya Akademiyasına işə keçən Fəridə Məmmədova proseslərdən uzaqlaşaraq, tənqidlərdən qorunmağa nail olur.
Albanşünaslıq tədqiqatlarında yeni mərhələ
Lakin bütün təzyiq və təxribatlara baxmayaraq 2000-lərin əvvəlində başlanan prosesin qarşısını almaq mümkün olmur. Heydər Əliyev Fondunun dəstəyi ilə və Fondun prezidenti Mehriban Əliyevanın yüksək beynəlxalq şəxsi nüfuzu hesabına Azərbaycan tədqiqatçıları Alban kilsəsinin irsinin Vatikan arxivlərində araşdırmaq, yeni sənədləri üz çıxarmaq imkanı əldə edirlər. Bu sənədlər əsasında Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasında fəaliyyət göstərən Protoierey Mefodi tərəfindən aparılan tədqiqat işinin rolunu qeyd etmək olar.
2012-ci ildən başlayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Alban-Udin icmasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mütəmadi işlər həyata keçirilir, icma rəhbərlərinin beynəlxalq xristian tədris mərkəzlərində təhsil alması təmin edilir. 2013-cü ildə isə DQİDK tərəfindən Alban Həvari Kilsənin yaradılmasının 1700 illiyini qeyd olunur.

Bu gün Alban Xristian Kilsəsi irsi gündəmdədir və ümid edirik ki, bu, həm ölkədə Albanşünaslığın, həm də dünyada Alban Xristian Kilsəsinin tanıdılması, Azərbaycan tarixinin öyrənilməsinə daha tutarlı və böyük xidmət edəcəkdir. Bu gün artıq Alban Xristian Kilsəsinə məxsus 100-lərlə abidə erməni işğalından azad edilib və bu tədqiqatların gələcəyin ümidlə baxmağa xidmət edir. Lakin gələcəyə baxarkən bu prosesdə rolu olmuş alimlərimizin və dövlət adamlarımızın da xidmətləri unudulmmamalıdır. Onlardan biri, mərhum Elxan Ələsgərov xüsusi xidmət orqanlarından istefaya getdikdən sonra da “Qafqaz Albaniyası”, “Qafqaz” Araşdırma Mərkəzlərinin təsisçisi kimi ömrünün sonunadək Qafqaz Albaniyası irsinin təbliğ etmişdir. Bu sahədə böyük xidmətləri olmuş Elxan müəllimin xatirəsini dərin hörmətlə yad edirik.
Bu günlərdə isə 75 yaşını qeyd edən Azərbaycan kəşfiyyatının ilk rəisi Eldar Məmmədəliyevə zəngin fəaliyyəti üçün təşəkkürümüzü bildiririk, can sağlığı, uzun ömür arzu edirik.
Kənan Rövşənoğlu

- A-
- A
- A+
Siyasət
11:39 / 26.09.2026
Azərbaycan kəşfiyyatının milli kimliyimizə tarixi töhfəsi
Hazırda oxunan: Azərbaycan kəşfiyyatının milli kimliyimizə tarixi töhfəsi
Hazırda oxunan: Azərbaycan kəşfiyyatının milli kimliyimizə tarixi töhfəsi
638838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































