Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Hazırda oxunan: Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

639600

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin “Silk Road Fund” (SRF - İpək Yolu Fondu) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb.

Bildirilib ki, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
 

"Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Bu yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq.


Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar", - deyə AİH-dən qeyd olunub.

Əlavə edilib ki, fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində mühüm addımdır. AİH və SRF Fond çərçivəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
 

Qeyd edək ki, bu il mart ayının 31-də Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarov və İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbon arasında keçirilən görüşdə investisiya əməkdaşlığı məsələləri müzakirə edilib.


Görüşdə tərəflər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üzrə təşəbbüslər, o cümlədən Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması ətrafında fikir mübadiləsi aparıblar. Sənaye, enerji, maliyyə və digər prioritet sahələrdə investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO