Bu fikirləri Moderator.az-a açıqlamasında Ədalət Partiyası sədrinin İdeoloji məsələlər üzrə müavini Heydər Oğuz Rüstəm İbrahimbəyovun Qərb ölkələrində yüksək səviyyəli görüşlər keçirdiyi üçün ölkəyə hələ gələ bilmədiyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
Ədalət yetkilisinə görə, hakimiyyət məsələsinin xaricdə müəyyənləşdirilməsinin açıq şəkildə etirafı demokratik dəyərlərə, xalqımızın milli ruhuna, suverenlik haqlarına təhqirdir və bunu yalnız müxalifət də etmir:
“Əksinə, indiki hakimiyyətin apardığı 20 illik siyasət bu cür ənənənin formalaşmasına zəmin yaradıb. Təsadüfi deyil ki, bu yaxınlarda mətbuata açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr üzrə şöbənin müdiri Novruz Məmmədov üçüncü dəfə prezidentlik məsələsinin bütün böyük dövlətlərlə razılaşdırıldığı barədə ictimaiyyətə “muştuluq” verdi. Bu açıqlama çox böyük narahatlıq doğurur və istənilən ölkədə nəinki bənzər postda əyləşən, hətta hakim partiyanın sıravi üzvü belə eyni açıqlamanı versəydi, yer yerindən oynayardı. Bizdə isə qeyri-adi heç nə baş vermədi.”
İctimaiyyətin istər hakimiyyət, istərsə də müxalifət tərəfindən açıqlanan bu etiraflara biganəliyini müstəqil dövlətçilik şüurumuzun formalaşmaması və ya onun iflic olunması kimi qəbul edən Heydər Oğuz bunu milli dövlətçilik ənənələri baxımından olduqca qorxunc hal kimi qiymətləndir: “Belə çıxır ki, xarici qüvvələr istədikləri adamı bizim rəhbərliyimizə gətirə və ölkəni istədikləri idarə edə bilərlər. İctimaiyyət isə buna heç bir reaksiya verməz. Bu əslində müstəmləkəçilik şüurundan başqa bir şey deyil və bu şüurun hakim olduğu cəmiyyətin müstəqilliyi sadəcə görüntüdən ibarətdir”.
Ədalət yetkilisinə görə, ölkə taleyini böyük dövlətlərin maraqlarına bağlanmasının bu cür açıq bir dillə ifadə olunması da təsadüfi deyil: “Dünyanın istənilən ölkəsində xarici güc mərkəzlərinin iradəsinə bağlılıq, adətən, inkar olunur. Bir vaxtlar bizdə də elə idi. Hansısa siyasətçini aşağılamaq üçün rusun adamı deyər, yaxud onu “ingilis bayrağı” olmaqda günahlandırardıq. İndisə həm müxalifət, həm iqtidar özlərini kiminsə bayrağı kimi təqdim etmək yarışına giriblər. Kim bilir, bəlkə də xalqı artıq köləliyi, müstəmləkəçiliyi qəbul edən topluma daha yaxşı çevirmək yolunda əllərindən gələni əsirgəməyəcəklərini bu yolla xarici havadarlarına göstərmək istəyirlər”.
Heydər Oğuz hesab edir ki, ictimaiyyət son prezident seçkilərində onu müti qula çevirmək istəyənlərə layiqli cavabı verməli, xaricdən dəstək almalarıyla sevinən tərəflərin heç birinə etimad göstərməməlidir: “Heç kimə bağlı olmayan qüvvələri dəstəkləməli, hakimiyyət başına gətirməlidir. Bu artıq hansısa partiyanı müdafiə etmək yox, Azərbaycan xalqının milli ləyaqət məsələsidir”.
Əməkdaşımızın “elədirsə, sizin partiya hansı tərəfi dəstəkləyəcək?” sualına cavab verən Heydər Oğuz “Ədalət Partiyası seçkilərdə öz namizədiylə iştirak edəcək və bu namizəd böyük ehtimalla, İlyas İsmayılov olacaq”-dedi.



































































































