Mətbuatdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik hörmətli Ramiz Mehdiyevin “Nadir şah Əfşar. Diplomatik yazışmalar”x9d kitabının təqdimatı olduğunu öyrəndim. Mətbuatın yazdığına görə kitab həm Azərbaycan tarixini, həm dövlətçiliyini öyrənmək və təbliğ etmək baxımından, həm də tariximizə və böyük şəxsiyyətlərimizə yiyələnmək, sahib çıxmaqla tariximizi saxtalaşdıranlara və böyük şəxsiyyətlərimizi özününküləşdirmək istəyənlərə qarşı cavab baxımından çox dəyərli bir əsərdi. İnanıram ki, həqiqətən belədir. Çünki həm Nadir şah Əfşar bəşər tarixinin ən böyük sərkərdələrindən və hökümdarlarından biridir, həm də akademik, hörmətli Ramiz Mehdiyevin Azərbaycan tarixinə, dövlətçilik tariximizə və ənənələrimizə, eyni zamanda böyük şəxsiyyətlərimizə doğru yanaşmasını, vətənsevər, millətsevər və obyektiv mövqeyini əvvəlki əsərlərindən bildiyimdən bu kitabının da millətimizin özünüdərkinin, dövlətçilik sevgisinin inkişafı üçün əhəmiyyətli və faydalı olacağına inanıram. Amma kitabın təqdimatı ilə bağlı mətbuatdan oxuduğum bir məsələ məni çox narahat etdi. Mətbuatda verilib ki, kitabın təqdimatı zamanı AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili hörmətli Musa Qasımlı “Nadir şah Əfşarın Şərqin Napoleonu”x9d kimi də tanındığını qeyd edib. “Nadir şah Əfşarın Şərqin Napoleonu kimi tanınması”x9d fikrini AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru və millət vəkili olan hörmətli Musa Qasimli kimi bir şəxsin dilinə gətirməsi, eyni zamanda bu fikri guya Nadir şah Əfşarın böyüklüyünü, şöhrətini, tanınmağını bildirmək baxımından vurğulaması məndə çox acı təəssüf doğurdu. Buradaca qeyd edim ki, hörmətli Musa Qasımlı deyə bilər ki, Nadir şah Əfşarı “şərqin Napoleonu”x9d kimi o adlandırmayıb. Bəli, mən bilirəm ki, bu yararsız, uyğunsuz və aşağılayıcı bənzətməni ilk dəfə hörmətli Musa Qasımlı etməyib. Amma hər halda bu da bir həqiqətdir ki, belə bir qəbul edilməz bənzətməni hörmətli Musa Qasımlı qəbul etməsəydi heç vaxt dilinə gətirməzdi. Deməli hörmətli Musa Qasımlı bu aşağılayıcı bənzətməni qəbul edir ki, bunu da xüsusi olaraq vurğulayır.
Mən xüsusi olaraq vurğuladım ki, bu bənzətmə qəbuledilməzdir və aşağılayıcıdır. Həm dəyərli elm adamı və millət vəkili olan hörmətli Musa Qasımlıya və həm də marağı olan oxuculara Nadir şah Əfşar və Napoleonla bağlı bir neçə qənaətimi bildirmək istəyirəm.
1. Nadir şah Əfşar 1688-ci ildə doğulub 1747-ci ildə dünyasını dəyişib, Napoleon isə 1769-cu ildə doğulub 1821-ci ildə ölüb. Nadir şah Əfşarı dünyasını dəyişəndən 22 il sonra dünyaya gələn bir insana bənzətmək Nadir şahı kiçiltməyə Napoleonu isə böyütməyə xidmət edən bir hərəkətdir. Hörmətli Musa Qasımlı buna diqqət etməli idi.
2. Təqdimatda da deyildiyi kimi Nadir şah Əfşar Hindistanı tutmaq qismət olan üç sərkərdədən biridir, Napoleon isə təəssüf ki bu üçlükdə yoxdur.
3. Nadir şah Əfşar sahəsi 4 mil. kv. km-ə yaxın olan bir imperiya qurduğu halda Napoleonun qurduğu imperiyanın ərazisi bunun yarısından bir az böyük idi.
Mən düşünürəm ki, Napoleonu Nadir şah Əfşara bənzətsəydilər bəlkə də yeri vardı və daha doğru olardı. Amma Nadir şah Əfşarın Napoleona bənzədilməsi heç bir həqiqətə, məntiqə uyğun gəlmir. Məncə Npoleonun Nadir şah Əfşar səviyyəsində olması üçün bir Napoleon da olmalıydı ki arada bərabərlik işarəsi qoymaq qəbuledilən olsun.
Çox pis haldır ki, yabançılar öz xalqlarının tanınmış insanlarını böyütmək və təbliğ etmək üçün hər şeyə əl atır, hətta onlardan qat-qat böyük şəxsiyyətləri özlərininkinə bənzətməklə özlərininkini böyüdüb digərlərini kiçiltdiyi halda bizimkilər də düşünmədən, ağına-bozuna baxmadan yabançıların bu aşağılamalarını təkrarlayır. Deyək ki, dünənə qədər müstəmləkədə idik, haqqımızı tələb edə, sözümüzü deyə bilmirdik. Bəs indi niyə milli mənafeyimizə, dövlətçiliyimizə zidd olan belə şeyləri edirik? Düşünürəm ki, artıq bütün bu hallara son qoymalı, hər şeydə- hər bir sözdə, hər bir fikirdə, hərəkətdə milli mənafeyimizi və dövlətçilik maraqlarımızı qəti şəkildə önə çəkməli və qorumalıyıq.
Bünyamin Qəmbərli


































































































