Əməkdar artist Aybəniz Haşımova yalançı evlilik həyatı yaşadığını etiraf edib. Sənətkar virtualaz.org-a müsahibəsində, əxlaqsız insanlardan yaxa qurtarmaq üçün yalançı evliliyə məcbur qaldığını bildirib: "Yadıma düşəndə dəli oluram. Xalidin yeddisi günü idi. Gecə onun köynəklərini, şalvarlarını yerə töküb hönkür-hönkür ağlayırdım. Az qalırdı ürəyim dayansın. Bu vaxt kimsə bir əclaf, nankor zəng edib məni qorxutdu. Bayaqdan dərddən gözümə yuxu getmirdisə, indi də qorxudan sıxılmışdım bir küncə. Bax, mənim ağır tənhalıq həyatım belə başladı. Onda sonra da belə davam etdi. Qabağa getdim, dedilər bicdir, dala getdim, dedilər gicdir.
Məcbur qaldım adıma ad çıxarım ki, guya ərə getmişəm. Başımın sakit olmasını istəyirdim. Telefonuma mesajlar gəlirdi. Biri yazırdı sevirəm, o biri yazırdı ölürəm. Hərdən əsəb məni boğur, deyirəm ay Xalid, məni, qızını belə yaramaz insanlara etibar edib getdinmi. Bunlara görəmi cavan ömrünü məhv elədin? Ay namussuzlar, ay məni incidən insanlar, mən və qızım sizə bir şəhidin yadigarıyıq. İnsan əmanətə əl uzadıb xəyanət etməz. Canımın dərdindən yalandan ərə getdim. O da alınmadı. Səhv yozuldu. Ər adamın yanında olar axı. Mənə dil uzadanların dilini kəsmək üçün belə yalan hekayə quraşdırmışdım. Demə, burada da səhvə eləmişəm. Hamı deyir evlənmisənsə, ərin hanı. İndi nə deyim, deyim boşanmışam? Axı mənə yaraşmaz. Gündə bir yalanla hara gedəsən? Baş-qulağımın dincliyi üçün gör nələrə əl atdım də. Özüm də bilmədən bəzi vicdansızların üzündən belə bəlalı yollara girdim. Öz millətimdir, necə söyüm, qarğış edim? Olmur axı. Məcbur edirlər ki, pislik elə. Olmaz belə. Bu nə fikirdir cəmiyyətdə ki, tək qalan qadınlar ərə getməlidir? Niyə adına min söz çıxmalıdır? Adam var ki, əri yanında ola-ola min qələtə qol qoyur. İndi mən girmişəm gözlərinə. Belə eləmək olmaz. Tənha qadınların adına niyə söz çıxartmalıdırlar? Allahdan qorxmurlarmı? Vallah, zülmə qalmışam."
Aybəniz xanım Aynişanın atası, Qarabağ döyüşlərində şəhid olmuş Xalid Quliyevlə dini kəbinini hələ də pozdurmadığını söyləyib: "Mən o kəbini heç vaxt pozmaram. Məhz o kəbin göylə bağlanır. Onu heç kimə və heç nəyə dəyişmərəm. Vəsiyyət eləmişəm ki, öləndə məni o kəbin kağızı ilə, o kəbinlə basdırsınlar. O insan mənim üçün hər an var, yaşayır. Mən bu neçə ildə ancaq “o, harasa gedib, bir gün qovuşacağıq” ümidi ilə yaşadım. Əvəz olunmayan, dəyişilməyən insanlar var."



































































































