
- A-
- A
- A+
I Nikolayın qızına məxsus çay dəsti Fransada 321 min avroya satıldı
Fransada keçirilən hərracda Rusiya imperatoru I Nikolayın qızı, böyük knyaginya Olqa Nikolayevnaya (1822–1892) məxsus çay və kofe dəsti 321 min avroya satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Dəst Fransanın Nöyi-sür-Sen şəhərində “Aguttes” hərrac evinin təşkil etdiyi satışda alıcı tapıb.
Səkkiz əşyadan ibarət kolleksiya XIX əsrin ortalarına aid nadir rus saray gümüş sənəti nümunəsi hesab olunur. Əvvəlcə lotun qiyməti 40–80 min avro arasında müəyyən edilsə də, komissiya və vergilər daxil olmaqla yekun satış məbləği ilkin qiymətləndirmənin yuxarı həddini dörd dəfədən çox üstələyib.
Dəst 1840-cı ildə Sankt-Peterburqda Karl İohann Teqelsten və Henrix Avqust Lanq tərəfindən imperator sarayına məhsullar tədarük edən “Nicholls & Plincke” zərgərlik şirkəti üçün hazırlanıb.
875 əyarlı qızıl suyuna salınmış gümüşdən hazırlanan dəstə samovar, kofe qabı, çaydan, qapaqlı şəkər qabı, süd qabı, süzgəc, şəkər maşa və böyük oval nimçə daxildir.
Dəst bitki ornamentləri, meyvə çələngləri, ximeraların təsvirləri və şir pəncəsi formasında elementlərlə bəzədilib. Bəzi əşyaların tutacaqları Psixeya obrazını simvolizə edən qanadlı qadın fiqurları şəklində hazırlanıb.
“Aguttes” mütəxəssislərinin qənaətinə görə, bu dəst I Nikolayın qızı Olqa Nikolayevnanın cehizinin bir hissəsi kimi sifariş edilmiş ola bilər. O, 1846-cı ildə Vürtemberq vəliəhdi Karl ilə ailə həyatı qurub. Karl sonradan I Karl adı ilə kral olub.
Məlumata görə, böyük knyaginanın cehizinə təxminən 500 gümüş məişət əşyası daxil olub. Onların bir hissəsi Sankt-Peterburqdakı Faberge Muzeyi də daxil olmaqla Rusiya muzeylərində, digərləri isə şəxsi kolleksiyalarda saxlanılır.
Qeyd edək ki, bundan bir gün əvvəl Romanovlar sülaləsinin kolleksiyasına məxsus nadir sapfirli bilərzik Cenevrədə “Sotheby's” hərracında 4,9 milyon dollara satılıb.
Bundan başqa, “International Autograph Auctions” hərrac evi martın 22-də Rusiya imperatorlarına aid arxiv sənədlərini satışa çıxarıb. Həmin sənədlər arasında imperatriça I Yekaterinanın imzası olan fərman və II Yekaterinanın 1781-ci il dekabrın 31-də imzaladığı sənəd də yer alıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































